Böyük tədbirlərin uğurla həyata keçirilməsi üçün ilk öncə sağlam təməlin qoyulması vacibdir. İşlərin uğurla reallaşdırılması isə peşəkarların sayəsində mümkündür. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) olaraq bizim üçün ən prioritet məsələ işçilərimizin və könüllülərimizin peşəkarlıq baxımından yarışın təşkilatçılıq işlərinə tam hazırlığıdır. Məhz bu səbəbdən biz, əməliyyat şirkətinin İnsan resursları və işçi qüvvəsi şöbəsi olaraq 2017-ci il mövsümündə baş tutacaq Azərbaycan Qran Prisində fəaliyyət göstərəcək işçi və könüllü heyətinin hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşırıq. Bu il sözügedən hazırlığı ən yüksək səviyyədə ərsəyə gətirmək üçün 2016-cı il mövsümündə Formula 1 könüllülərinin hazırlanması prosesində əldə etdiyimiz təcrübədən yararlanaraq akademiya qurmaq qərarına gəldik.
Yeni qurduğumuz Bakı Şəhər Halqası Akademiyasının qarşısında dayanan ən böyük vəzifə Formula 1 yarışının ən yüksək səviyyədə keçirilməsinə nail olmaqdır. İnanırıq ki, BŞHAkademiyası işçilərin və könüllülərin yarışlara peşəkar hazırlığının daha da gücləndirilməsində əvəzsiz rol oynayacaqdır.
Bildiyiniz kimi, BŞH-da müxtəlif şöbələr var və hər birində gənclərdən ibarət peşəkar komandalar fəaliyyət göstərməkdədir. Bu vəzifələri icra edəcəklərin peşəkar hazırlığını tam təmin etmək üçün akademiyada bir neçə istiqamətdə təlimlər proqramı tərtib etmişik. Yüksək səviyyəli professional təlimçilər tərəfindən müxtəlif istiqamətlər üzrə keçiriləcək bu təlimlərdə işçilərin və könüllülərin şəxsi inkişafının, iştirakçıların peşəkar vərdişlərinin daha da yüksəldilməsinin və komanda işinin gücləndirilməsinin təmin olunması qarşıya əsas məqsəd kimi qoyulub.
Bununla yanaşı BŞH Akademiyası olaraq biz könüllülərimizin böyük hissəsinin gənclərdən ibarət olduğunu nəzərə alaraq onlara da dəstək olmağı unutmuruq. Hesab edirik ki, gənc könüllülərimiz üçün təşkil ediləcəyimiz müxtəlif təlimlər onların gələcək inkişafında əvəzsiz rol oynayacaqdır. Gələcəkdə uğurlu fəaliyyətləri ilə Azərbaycana layiqincə xidmət edəcək gəncləri yetişdirməklə biz həm də ölkəmizdə aparılan gənclər siyasətində yaxından iştirak etməyə çalışırıq.
Bildiyiniz kimi, ötən yay 5 min könüllünün iştirakı ilə Avropa Qran Prisi möhtəşəm şəkildə təşkil edildi. Formula 1 yarışının Azərbaycanda ilk dəfə keçirilməsini nəzərə alaraq biz maksimal sayda könüllüləri cəlb etməklə bu işi uğurla tamamladıq. Qeyd etmək istərdim ki, könüllülərimizin böyük əksəriyyəti məhz azərbaycanlı gənclərdən ibarət idi və bu da ölkəmizdə olan könüllülük mədəniyyətinin yüksək səviyyədə inkişafının göstəricisidir. Gənclərimiz hər sahədə yaxından iştirak edərək ölkəmizi ən yüksək səviyyədə təmsil etməyə çalışırlar.
Daha öncəki təcrübəni nəzərə alaraq 2017-ci ildə təşkil ediləcək Azərbaycan Qran Prisində fəaliyyət göstərəcək könüllülərin sayının 3 min nəfər olması qərara alınmışdır. Artıq müəyyən sahələrdə çalışacaq könüllülərin sayı tam olaraq məlumdur. Bu mövsüm artıq biz könüllülərimizin şəxsi inkişafına daha ciddi diqqət yetirəcəyik.
Könüllülərin dil biliklərinin gücləndirilməsi, onların qarşılaşa biləcəkləri çətinliklərə öncədən tam hazır olmaları və işgüzar fəaliyyətlərində yüksək peşəkarlığın təmin olunması tərəfimizdən qarşıya qoyulan ən vacib məsələlərdəndir. Qeydiyyatın yeni elan edilməsinə baxmayaraq qısa müddətdə 4 mindən çox gənc könüllü olmaq istəyini bildirmişdir və hazırda qeydiyyat davam edir. Bu, müəyyən mənada bizim məsuliyyətimizi daha da artırır. Peşəkar işçi qüvvəsi komandası olaraq qarşımızda duran məsələ ən yaxşıların yaxşılarını seçmək və onları peşəkar işçi səviyyəsinə çatdırmaqdır.
Xüsusilə qeyd etmək istərdim ki, könüllülərimiz arasında 30 yaşdan yuxarı olan şəxslər də var və biz fəaliyyətimizin qurulmasında bu yaş qrupunda olanları da nəzərə almışıq. Akademiyada keçiriləcək təlimlər bu insanları da maraqlandıracaqdır. Bir sözlə, komandamızın peşəkarlığının yüksəldilməsi istiqamətində var gücümüzlə səy göstərəcəyik.
Məlum olduğu kimi, Formula 1 yarışları dünya miqyaslı yarışlardır və bu yarışları yerində canlı izləmək dünyanın hər yanından evsahibi ölkəyə çoxsayda qonaqlar təşrif buyururlar. Könüllülər xaricdən gələn qonaqların qarşılanmasında ölkəmizin ən öndə olan təmsilçiləri kimi çıxış edirlər. Xarici qonaqlarla düzgün ünsiyyətin qurulması və onlara dəqiq məlumatların verilməsi könüllülərin üzərinə düşən əsas məsələlərdəndir. Bu məqsədlə biz akademiya daxilində könüllülər üçün danışıq klubları da təşkil etməyi planlaşdırırıq. Müxtəlif mövzularda keçiriləcək danışıq klublarında könüllülər qonaqlarla düzgün ünsiyyət qurmağı öyrənəcək, yarışlar zamanı onlara olan müraciətləri yerində necə və mümkün olduğu qədər tez həll etməyə dair praktiki biliklər əldə edəcəklər. İnanırıq ki, yeni yaradılmış akademiya uğurlu başlanğıcın təməli olacaq və biz birlikdə daha böyük hədəflərə nail olacağıq.
İranə Əhmədova
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları şöbəsinin və Formula 1 Azərbaycan Qran Prisi Könüllülər Proqramının rəhbəri