Mayın 17-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Ucnoqta.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IV siniflərində təhsil alan 6953 nəfər şagird monitorinqə cəlb olunub. İdarə müdiri Bəhruz Nəbili və struktur bölmə rəhbərləri monitorinq prosesinin gedişatını izləyiblər.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, 17-18 may tarixlərində baş tutacaq monitorinqlərdə 310 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.