8 dekabr 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” oteli KSM çərçivəsində turizm fakültələrində təhsil alan tələbələr üçün növbəti təlimi keçirdi. Təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin turizm fakültələrində təhsil alan tələbələr iştirak etdilər. “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tələbləri salamladı və tədbirin proqramı haqqında məlumat verdi. Təlimdə Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışdı.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva turizm xidmətləri sahəsində qida sektorunun fəaliyyət xüsusiyyətləri və yerləşdirmə sektoru mövzusunda çıxış etdi. “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev turizm sahəsində işə düzəlmək istəyən tələbələrə CV-lərin tərtib edilməsi və müsahibələrdə düzgün taktikası, işgüzar söhbətlərin aparılması bacarığı barədə ətraflı təqdimat etdi.
“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz tədbir barədə qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının daha dinamik inkişaf etməkdə olan turizm sahəsində ixtisaslı mütəxəsislərin hazırlanmasında “Excelsior Hotel & Spa Baku” oteli müxtəlif proqramlarla iştirak edir. Hər il Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri otelin müxtəlif departamentlərində 3 və 6 ay müddətində təcrübə keçirlər. Otel bu cür təlimlər keçirib, tələbələri hazırlamaqla ölkə iqtisadiyyatının turizm sektorunda kadr potensialının inkişafına kömək edir. Təlim və təcrübə proqramının məqsədi tələbələrə turizm biznesində praktiki bacarıq və tövsiyələrin aşılanmasıdır.
“AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətləri mövzusunda çıxış etdi. Ictimai rəyin yaranması, məqsədli auditoriyalar, eləcə də geniş əhali kütləsi tərəfindən turizm strukturunun fəaliyyətinə xoş münasibətlərin necə formalaşmas haqda ətraflı məlumat verdi.