Tehran ABŞ prezidenti Donald Trampın güc tətbiq etməklə hədələmələrinə baxmayaraq, Vaşinqtonla danışıqları davam etdirəcək, lakin dinc nüvə enerjisini inkişaf etdirmək hüququndan heç vaxt imtina etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Tramp bir tərəfdən regionda sülhdən danışır, digər tərəfdən bizi təhdid edir və onun misli görünməmiş zorakılıq alətlərinə malik olduğunu iddia edir. Onun hansı sözlərinə inanmalıyıq? Sülh haqqında sözlər, yoxsa insanların öldürülməsi və məhv edilməsi haqqında sözlər? Biz müharibə axtarmırıq, amma heç vaxt təhdidlərdən qorxmayacağıq. Biz danışıqlar aparacağıq, lakin hərbi, elmi və nüvə sahəsində əldə etdiyimiz nailiyyətlərdən heç vaxt imtina etməyəcəyik”, - deyə Pezeşkian ölkənin Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə görüşdə bildirib.
“Biz düşmənin hədə-qorxu və zorakılığına boyun əymək istəmirik, demək istəyirik ki, biz ayaq üstə möhkəm dayana bilərik”, - o, İranın dövlət televiziyasında deyib.