Mayın 16-da Rotterdam şəhərinin Ahoy Arenasında "Eurovision 2021" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.
Bu dəfə təşkilatçıların qərarı ilə iştirakçıların məkana daxil olduğu xalça qırmızı yox, Niderlandın tarixən su ilə sıx bağlı olduğunu göstərmək üçün firuzə rəngindədir.
Xalça üzərində yeriyən 34 iştirakçı arasında ölkəmizi təmsil edən Efendi tanınmış dizayner Rüfət İsmayılın hazırladığı uzun don geyinib.
Qeyd edək ki, Polşa və İslandiya nümayəndə heyətlərinin hərəyə bir üzvünün COVID testi müsbət çıxdığı üçün həmin ölkələrin təmsilçiləri mərasimdə iştirak etməyib. Həmçinin İslandiya nümayəndələrilə eyni hoteldə qalan Malta və Rumıniya nümayəndələri də təcrid olunmaq məcburiyyətində qalıb. Avstraliya nümayəndə heyəti də səyahət məhdudiyyəti üzündən Rotterdama gəlməyib.
Xatırladaq ki, müsabiqənin yarımfinal konsertləri mayın 18-də və 20-də, final isə 22-də keçiriləcək. Birinci yarımfinalda 14 nömrə ilə çıxış edəcək Efendi “Mata Hari” mahnısını ifa edəcək.///report