Hər rəqəmsal xidmət üçün portal və ya tətbiq yaratmağa ehtiyac yoxdur - Elvin Abbasov

11:06 - 11 İyul 2024 - Cəmiyyət

Ölkədə rəqəmsallaşma dedikdə dövlət qurumlarının ağılına ilk olaraq xidməti portallar və ya mobil tətbiqlər yaratmaq gəlir. Halbuki hər rəqəmsal xidmət üçün portal və ya tətbiq yaratmağa ehtiyac yoxdur.

Ucnoqta.az xəbər evrir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib. Elvin Abbasov bildirir ki, bir çox xidmət üçün dövlət şlüz yaratmaqla özəl sektora inteqrasiya edib, dövlət-özəl münasibətini möhkəmləndirərək və özəl sektoru dəstəkləyərək gücləndirə bilər:

"Ödəmə xidmətləri və ya nəqliyyat ödənişləri üçün ölkəmizdə "ödəmə xidmətləri"ni həyat keçirən yerli şirkətlərimizin rəqəmsal (Mobil tətbiq) məhsullarına inteqrasiya etmək daha səmərəli olar. Həmçinin alternativ olaraq Google Pay (Cüzdan) kimi xidmətlərə qoşulma vətəndaşlar üçün daha optimal variant kimi düşünülə bilər. Bunun üçün qurumun özünün mobil tətbiq yaratmasına ehtiyac yoxdur. Qurumlar "Rəqəmsal şluz" yaratsalar, daha səmərəli, eyni zamanda özəl sektor, yəni "Fintex"lər üçün imkanlar yaratmış olarlar".

"Məlumdur ki, bu tətbiqlərin yaradılması qədər onların kibertəhlükələrdən qorunması və texniki xidmətin göstərilməsi də vacibdir. Bu, böyük zəhmət və risk yaradır.

Qeyd edim ki "Bakı Metropoliteni" metro keçidlərini artıq yerli bir şirkətin rəqəmsal tətbiqinə inteqrasiya edib. ADY isə keçidlərdə Viza kart üçün fiziki imkan yaradıb. İmkanların artırılması hər bir halda təqdirə layiqdir, amma elə dövrdə yaşayırıq ki, daha çox seçim imkanı olmalıdır.

Bu sahədə market şəbəkələrinin daha çevik olduqlarını deyə bilərəm. Məsələn, Google Pay (Cüzdan) tətbiqinə yerli market şəbəkələrimizin 4-ü inteqrasiya olub.

Lakin təəssüf ki, həmin tətbiqin ictimai nəqliyyat bölməsində Azərbaycana aid ictimai nəqliyyat xidmətini tapmaq olmur" - AİKTSA sədri əlavə edib.

Xəbər xətti