Ötən gün ərzində daxili işlər orqanlarının paytaxt şöbələri tərəfindən ikisi Bakının Binəqədi rayonunda olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən hadisələr qeydə alınıb.
Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Dərnəgül qəsəbəsində 13 dekabr, saat 21:00 radələrində 1985-ci il təvəllüdlü yerli sakin Vüsal Kazımov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygün Ruhullayevaya dərinə nüfuz edən bıçaq xəsarəti yetirib. Nəticədə ağır vəziyyətdə olan qadın 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, əri isə Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Biləcəri qəsəbəsində dekabrın 14-nə keçən gecə Oğuz rayon sakini 1980-ci il təvəllüdlü Ceyhun Hüseynov ağır yaralanıb. Zərərçəkən qarın və bud nahiyəsindən iki dəfə nüfuz edən bıçaq yarası alıb və bu səbəbdən o, 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Hazırda əməliyyatçılar cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyir.
Sabunçu rayonunda 13 dekabr eyni adlı qəsəbə sakini, 1972-ci il təvəllüdlü Salik Abuzərov ailə münaqişəsi zamanı kürəkəni, 1995-ci il təvəllüdlü Göyçay rayon sakini Mövsun Qəhrəmanovu qarnından ağır yaralayıb. 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Abuzərov tutulub.