Neftçala rayonunda dəniz suyu Kür çayına qarışıb. Daha doğrusu, artıq Kür Xəzərə yox, Xəzər Kürə axır.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddə düşüb.
Ötən ilin aprelində çayda suyun orta dərinliyi 162 santimetr təşkil edirdisə, müvafiq dövrdə 109 santimetr olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 santimetr aşağıdır. Odur ki, son 20 gündə dəniz suyu Kür çayının 40 kilometr məsafəsinə qədər irəliləyib. Nəticədə rayonun I Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi yaranıb.
Yaranmış problemin aradan qaldırılması üçün 10-dan çox su maşını ayrılıb. Həmin maşınlar vasitəsi ilə yaşayış məntəqələrində quraşdırılmış 170-ə yaxın çənə su vurulur, əhali də bundan istifadə edir.
Kür çayının şorlaşması kənd təsərrüfatına da öz mənfi təsirini göstərib. Yaz-tarla işlərinin qızğın çağı olmasına baxmayaraq, fermerlər su qıtlığı ilə üzləşməli olublar. Bəzi fermerlər isə əkin sahələrini suvarmaqdan ötrü şor sudan istifadə etmək məcburiyyətində qalıblar.
Hazırda Kür çayında şor suyun əhatə etdiyi 10 nasos stansiyasının 5-i dayandırılıb. Məcburiyyət qarşısında qalan bəzi fermerlərin istəyi ilə nasoslarla kanallara şor su ötürülür.
Mütəxəssislərin fikrincə, vəziyyət bir qədər də belə davam edərsə, rayonda ekoloji təhlükə yarana bilər.