Azərbaycan Milli Mətbuatı 150 – dünən, bu gün, sabah...

16:34 - 5 May 2025 - MEDİA

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan "Əkinçi" qəzeti ilə qoyulub.

Bu qəzet yalnız Azərbaycanın deyil, bütövlükdə müsəlman Şərqində ilk demokratik mətbuat orqanı sayılır. 

"Əkinçi"nin tarixi əhəmiyyəti
1875-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzeti əsasən maarifçilik və milli oyanış ideyaları üzərində qurulmuşdu. Həsən bəy Zərdabi qəzet vasitəsilə xalqın savadlanması, elmi biliyin yayılması və ictimai problemlərin qaldırılması üçün çalışırdı. "Əkinçi" sadə və anlaşıqlı dildə yazıldığı üçün geniş oxucu kütləsi tərəfindən qəbul olundu və milli mətbuatın əsasını qoydu.

1880–1891-ci illər arasında Cəlal Ünsüzadənin rəhbərliyi ilə nəşr olunan “Kəşkül” qəzeti Şərq despotizminə və geriliyə qarşı mübarizə aparmış, maarifçilik ideyalarını təbliğ etmiş və mədəni inkişafın vacibliyini vurğulayıb. Bu qəzet dövrünün qabaqcıl mətbuat nümunələrindən biri kimi çıxış edib.
1881–1919-cu illərdə Bakıda rus dilində nəşr olunan “Kaspi” qəzeti də Azərbaycan mətbuatının formalaşmasında mühüm rol oynayıb. Bu qəzetdə dövrün bir çox ziyalıları çıxış edərək ictimai-siyasi və maarifçi fikirləri yayılıb.
1903-cü ildə isə Məhəmməd ağa Şahtaxtlının təşəbbüsü ilə “Şərqi-Rus” qəzeti nəşrə başlamışdır. Bu qəzet Azərbaycan türkcəsində nəşr olunan ilk mətbu orqanlardan biri olmuş və milli oyanış prosesində əhəmiyyətli rol oynamışdır.
1905–1918-ci illər arasında isə Azərbaycan mətbuatında əsl canlanma dövrü başladı. Bu illər ərzində “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “İqbal”, “Açıq söz” və digər qəzet və jurnallar işıq üzü görmüşdür. Həmin nəşrlər əsasən azadlıq, maarifçilik, milli kimlik və modernləşmə ideyalarını cəmiyyətə çatdırmağa çalışmışdır. Xüsusilə “Füyuzat” jurnalı Əli bəy Hüseynzadənin redaktorluğu ilə ictimai fikir tarixində mühüm yer tutmuşdur.
Beləliklə, bu dövr Azərbaycan mətbuatının sürətli inkişaf etdiyi və milli ideyaların formalaşmasında mətbuatın aparıcı rol oynadığı bir mərhələ oldu.

Sovet dövründə mətbuat
Sovet dövründə mətbuat ideoloji nəzarət altında fəaliyyət göstərsə də, bu illərdə Azərbaycan dilində qəzet və jurnalların sayı artdı. Ədəbiyyat, mədəniyyət və elmlə bağlı çoxsaylı nəşrlər ortaya çıxdı. Lakin senzura səbəbilə mətbuat tam müstəqil deyildi.
Hər bir yazı, xəbər və analitik material dövlət tərəfindən təsdiqlənməli idi. Bu, jurnalistikanın azadlığını və cəmiyyətin obyektiv informasiya almasını ciddi şəkildə məhdudlaşdırırdı. Müstəqilliyin ilk illərində də bu sistemin qalıqları hələ mövcud idi.

Müstəqillik dövründə yeni mərhələ
1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanda söz və mətbuat azadlığı sahəsində ciddi dəyişikliklər baş verdi. Özəl qəzetlər, jurnallar, xəbər agentlikləri, televiziya və radio kanalları yarandı. Eyni zamanda internet mediası da sürətlə inkişaf etdi. Lakin mətbuat üzərində senzura “damokl qılıncı” kimi asılmışdı.

1998-ci ildə tarixi addım
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Azərbaycanda mətbuata tətbiq olunan dövlət senzurası rəsmən ləğv edildi. Bu fərmanla mətbuat materiallarının çapdan əvvəl dövlət orqanları tərəfindən yoxlanılması qadağan edildi. Qanunvericilikdə senzuranı təsdiq edən normativlər ləğv olundu. Mətbuatın müstəqil fəaliyyət göstərməsi üçün hüquqi zəmin yaradıldı.

Bu qərar postsovet məkanında ilk belə addımlardan biri idi və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi.
Senzuranın ləğvindən sonra yeni qəzet və jurnalların yarandı. Müstəqil mövqe tutan qəzetlər artdı, jurnalistlərin hüquqları genişləndi. Bu fərmanla mətbuatın məsuliyyətini artırmaqla yanaşı, jurnalistlərin hüquqları da qanunla qorunmağa başladı. Media plüralizmi yarandı.

Fərqli siyasi baxışları təmsil edən media qurumları fəaliyyətə başladı. Bu isə cəmiyyətin daha obyektiv məlumatlanmasına şərait yaratdı.
Azərbaycanın müxtəlif beynəlxalq media və ifadə azadlığı təşkilatları ilə əməkdaşlığı genişləndi.

Milli Mətbuat 150
İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə informasiya siyasətinə və mətbuatın inkişafına diqqət daha da artırıldı. Bu dövrdə jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, mətbuat orqanlarına dövlət dəstəyi göstərilməsi və informasiya texnologiyalarının inkişafı sahəsində bir sıra təşəbbüslər həyata keçirildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılaraq müxtəlif qəzet və jurnallara maddi yardım ayrıldı.

Həmçinin, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən onlara mənzillər təqdim olundu. Bu illər ərzində informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində onlayn medianın rolu artmış və bir çox xəbər portalları fəaliyyətə başlamışdır.

İlham Əliyev mətbuat sahəsində islahatların davamı olaraq 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərmanla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. 

MEDİA Agentliyinin yaradılmasında əsas məqsəd ölkədə medianın inkişafını dəstəkləmək, jurnalistikanın keyfiyyətini artırmaq, informasiya təhlükəsizliyini gücləndirmək və rəqəmsal media mühitinə uyğunlaşmanı təmin etməkdir. Agentlik həmçinin media subyektlərinin akkreditasiyası, onların maliyyələşdirilməsi, dövlət informasiya siyasətinin həyata keçirilməsi və jurnalistlərin peşə hazırlığı ilə bağlı məsələləri tənzimləyir. 

2021-ci ildə “Media haqqında” yeni qanun qəbul edildi. Bu qanun media subyektlərinin qeydiyyatı, şəffaflığı və jurnalist etikası ilə bağlı normativləri müəyyənləşdirir. MEDİA-nın yaradılması dövlətin media sektorunu vahid mərkəzdən idarə etmək və onun fəaliyyətini sistemləşdirmək niyyətini əks etdirir. 
Ümumilikdə, MEDİA Agentliyi ölkədə informasiya siyasətinin əsas icra strukturlarından biri kimi fəaliyyət göstərməkdədir.
Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalandı. Bu sərəncamdan irəli gələrək müxtəlif tədbirlər nəzərdə tutulub. 
Medianın rəqəmsallaşması və internet mediasının hüquqi statusu qanunla tənzimlənməyə başlanıb.
Azərbaycan mətbuatı 150 illik tarixi ərzində xalqın maariflənməsində, milli ideologiyanın formalaşmasında və ictimai fikrin inkişafında mühüm rol oynayıb. Bu yubiley yalnız bir tarixi faktı qeyd etmək deyil, həm də gələcək nəsillər üçün medianın əhəmiyyətini dərk etdirmək baxımından önəmlidir.

Azərbaycan mediası yeni dövrə qədəm qoyub
İlham Əliyev dövründə mətbuat siyasəti həm dövlət dəstəyinin təmin edilməsi, həm də peşəkar və məsuliyyətli medianın təşviqi üzərində qurulub. Onun rəhbərliyi ilə Azərbaycan mediası yeni dövrə – rəqəmsal informasiya dövrünə keçid mərhələsini yaşayır. 

Təəssüf ki, özlərini insan hüquqlarının müdafiəçisi elan edən bəzi beynəlxalq təşkilat və mətbuat - “Human Rights Watch”, “Amnesty İnternational”, “Fredoom House” və s. digər ölkələrdə baş verən haqsızlıqları görməzdən gəlsələr də Azərbaycana qarşı qərəzli mövqedə olublar. 
Amma bütün bu qərəzə qarşı Azərbaycan 2023-cü il 21-23 iyul tarixlərində Şuşa şəhərində "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda 1-ci Şuşa Qlobal Media Forumu, 2024-cü ildə isə Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirməklə cavab verdi. Bu forumların hər birində 50-dən çox ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, beynəlxalq təşkilat və media qurumları iştirak etdi.
Şuşada keçirilən hər iki forumda Prezident İlham Əliyevin iştirakı və jurnalistlərin suallarını birbaşa cavablandırması onun mediaya nə qədər önəm verməsinin bariz nümunəsidir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti təkcə Ordunun Ali Baş Komandanı kimi deyil, həmçinin informasiya cəbhəsinin önündə getdi. Prezidentin 30-a yaxın müsahibəsi, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə dolğun və əsaslandırılmış şəkildə çatdırılmasında mühüm vasitəyə çevrildi. Prezident İlham Əliyev bu müsahibələr vasitəsilə beynəlxalq jurnalistlərin suallarına faktlara əsaslanan, məntiqli və sərbəst cavablar verərək Ermənistanın illərlə apardığı dezinformasiya siyasətini ifşa etdi. Onun qətiyyətli, aydın və diplomatik çıxışları təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil, həm də beynəlxalq ekspertlər və siyasi dairələr tərəfindən yüksək qiymətləndirildi.
Bu müsahibələr həm də informasiya müharibəsinin ən kritik mərhələsində Azərbaycanın səsinin beynəlxalq aləmdə eşidilməsini təmin etdi. Dövlət başçısının tutarlı arqumentləri, hüquqi və tarixi faktlara əsaslanan çıxışları, eləcə də prinsipial mövqeyi, xüsusilə nüfuzlu beynəlxalq televiziya kanalları və xəbər agentliklərinə verilmiş müsahibələr Azərbaycanın haqq işinə beynəlxalq dəstəyin artmasına şərait yaratdı. 
Təsadüfi deyil ki, TASS informasiya agentliyinin rəhbəri Mixail Qusman Prezident İlham Əliyevi  öz ölkəsinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmaqla yanaşı, “milli informasiya qüvvələrinin də Ali Baş Komandanı” adlandırıb.

Prezident İlham Əliyev hər zaman qeyd edib ki, mətbuat azadlığı demokratik cəmiyyətin əsas sütunlarındandır. Onun çıxışlarında bu prinsip tez-tez vurğulanır:
“Azərbaycanda söz azadlığı təmin edilib, vətəndaş cəmiyyəti inkişaf edir, mətbuat sərbəst fəaliyyət göstərir”. 

Azərbaycanın media siyasəti beynəlxalq təşkilatlar və media qurumları ilə əməkdaşlıq əsasında qurulub. 


Bununla bağlı ölkə üzrə silsilə tədbirlər, sərgilər, konfranslar, sənədli filmlər və mükafatlandırmalar həyata keçirilir. 
Azərbaycan milli mətbuatının 150 illiyi bir tarix deyil, bir idealdır – azad sözə, informasiya hüququna və ictimai dialoqa olan inamın simvoludur. Bugünkü media mühiti, rəqəmsal texnologiyaların inkişafı və jurnalistika təhsilinin gücləndirilməsi bu irsin davamı kimi mühüm rol oynayır. 

Emin NƏBİLİ

Xəbər xətti