Gəncədə və Bakının bir neçə rayonunda açarsalma üsulundan istifadə edərək oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə Bakı şəhər sakini Elnur Aslanov, Ağcabədi rayon sakini Rəşad Xəlilov 9 mənzilin qarət olunmasında təqsirli bilinirlər.
Elnur Aslanov günahını etiraf edib: "Binəqədi, Nəsimi və Sabunçu rayonlarında olub, bir mənzili də Gəncədə yarmışıq".
Gəncədə qarət olunan mənzil Elnurun qayınatasının evi olub. Bir neçə il bundan qabaq qayınata kürəkənlə şərikli maşın alıbmış. Arada yaranan narazılıqdan sonra qayınata mülki etibarnaməni ləğv edib.
Rəşad Xəlilov dostunun qayınatasının evini yarmalarının səbəbini açıqlayıb: "Gəncədə bunun qohumunun evinə getdik , mən haradan bilərdim ki, onun evində pul var qızıl var. Qayınatasının evi idi. Dediyinə görə prinsip söhbəti olub, maşını bunun əlindən alıblar".
Saxlanılan şəxsin sözlərinə görə, taksiyə oturub Gəncəyə gediblər. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elnur kustar üsulla hazırlanmış açarlarla qapını açıb: "Açdı qapını, dedi gəl bura. Artıq içəridə idi. Mənə bir bağlama verdi, boyunbağı idi. Sonrada qızıllar vardı. Şəhərə qayıdıb, qızıl boyunbağını 5400 manat satdı. Qızılları neçəyə satdığımı bilmirəm".
Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-dən 20-dək olan müddətdə bir neçə evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Aslanov, Ağcabədi rayon sakini Rəşad Xəlilov Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində yaxalanırlar. Bu şəxslərin bir neçə analoji cinayətlərdə iştirak etdiyi istisna olunmur.
Araşdırma aparılır.