ABŞ-ın Alabama Universitetinin Birminhem kampusunda (UAB) aparılan yeni araşdırma göstərib ki, günün son saatlarında şaxələnmiş zəncirli amin turşuları (BCAA) ilə zəngin qidaların qəbul edilməsi ürək-damar sağlamlığı üçün risk yarada bilər.
Ucnoqta.az xəbər verir ki, alimlər bildirirlər ki, bu təsir xüsusilə piylənmə, diabet və ürək xəstəlikləri olan insanlarda daha nəzərəçarpandır.
Tədqiqat çərçivəsində siçanlar iki qrupa ayrılıb. Bir qrup dörd həftə ərzində BCAA tərkibi az olan, digər qrup isə BCAA ilə zəngin pəhrizlə qidalanıb. Yüksək BCAA qəbul edən siçanların bir hissəsinə zülal səhər, digər hissəsinə isə axşam verilib.
Nəticələr göstərib ki, aktiv dövrün sonunda – yəni axşam saatlarında qəbul edilən BCAA ürək əzələ hüceyrələrinin (kardiomiositlərin) ölçüsünü cəmi dörd saat ərzində təxminən 75 faiz artırıb. Sonradan hüceyrələr normal ölçüsünə qayıtsa da, bu dəyişiklik ürək xəstəliyi olan siçanlarda ürəyin fəaliyyətinə mənfi təsir göstərib.
Araşdırmanın müəlliflərindən Dr. Martin Yanq bildirib ki, sağlam fərdlər üçün günün istənilən vaxtında zülal və BCAA qəbulunun ciddi təhlükə yaratdığına dair sübut yoxdur. Lakin xroniki ürək-damar xəstəlikləri, piylənmə və ya diabeti olan şəxslər yüksək zülallı qidaları daha çox səhər saatlarında qəbul etsələr, bu daha faydalı ola bilər.
Alimin sözlərinə görə, axşam yüksək BCAA qəbul edilməsi ürəyin struktur dəyişikliklərini sürətləndirərək yığılma qabiliyyətini zəiflədib və ürək çatışmazlığının inkişaf riskini artırıb. Eyni miqdarda BCAA səhər qəbul edildikdə isə belə mənfi təsir müşahidə olunmayıb.
Mütəxəssislər ürək-damar riski yüksək olan insanlara axşam yeməyində BCAA ilə zəngin zülallı qidaların miqdarını azaltmağı, zülal qəbulunun əsas hissəsini isə günün ilk yarısına yönəltməyi tövsiyə edirlər. Bununla yanaşı, araşdırmanın heyvanlar üzərində aparıldığını nəzərə alaraq, nəticələrin insanlar üçün tam təsdiqlənməsi məqsədilə əlavə klinik tədqiqatlara ehtiyac olduğu vurğulanır.
