İcra başçısı döyüşçülərlə görüşüb
19:17 - 1 Mart 2021 - ÖLKƏ İÇİ
Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edən bir qrup müharibə iştirakçısı ilə görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, İcra başçısı bildirib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi qələbəyə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər.
Azərbaycan Ordusu xalqımıza şərəfli və sevincli anlar yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.
Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verən rayon rəhbəri həmişə onların yanında olduğunu diqqətə çatdırmışdır.
Görüşə gələn Vətən müharibəsi iştirakçıları göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib, şikayət və təkliflərini səsləndiriblər.
Müraciətlər əsasən işlə təminat və digər məsələlərlə bağlı olub. İcra başçısı müharibə iştirakçılarının qaldırdıqları məsələlərin həlli ilə bağlı İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar vermişdir.
Rayon İcra hakimiyyəti olaraq yerli sahibkarlara və işə götürən təşkilatlara da bildirmək istəyirik ki, vakansiya yaranarsa, şəhid və qazi ailələrinin üzvlərini, həmçinin, müharibə iştirakçılarını işlə təmin olunmasında köməklik göstərilsin.