İngiltərədə azərbaycanlı cütlüyün 20 milyon dollarlıq sərvəti müsadirə oluna bilər

00:10 - 26 May 2021 - HADİSƏ

Londonda yaşayan azərbaycanlı cütlük 20 milyon dollar məbləğində çirkli pulların yuyulmasında ittiham olunur. 

Oxu.Az xəbər verir ki, onların bank hesablarındakı vəsaitləri və əmlakları müsadirə oluna bilər.
İngiltərənin “Evening standard” nəşri Londonda bir neçə milyon funt sterlinq dəyərində əmlaka sahib olan azərbaycanlı cütlüyün adlarının açıqlanması uğrunda iki ilə yaxındır ki, mübarizə aparır.

Artıq prosesə krallığın Cinayətkarlıqla Mübarizə Milli İdarəsi (NCA) də qoşulub.
Qurum sözügedən cütlüyün adlarının açıqlanması üçün məhkəmə prosesinə tanınmış vəkil Conatan Hollu cəlb edib. Vəkil qarşı tərəfin anonimlik zərurətini əsaslandıra bilmədiyini onə çəkərək, məxfiliyin ləğvini tələb edib.

C.Holl bildirib ki, azərbaycanlı xanım Britaniyada məhdud məsuliyyətli şirkətin direktoru vəzifəsində çalışıb və onun adı ictimaiyyətə açıq mənbələrdə qeyd olunub. Vəkilin sözlərinə görə, cütlük Azərbaycandan gələn maliyyə vəsaitləri üçün həmin MMC-lərdən istifadə edib, sözügedən əməliyyatlara dair kommersiya sənədlərində onların adları və imzaları da yer alıb. Belə vəziyyətdə isə cütlüyün biznes və maliyyə fəaliyyətlərinə dair hər hansı bir xüsusi məxfilik tələb oluna bilməz.

Bundan əlavə, vəkil Holl cütlüyün məhkəmənin qapalı aparılması barədə vəsatətini də rədd edib və bunu “açıq ədalət prinsipinin pozuntusu” kimi qiymətləndirib.

Proses çərçivəsində NCA həmyerlilərimizə aid 10 bank hesabında saxlanılan 6,5 milyon funt-sterlinq məbləğində vəsaiti müsadirə etməyi planlaşdırır. Öz növbəsində, Uestminister mülki məhkəməsi isə ilin sonunadək müsadirə prosesini başlatmaq niyyətindədir.

Qeyd edək ki, hazırda cütlüyün əmlakları və bank hesablarındakı vəsaitləri hüquq-mühafizə orqanlarının göstərişi ilə dondurulub.

Xəbər xətti