Federasiya Şurasının üzvü: "Rusiyada Azərbaycan vətəndaşlarına tam tibbi yardım göstərilməlidir"

11:31 - 15 Dekabr 2016 - Xəbər

Rusiya və Azərbaycan parlamentariləri qarşısında dayanan mühüm vəzifə bir sıra sahələr üzrə qanunvericiliyin uyğunlaşdırılmasıdır. Bu barədə "Report"un Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının Sosial Siyasət Komitəsinin sədrinin müavini, Rusiyanın əməkdar həkimi Lyudmila Kozlova bildirib.

L.Kozlovanın sözlərinə görə, Azərbaycan və Rusiya deputatları arasında yüksək səviyyədə təmas mövcuddur.

"Çox sıx əməkdaşlıq edirik: biz Bakıya gedirik, oradan Moskvaya nümayəndə heyəti gəlir. İl ərzində həm Rusiya, həm də Azərbaycan parlamentarilərinin iştirakı ilə bir çox tədbirlər keçirilib", - komitə sədrinin müavini deyib.

O, gənclər siyasəti sahəsində Rusiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.

Azərbaycanla Rusiya arasında digər sahələrdəki əməkdaşlıq məsələlərinə toxunan L.Kozlova təhsil və səhiyyə sahəsində təcrübə mübadiləsinin aparıldığını, amma həll edilməsi zəruri olan bir sıra vacib problemlərin mövcudluğunu diqqətə çatdırıb.

"Hər iki ölkə parlamentariləri qarşısında dayanan mühüm vəzifə müxtəlif sahələrdə - təhsil, səhiyyə və s. sahələrdə qanunvericiliyin uyğunlaşdırılmasıdır. 14 min azərbaycanlı uşağın Rusiyanın ali məktəblərində Rusiya büdcəsi hesabına təhsil alması mühüm faktdır. Miqrasiya sahəsində bəzi problemlər yaranır və bunları aradan qaldırmaq üçün birlikdə işləmək lazımdır", - o əlavə edib.

Xanım parlamentarinin sözlərinə görə, Rusiyada oxuyan və işləyən azərbaycanlılara xəstələndikləri təqdirdə yalnız təcili yardım göstərilir.

"Amma tam tibbi yardımın göstərilməsi lazımdır. Axı, onlar uzun müddət Rusiyada yaşayır", - L.Kozlova bildirib.

Sədr müavini, həmçinin Azərbaycanda təhsilin səviyyəsini yüksək qiymətləndirib: "Azərbaycanda təhsil həmişə yüksək səviyyədə olub. Mən özüm Bakıda rus bölməsində təhsil almışam. İndiyənə qədər də Azərbaycan qrammatikasını xatırlayıram və bu dildə danışılan hər şeyi anlayıram. Hərçənd artıq səlist danışa bilmirəm. Ölkədə, bax, belə yüksək səviyyəli təhsil var", - o qeyd edib.

Xəbər xətti