Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2020-ci ildə 35 343 nikah, 14 628 boşanma qeydə alınıb. Bu ilin yanvar-avqust ayları ərzində isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Statistikadan göründüyü kimi əhalinin sayı artsa da nikah və boşanmaların sayında azalma qeydə alınıb.
Bununla əlaqədar olaraq Azərbaycanda aliment verməkdən yayınanların sayı da artıb. Belə ki, 2023-cü ildə 11 217 nəfər aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxs kimi axtarışa verilib.
Ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz olub.
Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır
Ailələr dağıldıqdan sonra alimentin ödənməməsi səbəbindən ən çox uşaqlar əziyyət çəkir. Bu problemin həlli üçün Aliment Fondunun yaradılması təklif edilsə də hələ də təklif olaraq qalır.
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova Ədliyyə Nazirliyində Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparıldığını deyib.
Aytən Muradovanın sözlərinə görə, əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə - aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür. Azərbaycanda da hökumət, ələlxüsus da Ədliyyə Nazirliyi tərəfindən bu barədə müxtəlif müzakirələr aparılır.”
Bəs aliment ödənilməsi ilə bağlı məhkəmə qərarının icrasına nail ola bilməyən vətəndaşlar hansı hüquqi addımlar atmalıdır?
Aliment ödənilməsi ilə bağlı yaranmış problemdənı danışan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov bildirir ki, əgər şəxs barəsində məhkəmə qərarı mövcuddursa təbi ki bu icra edilməlidir:
“Məhkəmə qərarının icra edilməməsi barədə şəxs barəsində inzibati və cinayət məsuliyyət nəzərdə tutulmuşdur. Şəxsin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi sonda şəxs barəsində bir aya qədər inzibati həbs və yaxud Azərbaycan Cinayət məcəlləsinin 306.1 maddəsinə əsasən cinayət məsuliyyəti nəzərdə tutulur. Lakin şəxslər bəzən bu məsələnin bu formada həllinə nail olmamışdan öncə ilk növbədə aidiyyatı rayon icra şöbəsinə müraciət etsələr daha məqsədəuyğundur”.
Vəkil qeyd edir ki, təbi ki, aliment mübahisələri kifayət qədər dövlətimizin eyni zamanda icra qurumunun diqqətində olan bir məsələdir:
“Hesab edirəm ki, alimentlə bağlı mübahisələr zamanı öz həllini tapır və hal-hazırda da tapmaqdadır. Aliment ödənilməməsi halları kifayət qədər çoxdur. Müraciətlərin çoxluğu bəzən alimentin ödəilməməsi ilə nəticələnir. Bəzən şəxsin alimenti ödənilməsi üçün gəliri olmadığı müəyyən edilir. Bu halda icra məmuru şəxsin ölkədən çıxışına məhdudiyyət qoya bilər. Bununla bağlı məhkəməyə təqdimat verə bilər” - A. Nurməmmədov əlavə edib.
Əgər aliment tələbi üzrə məhkəmə qərarını icra etməkdən yayınılırsa və yaxud da imkanı yoxdursa təbi ki, şəxs Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Əgər şəxs barəsində məhkəmə qərarı çıxarılıbsa, aliment ödəyəcək şəxs işsizdirsə və yaxud əmlakı yoxdursa, bu alimentin ödənilməsi ilə bağlı güzəşt yaratmır:
“Hər hansı bir səbəb alimentlə bağlı məhkəmə qərarını icra etməməyin yaratdığı məsuliyyətdən şəxsi azad etmir. Alimentin ödənilməsi birbaşa uşağın mənafeyi ilə bağlıdır. Buna görə də şəxsin işsiz olması və ya əmlakının olmaması şəxsin məsuliyyətdən azad edilməsinə əsas ola bilməz.”
Nikahın pozulması ilə bağlı məhkəmə işlərində uşaqların mənafeyi necə nəzərə alınır?
Nikah pozularkən məhkəmənin əsasən diqqətə aldığı iki məsələ vardır. O məsələlərdən biri uşağın kimdə qalması və uşaqların və yaxud da uşağın aliment məsələsinin müəyən edilməsidir. Hazırda Azərbaycanda alimentlə bağlı mübahisələr əsasən alimentin təyin edilməsi alimentin məbləği ilə bağlı mübahisələrdir. Alimenti məbləği iki formada müəyyən olunur.
Birinci forma cavabdeh tərəfin əmək haqqısı ilə və sabit pul məbləğində alimentin tutulmasıdır. Alimentin tutulması şəxsin pensiyasına da yönəldilər bilər.
Digər alimentin sabit məbləğdə alınmasıdır. Hər il ölkədə yayşyış minimumu haqqında Azərbaycan Respublikası qanunu qəbul olunur və qanun hər il yanvarın 1-də qüvvəyə minir. Alimentin 2024-cü il üzrə minimum dəyəri 235 manat təşkil edir. Bu hər il getdikcə artmağa davam edir.
Birgə nikah dövründə ipoteka ilə alınan ev nikah pozularsa necə bölünəcək?
Əgər nikah pozularsa əmlak bölgüsü necə həyata keçirilir.
“Bu məsələdə vacib bildiyimiz məqam odur ki bu əmlak birgə nikah dövründə alınıb. Burada həri iki tərəfin bərabər əmlak payı var. Məhkəmə bunu 2/1 nisbətdə də də 3/2 nisbətdə də edə bilər. Bu əmlak payının qalmasında tərəfin hansı formada iştirakının əhəmiyyəti yoxdur. Hesab edək ki, əksərən ailədə kişi işləyir qadın ev işləri ilə məşğul olur. Amma qanunvericilik bizdə doğru olaraq “mən işləyirəm, kişiyəm işləyirəm bu əmlakı mən almışam qadının haqqı yoxdur deyə” anlayışını məhv edir. Çünki kişi evə pul gətirirsə qadın da məişət problemlərini həll edir. Onun da üzərinə yük düşür. Ola bilər ki tərəflər faktiki ayrılıblar. Amma nikahları rəsmi qalıb. İddia qaldıra bilər ki, həmin əmlakı almışam orada yaşamıram orada faktiki ərim (arvadım) yaşayır. Bu halda da əmlak mənim adıma olduğuna görə ödənişi mən edirəm amma əmlakdan yararlana bilmirəm. Onda həmin şəxs həmin əmlakdan ayrıca pul tələbi qaldıra bilər” – hüquqşünas bildirib.
Vəkilin sözlərinə görə, əmlak hipoteka yüklü olarsa bu əmlak hərracda satılırsa birinci faydalanan şəxs bank olur:
“Bankın həmin əmlakın satışından əldə olunan vəsaiti götürdükdən sonra qalan pul şəxslər arasında bərabər bölünür”.
Aliment öhdəliklərinə nə zaman xitam verilir?
Ailə məcəlləsində nəzərdə tutulan aliment öhdəliklərinə xitam verilməsi bəzən məhkəmədə öz təsdiqini tapmır. Araz Nurməmmədov qeyd edir ki, tərəflər bir-birinə aliment iddiası irəli sürərkən həm də uşağın təhsili ilə bağlı aliment tələb edir:
“Amma aliment öhdəliyinə xitam verilməsi barədə bəndi yetkinlik yaşına çatdıqda yazılır. 18 yaşından sonra bir şəxsin digərindən uşağın təhsili ilə bağlı aliment tələbi yoxdur. Daha sonra tərəflərdən biri istər aliment alan və ya verən tərəflərdən biri öldükdə və ya aliment verən şəxs digər tərəfin artıq alimentə ehtiyacını olmadığını müəyyən edərsə və bunu məhkəmə qaydasında sübut edərsə bir tərəfin digər tərəfə aliment öhdəliyi xitam verilə bilər. Mən düşünürəm ki, amma bu heç bir halda mümkün deyil. Məsələn valideyn qadın yaxşı işləyir əmək haqqı yaxşıdır və ata da məhkəmə iddiası irəli sürürsə ki, onun aliment ödəməsinə ehtiyac yoxdur, onda belə bir sual ortaya çıxır ki, valideyn kimi uşağın saxlanma vəzifəni niyə icra etmirsən. Onun vəzifələrini yerinə yetirməlisən. Ona görə bu hal mümkün deyil”.
Hüquqşünas qeyd edir ki, əgər uşaq 18 yaşına çatıbsa amma ödənilməyən aliment qalıbsa bu o demək deyil ki, o ödənilməməlidir:
“Aliment öhdəliklərinə xitam yığılmış borcun xitam edilməsi deyil.”
Hüquqşünas Aliment Fondunun yaradılmasının vacibliyini qeyd etdi:
“Aliment Fondunun yaradılması kifayət qədər yaxşı bir təşəbbüsdür. Lakin bu istiqamətdə işlərin zəif aparılması Aliment Fondunun yaradılmasının təxirə salınması təsəvvürü yaradır”.
A.Nurməmmədovun sözlərinə görə, artıq bir sıra ölkələrdə alimentlə bağlı qərarların icra yolları tapılıb.
Emin Nəbili