Martın 29-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirilib.
Nazirlikdən verilən məlumata görə, videokonfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşib.
Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, konfransın “Göyçədən türk dünyasına” adlandırılması təsadüfi deyil. Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır.
Mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgər yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını vurğulayıb. Qeyd edib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixində sərəncam imzalayıb. Sərəncama əsasən, ustad sənətkarın yubileyi geniş şəkildə qeyd olunacaq. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanır.
Sonra videokonfrans müxtəlif çıxışlarla davam edib.