Əfsun Sucayev: “Dünyaya səs salacaq fundamental və tətbiqi elmi nailiyyətləri tez bir müddətdə görə biləcəyik”
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən texnika sahəsi üzrə 3 kimyaçı alimə Dövlət Mükafatı verildi. Belə ki, müəllifləri akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimləri akademik Vaqif Fərzəliyev, professorlar Həqiqət Cavadova və Əfsun Sucayev olan “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş dövlətin ən ali mükafatına layiq görüldü. Sevindirici haldır ki, dövlət mükafatı ilə təltif olunanlardan biri gənc alim – Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayevdir.
Məlumat üçün bildirək ki, Əfsun Sucayev 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olub. Orta təhsilini Lerik şəhəri leytenant Arif Nuriyev adına 1 №-li texniki fənlər təmayüllü liseydə alıb. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya fakültəsinin bakalavr, 2003-cü ildə magistratura pillələrini fərqlənmə diplomu ilə başa vurub. Həmin ildə akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktoranturasına qəbul olub. 2008-ci ildə kimya üzrə fəlsəfə doktoru, 2018-ci ildə kimya elmlər doktoru elmi dərəcələrinə, 2017-ci ildə isə dosent, 2023-cü ildə professor elmi adlarına layiq görülüb.
O, 2005-ci ildən Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib. 2021-ci ildən isə İnstitutun icraçı direktoru və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
O, 172 elmi əsərin müəllifidir, onlardan 3-ü monoqrafiya, 12-i Azərbaycan Respublikası Patentidir. Məqalələrin 60-ı “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan nüfuzlu xarici jurnallarda dərc edilmişdir. Elmi əsərlərinə dünya alimləri tərəfindən 1679 istinad edilmişdir. H-indeksi 23-dür.
Onunla söhbətimiz də elə indiyə qədər əldə edilən elmi nailiyyətləri və gələcək planları haqqında oldu.
- Dövlət Mükafatına layiq görülən elmi-texniki ixtiranız haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.
- Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun tətbiqyönlü fəaliyyətinin əsas istiqamətini sürtkü materialları və aşqarların yaradılması, onların tətbiqi əsaslarının işlənməsi təşkil edir. Dövlətin ali mükafatına layiq görülən böyük elmi nailiyyət kimi qəbul edilən elmi-texniki ixtiramız, bütüvlükdə İnstitut alimlərimizin məqsədəyönllü fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirmək istərdim. Elmi-texniki nailiyyətimizlə bağlı onu deyə bilərəm ki, bu dünya əhəmiyyətli fundamental və tətbiqi iş olmaqla digər tərəfdən ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və strateji materiallar üzrə xarici ölkələrdən asılılığın azaldılması məqsədilə hərbi texnika üçün yüksək keyfiyyətli, rəqabətə davamlı xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkilini özündə ehtiva edir.
Belə bir elmi-texniki nailiyyətin çalışdığım elmi-tədqiqat institutunda əldə olunması da heç də təsadüfi deyil. SSRİ dövründə aşqarlar sahəsində üç elmi mərkəzdən biri, müstəqillik dövründə isə yeganə elmi mərkəz olan Aşqarlar Kimyası İnstitutu tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılıb və istehsalı da təşkil olunub. Bu yağlardan biri də məhz, Ukraynanın Xarkov şəhərində yerləşən zavodda istehsal olunan xüsusi texnikada istifadə edilən dizel mühərriki üçün yaradılmış yağ idi. Bu motor yağının istismar xassələri həmin zavod tərəfindən yaradılmış yeni nəsil yüksək gücləndirilmiş dizel mühərrikinin tələblərinə tam cavab vermədiyi üçün yeni xüsusi təyinatlı motor yağının yaradılması tələb olunurdu. Bununla əlaqədar 2019-2021-ci illərdə beynəlxalq əməkdaşlıq çərçivəsində akademik Vaqif Fərzəliyevin rəhbərliyi altında Aşqarlar Kimyası İnstitutu tərəfindən yüksək istismar xassələrinə malik yeni xüsusi təyinatlı motor yağı yaradıldı. Həm xaricdə, həm də ölkədə hərbi təyinatlı tenikanın müasir mühərriklərində sınaqlardan uğurla keçdi və istehsal prosesinə başlanıldı.
Bu istiqamətdə nümunəvi fəaliyyətimizi davam etdirərək Aşqarlar Kimyası İnstitutu alimləri olaraq daha bir uğura imza atdıq. Belə ki, yeni yaratdığımız yağın özəlliyi olaraq ilin bütün mövsümlərində işləməsi və həmin xüsusi təyinatlı motor yağının ən son markalı tanklarda praktiki sınaqdan uğurla keçməsi mümkün oldu. Sınaq komissiyası bu yağın istifadəsini tam məqsədəuyğun hesab etdi.
Yaratdığımız xüsusi təyinatlı motor yağları ilə bağlı 3-ü “Məxfi” qriflə olmaqla 4 elmi ixtira – patent alınmışdır, 1 ixtira isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əmtəə Nişanları və Patent üzrə Ekspertiza Mərkəzinidə baxılmaq üzrədir. Məlumat üçün deyim ki, İnstitutda yaradılan yağlarımız zaman-zaman istər I Qarabağ Müharibəsi, istərsə də 44 günlük Vətən Müharibəsində öz töhfəsini veribdir.
İlk növbədə dövlətimizin başçısı, cənab İlham Əliyevə dərin təşəkkür etmək istiyirik ki, əməyimizi yüksək səviyyədə qiymətləndirib. Dövlətin bu ali mükafatını bizim timsalımızda Azərbaycan elminə və alimlərinə verilən qiymət kimi qəbul edirik. Çünki bəzən Azərbaycanda elm yoxdur, əvvəlki elmi kəşflər edilmir, deyə əsassız ittihamlar səslənirdi. Bu elmi-texnoloji ixtira ilə Azərbaycanda bir növ akademik Yusif Məmmədəliyev, Əli Quliyev kimi dünya şöhrətli alimlərimizin yaratdığı elmi məktəblərin, elmi ənənələrinin davam etdiyini təsdiq etmiş olduq.
- Bu elmi-texnoloji nailiyyət ölkəmizə nəyi qazandıracaq?
- Dövlət başçısı cənab İlham Əliyev istər növbədənkənar prezident seçkilərin qalibi kimi andiçmə mərasimində, istərsə də yerli televiziya kanallarına verdiyi geniş həcmli müsahibədə açıq bəyan etdi ki, daha keçmişdə ilişib qalmaq olmaz, təxirəsalınmadan yeni dönəmin inkişaf hədəflərini müəyyənləşdirməliyik. Təbii ki, yeni hədəfimiz, yeni məqsədimiz ilk növbədə respublikamızın iqtisadi inkişafı və müdafiə qüdrətinin daha da artırılmasını özündə ehtiva edəcək. Bu isə özü-özlüyündə yerli istehsal sahələrin genişləndirilməsi ilə ölkə iqtisadiyyatının idxaldan asılığını tamamilə aradan qaldırılmasını təşviq etmiş olur.
Dövlətimizin müdafiə qüdrətinin artırılması da ilk növbədə ayrı-ayrı strateji məhsulllar üzrə yerli istehsal sahələrinin yaradılmasını zəruri edir.
Aşqarlar Kimyası İnstitutunun alimləri olaraq yaratdığımız xüsusi təyinatlı yağ strateji məhsuldur, ölkənin başlıca hərbi məqsədlərinə xidmət edir. Əlbəttə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimiz və qazilərimizin qanı-canı, xalqımızın “Dəmir Yumruq” ətrafında birliyi sayəsində 200 illik problem - Qarabağ dərdimiz bir dəfəlik həll olundu, sepratizmin kökü kəsilib atıldı. Amma təhdidlər hər zaman qalır. Belə bir deyim var, sülh istəyirsənsə, müharibəyə hazır ol. Tez-tez bizi istəməyən ölkələr, əsas güc mərkəzləri iqtisadi sanksiyalarla, strateji malların, o cümlədən hərbi təyinatlı məhsullartın idxalına qadağa qoyulması ilə təhdid edirlər. Yaratdığımız strateji yağlar tam zəmanət verir ki, əgər belə bir hal olarsa, ölkəmizi bu məhsullar üzrə asılılıqdan tam azad edək. Çünki Aşqarlar Kimyası İnstitutunun böyük təcrübəsi var. Sovet dövründə tək ölkə üzrə demirəm, bütün SSRİ üzrə sürtkü materialları, yağlara olan tələbatın 20 faizini bu elmi-tədqiqat müəssisəsi ödəyib.
Təqdirəlayiq hal ondan ibarətdir ki, İnstitut alimləri olaraq tərəfimizdən yaradılmış xüsusi təyinatlı motor yağının Pakistan, Banqladeş, Tayland və Mərakeşə kimi dost, qardaş ölkələrə ixracı nəzərdə tutulur. Artıq müqavilələrdə də bağlanıb.
Amma ən əsası Dövlət Mükafatı laureatları olaraq fəxr edirik ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş ölkəmizin iqtisadi inkişafına və müdafiə qüdrətinin artırılmasına xidmət edən bir nailiyyətə imza atmışıq.
- Səhv etmirəmsə Aşqarlar Kimyası İnstitutunda əldə etdiyiniz elmi nailiyyət təkcə bu elmi-texniki ixtira ilə bağlı deyil. Başqa hansı əsas elmi uğurları qeyd edə bilərsiniz?
- Bəli. Aşqarlar Kimyası İnstitutunda aşqar məqsədi ilə aldığımız yeni üzvi birləşmələri həm də potensial dərman maddələri kimi tədqiq edirik. Bundan ötrü ABŞ, Portuqaliya, Türkiyə, İtaliya, Rusiya, Belarus kimi dünyanın bir çox ölkələrinin aparıcı elmi mərkəzlərinin alimləri ilə beynəlxalq tədqiqat qrupları yaratmışıq. Onlarla müştərək tədqiqatların nəticəsi olaraq sintez etdiyimiz 300-ə yaxın fizioloji fəal maddələrin bədxassəli şiş, Alzeymer, qlaukoma, şəkərli diabet olaraq bəzi qlobal xəstliklərə qarşı yeni nəsil enzim-izoenzim inhibitorlarını yaratmışıq. Bununla da biz ilk növbədə yeni bir elmi istiqamət kimi bioüzvi kimyanı xaricdən ölkəmizə gətirmişik, desək yerinə düşər. Bu yeniliklərin nəticəsi olaraq son 10 ildə dünyanın nüfuzlu qlobal elmi bazalarında refatlaşdırılmış yüksək impakt faktorlu jurnallarında 70-ə yaxın məqalə dərc edilmiş, onlara dünya alimləri tərəfindən 2000-ə yaxın istinad edilmişdir.
Yeri gəlmişkən xaricdə nüfuzlu jurnalda məqalə çap etmək və ona dünya alimi tərəfindən istinad göstərmək təkcə onu dərc edən alimə və ya onun çalışdığı universitet və ya instituta deyil, bütövlükdə ölkəyə reytinq gətirir. Bu günlərdə Azərbaycandan 3 universitetin elmmetrik meyarlara görə dünya universitetlərinin reytinq siyahısında yer almasını həmin ali məktəblərin alimləri ilə yanaşı həm də elmi tədqiqat institutları, o cümlədən Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin fəaliyyətinin nəticəsi hesab etmək olar.
Eyni zamanda İnstitutumuz tətbiqyönlü tədqiqatlara geniş yer verdiyi üçün əldə olunan elmi nəticələrin patentləşdirilməsinə daha çox önəm veririk. Hazırda ölkədə hər il ən çox patent alan elmi qurum Aşqarlar Kimyası İnstitutudur.
- Ötən ay ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanan Bakı məktəblilərin elmi layihəsi bu istiqamətdə aparılan tədqiqatlara aid idi?
- Tamamilə doğru vurğuladınız. Bu ilin 11–17 may tarixlərində ABŞ-nın Kaliforniya şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Yarışmasında (ISEF) Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medala layiq görüldülər. Onlar mənim elmi rəhbərliyim altında “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda tədqiqat aparmışdılar. Həmin layihə bundan öncə ölkəmizdə baş tutan “Sabahın alimləri” XIII Respublika müsabiqəsində I yer – qızıl medalına layiq görüldüyü üçün ISEF-ə vəsiqə qazanmışdı. ISEF – Beynəlxalq Elm və Mühəndislik sərgisi 70 ildən çoxdur ki, hər il ABŞ-da təşkil olunan və müxtəlif ölkə təmsilçilərinin iştirak etdiyi elmi-tədqiqat layihələrinin sərgisidir. Yuxarı sinif şagirdləri üçün dünyanın ən böyük qlobal elm yarışması hesab edilən bu sərgidə 75-dən çox ölkədən 21 fərqli STEM fənni üzrə yüzlərlə layihə təqdim edilir. Azərbaycan da 2011-ci ildə ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədilə ISEF-ə qoşulmuşdur. Ölkəmizdə elmi tədqiqat işinə meyli olan və yüksək elmi tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlanması üçün 2012-ci ildən etibarən ISEF-ə seçim turu olan “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Sözügedən müsabiqədə şagirdlərin əsasən riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri olmaqla 8 istiqamət üzrə elmi tədqiqat layihələri dəyərləndirilir. Diqqət cəlb edən fakt odur ki, 2012-ci ildən ISEF-də yarışan Azərbaycan məktəbliləri indiyə qədər heç vaxt medal qazanmamışlar. Bu il bu günün şagirdi, sabahın böyük alimi olacaq yetirmələrimiz - məktəblilərin bürünc medal qazanmaqla ölkəmiz adına bir ilkə imza atması böyük qürurla şərəfli tariximizə yazılan bir hadisədir.
- Elmdə bundan sonra yeni hədəflərinizin nə olduğunu eşitmək maraqlı olar?
- Elm bir yerdə durmur, daim inkişafdadır. Qarşıya qoyulan bir hədəfə çatmaq elm adamı, alim qarşısında yeni hədəflər müəyyənləşdirir. Alimin elmi nailiyyətinə kiçik diqqət belə olanda yeni-yeni nailiyyətlərə sövq olunur. Ona görə dövlətimizin birinci şəxsinin elmimizə olan diqqətini görüb çalışdığımız Aşqarlar Kimyası İnstitutunun bütün istiqamətlərində fəaliyyətimizi genişləndirmişik. Kollektiv olaraq daha inamla, həvəslə çalışmaqdayıq.
Bu gün elmi fəaliyyətin elmmetrik meyarlar üzrə dəyərləndirməsinə görə ölkəmiz Cənubi Qafqazda birinci yerdədir. Amma bundan sonra bu regionda birinciliyi qorumaq bizim üçün yeni hədəf ola bilməz. Alimlərimizin bundan sonrakı əsas hədəfi dar çərçivədə MDB, geniş anlamda Avropa ölkələri ilə elmi rəqabət aparmaqdır. Əmin etmək istəyirik ki, daha çox çalışmaqla, əzm, iradə nümayiş etdirməklə buna da nail olacağıq. Sadəcə, elmi infrastrukturla, tədqiqat apardığımız şəraitlə bağlı müəyyən çətinliklər var. Təbii ki mükafatla əldə etdiyimiz vəsaitin müəyyən hissəsini tədqiqat çətinliklərinin həllinə yönəldəcəyik.
Onu da yaxşı başa düşürük ki, işğadan yenicə qurtulan ölkəmizdə yenidənqurma-bərpa işləri geniş miqyas alıb. İşğaldan azad olunan torpaqlarda dövlətin tam daxili imkanları ilə böyük quruculuq işləri aparılır. Belə olan halda alimlər olaraq dövlətimizdən çox şey tələb etməyə haqqımız yoxdur. Amma məşğul olduğumuz kimya elə bir elm sahəsidir ki, onu müasir fiziki-kimyəvi cihazlar, reaktivlər olmadan təsəvvür etmək çətindir. Tədqiqat institutlarının laboratoriya avadanlıqlarını, reaktiv təchizatını dünyanın aparıcı elm mərkəzlərinin səviyyəsinə yüksəldə bilsək, inanın ki, həsəd apardığımız Nobel mükafatını Azərbaycana qazandıra biləcək istedadlı alimlərimiz vardır. O zaman onların dünyaya səs salacaq fundamental və tətbiqi elmi nailiyyətlərini tez bir müddətdə görəcəyik.
E.Nəbili