Botoks, dolğu edən xanımlar, bu salonlar təhlükəlidir - ÇAĞIRIŞ

09:48 - 16 Oktyabr 2023 - Cəmiyyət

Yalançı gözəllik bəxş etmək adı ilə qeyri-peşəkar, təcrübəsiz insanların çalışdığı "gözəllik salon"larının çoxu təhlükəli xəstəliklərin başlıca mənbəyidir. Bu cür salonlarda xüsusən qan xəstəliklərinin yayılması riski də yüksək olur. Mütəxəssislər bildirirlər ki, virusa yoluxma riski xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir. Son dönəmlər dırnaq qaynağı, iynə üsulu ilə dolğu, botoks kimi prosesdurlar xanımların əsas maraq dairəsindədir. Artıq xanımlar təbii dırnaq boyamaqda, makiyaj etməkdə də tənbəllik göstərir, gözlərinə sürməni belə döymə üsulu ilə çəkməyi seçirlər. Bütün bunların öz fonunda necə təhlükələr gətirdiyindən xəbərsizdirlər. Qiyməti ucuz olan salonlara üstünlük verilməsi isə daha çox narahatlıq yaradan məqamdır. Zaman-zaman mətbuatda bu barədə çağırışlar edilsə də, paytaxtda hər tin başı müxtəlif adlarla fəaliyyət göstərən, necə gəldi, kim və ya kimlər tərəfindən idarə olunduğu bilinməyən, müştəri ilə dolu salonlar çağırışların nəticəsiz qaldığını göstərir. Hindistanda 50 yaşlı qadının salonda saçını kəsdirməzdən əvvəl başını yuyarkən boyun arteriyasının sıxılması nəticəsində insult keçirməsi xəbəri çoxlarına məlumdur. Hətta bir müddət öncə Azərbaycanda Daxili İşlər Nazirliyinin bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satıldığı barədə açıqlaması əksəriyyət üçün SOS siqnalı olmalı idi. Lakin təəssüf ki, yenə də gözəllik salonlarında standartlara əməl edilmir. Bu sahədə böyük qanun boşluğu var. Gözəllik salonları, eləcə də kişi bərbərxanaları ilə bağlı heç bir tənzimləyici sənəd mövcud deyil...

Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən uzman dermatoloq Fəridə Rəsulova deyib ki, salonlarda istifadə edilən makiyaj ləvazimatları, gigiyenik baxımdan kislərin yuyulmaması, məhsulların ayrı-ayrı insanların üzündə dəfələrlə istifadəsi problemdir.

“Amma bu cür şikayətlərlə bizə müraciət edənlər elə də çox deyil. Bizi daha çox narahat edən məqam salonlardakı prosedurlar olur. Makiyajdan infeksiya düşməsi çox nadir haldır. Dərimiz o qədər zəif orqan deyil ki, hər toxunuşdan infeksiya qapsın. İnfeksiya qapması üçün mütləq tətikləyən bir şey olmalıdır. Hazırda bu problem Azərbaycanda çox qlobal hala çevrilib. İxtisasca həkim, tibbi işçisi olmayanlar özlərini “kosmetoloq” kimi qələmə verib, bir çox prosedurları icra etməyə başlayıblar. Qısa müddətdir ki, Azərbaycanda işləyirəm, amma artıq bu problemlərlə üzləşirik. Bir çoxları bu barədə şikayətlə bizə müraciət edirlər. Məsələnin təməli budur ki, həkim olmayan şəxsin dəriyə iynə vurmaq kimi bir hüququ yoxdur. Bu insan dərinin qatlarına müdaxilə edəcəksə, diplomu olmalıdır”, - o deyib. 

 

Dermatoloq bildirib ki, həqiqi həkimlər salonda işləmirlər: “Pasiyentlərin soruşacaqları ilk şey bu olmalıdır ki, getdikləri salonda işləyən şəxslərin həkim diplomu var, ya yox? Əvvəla, bunu araşdırmaq lazımdır. İkincisi, qarşıdakı insanın xroniki xəstəliklərinin olub-olmadığını da öyrənməlidirlər. Çox zaman kosmetoloqlar bu barədə soruşmurlar. Bir sıra problemlər, xroniki xəstəliklər hansısa proseduru tətbiq etməyimiz üçün əks göstərişdir. Hər insana hər proseduru edə bilməzsiniz. Bəzi xəstəliklər var ki, mütləq araşdırmaq lazımdır. Pasiyentin ailəsində, özündə xəstəliklər varsa, adətən onlara prosedur tətbiq etməməyə üstünlük veririk. Hazırda ölkəmizdə çox ucuz preparatlar var. Pasiyent prosedur etdirəcəksə, mütləq istifadə olunan preparata baxmalıdır. Botoks, dolğu, mezoterapiya vasitəsi - bunların hamısının adını, sertifikatını mütləq yoxlamalıdırlar. Çünki sertifikatı olub rəsmi şəkildə ölkəyə gətirilən preparatlar problem deyil. Amma sertifikatı olmayan çox preparat var ki, gələcəkdə böyük fəsadlar törədə bilər. İyul ayında Səhiyyə Nazirliyi tərəfindən çağırış edildi ki, kosmetik prosedurlar tibb təhsili olan həkim-dermatoloqlar tərəfindən, ya da orta tibb təhsili olan tibb işçiləri tərəfindən aparılmalıdır. Kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşaiyyət olunduğundan bu mütəxəssislər müvafiq tələblərə cavab verməlidirlər. Artıq bir-iki kursa gedib sonra gəlib kosmetik prosedur edənə, əlbəttə ki, “kosmetoloq” demək olmaz. Pasientlər bununla mütləq maraqlanmalıdırlar”. 

 

Həkim salonlarda tətbiq edilən lazer epilyasiyasına da diqqət çəkib: “Son zamanlar mənə ən çox gələn şikayətlərdən biri “lazerə getdim, xallarımı yandırdılar” olur. Bu, yolverilməzdir. Çox böyük təhlükəsi var. Çünki gələcəkdə xallardan xərçəng əmələ gələ bilir. Buna görə çox diqqətli olmaq lazımdır. Ucuzdur deyə hər salonda lazer, yaxud hansısa prosedur etdirmək olmaz. İnsan canı bu qədər dəyərsiz olmamalıdır...” 

 

Xəbər xətti