Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiysının (AMEA) vitse-prezidenti İradə Hüseynova deyib.
Onun sözlərinə görə, Azərbaycanda "Qırmızı kitab"ın yeni nəşri ilə bağlı redaksiya heyəti formalaşdırılıb. Yeni nəşrlə bağlı iş proqramı da hazırlanıb: "Proqramda əsas məqsəd nadir və itməkdə olan bitki, göbələk və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, tərtib olunan siyahıların bir daha nəzərdən keçirilməsinin təmin edilməsidir. Artıq mühafizəyə ehtiyacı olmayan növlərin həmin siyahıdan çıxarılması və ehtiyac olan növlərin həmin siyahıya əlavə olunması, həmin növlərin populyasiyasının müəyyənləşdirilməsi, GPS məlumatların dəqiqləşdirilməsi və ətraf mühit faktorlarının təsirinin öyrənilməsi həyata keçiriləcək".
İ.Hüseynova deyib ki, artıq ilkin siyahilar hazırdır: "III nəşrə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur. Yeni nəşrdə göbələk növlərinin sayı da artacaq".
AMEA-nın vitse-prezidenti qeyd edib ki, 30 il müddətində işğaldan azad olunmuş ərazilərdəki məhv olan bitki, göbələk və heyvanların sayı barədə məlumat demək olar yox dərəcəsində idi: "Yeni nəşrdə həmin ərazilərdəki kitaba salınacaq növlərlə bağlı monitorinqlərə başlayacağıq. Artıq Zəngilanda müəyyən marşrutlar üzrə ilkin radio-ekoloji monitorinqlər keçirilib. Botaniki tədqiqatlara cüzi də olsa baxılıb. Su və torpaq nümunələri ilə bağlı ilkin işlər görülüb. Qeyd edim ki, Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var".
Qeyd edək ki, Qırmızı Kitabın III nəşrinin 2023-cü ildə dövlət başçısına təqdim olunması planlaşdırılır.