İsmayıllıda rayon rəhbərliyi Vətən Müharibəsinin qəhrəmanları ilə növbəti dəfə görüşüb.
Ucnoqta.az xəbər verir ki, tədbirdə RİH-nin başçısı və icra hakimiyyətinin əməkdaşları iştirak edib. Əvvəlcə Hacıhətəmli kəndində Türk Şəhidliyi ziyarət olunub, gül çələngi qoyulub və dualar oxunub. Sonra Hacıhətəmli, Qalagah, İvanovka kəndlərində və İsmayıllı şəhərində qazilər evlərində ziyarət edilib.
Səmimi söhbətlərlə baş tutan görüşlərdə qazilər şanlı qələbəyə aparan zəfər yolunda yaranan xoş xatirələrindən danışıblar. Qeyd ediblər ki, müharibə vaxtı Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli iradəsi, xalqımızın orduya verdiyi dəstək onları qələbəyə doğru daha da ruhlandırıb. Xüsusilə İsmayıllıdan gələn yardım karvanları çox qürurverici olub.
RİH başçısı müharibə dövründə cəbhədə ifa etdiyi İsmayıllı mahnısı ilə ismayıllıların qəlbini fəth edən Qalagah kənd sakini, döyüşçü Nurlan Həsənlini də evində ziyarət edib. RİH başçısı görüşlərdə bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT Fondu) onların gələcəyinin təminatıdır. Amma hazırda qazilərimizin hansısa problemi, hansısa ehtiyacları varsa təmin etməyə hazırıq. Onlarsa öz növbələrində heç nəyə ehtiyaclarının olmadığını, dövlət tərəfindən lazım olan hər şeylə təmin olunduqlarını bildiriblər.
Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayonun rəhbərliyinə və ictimaiyyətinə təşəkkür ediblər.