"Сəmiyyət, dövlət maraqlarına məsuliyyətsiz yanaşmaq olmaz”- Fərasət Qurbanov

18:01 - 12 İyun 2020 - KİVDF

“Sabaha inamla baxmaq üçün yeni ideyalar üzərində düşünmək lazımdır”

“Üç nöqtə”qəzetinin qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovdur.  İcraçı direktorla müxtəlif məsələlər ətrafında maraqlı fikir mübadiləsi aparıldı. O, pandemiya ərəfəsində cəmiyyətdə üzə çıxan boşluqların aradan qaldırılmasına istiqamətlənmiş dövlət və vətəndaş cəmiyyəti institutlarının rəhbər tutduğu  “yol xəritəsi”ni təqdim edib.

(davamı)
Bir sıra tədbirlər həyata keçirdik. Növbəti tədbirimiz “koronavirusun gətirdiyi rəqabətdə, 4-cü sənaye inqilabı” mövzusuna həsr olundu. Burada da QHT sektorunda təmsil olunan iqtisadçı alimlərimiz, növbəti  dövrdə 4-cü sənaye inqilabının nələrə gətirib çıxaracağına, texnoloji yeniliklərin tətbiqi ilə bağlı bizim vətəndaşlara geniş məlumat verdilər. Əlbəttə, QHT-lər beynəlxalq əlaqələrin müzakirəsindən də kənarda qalmadılar.  Şura 10 ölkənin həyata keçirdiyi “immunitet estafeti”nə qoşuldu. Bu, Polşa, Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ və digər ölkələrin təmsil olunduğu “immunitet estafeti”idi. Biz həmin estafeti “Russkaya velikaya” fondundan  aldıq. 30 QHT-ı həmin estafetə qoşularaq 65 yaşdan yuxarı insanların evində oldular və onlara ərzaq yardımlarının paylanmasını təmin etdilər.  Bu çox möhtəşəm kampaniya idi.

Biz 10-dan çox ölkənin diaspor təşkilatları,  xarici QHT nümayəndələrinin iştirakı ilə “kim, harada, necə, pandemiya ilə mübarizə mədəniyyəti” mövzusunda onlayn beynəlxalq konfrans keçirdik. Həmin konfransda ayrı –ayrı ölkələrdə təmsil olunan həmkarlarımız, diaspora təşkilatlarımız pandemiya ilə mübarizə dövründə həmin ölkələrdə görülən işlər barədə müzakirələr apardılar. Eyni zamanda Azərbaycanın bu sahədə gördüyü işlərə çox böyük qiymət verildi və qarşılıqlı olaraq həm xarici portallarımız, həm QHT-lər hamını evdə qalmağı səsləyib, bir-birimizə dəstək olduq. Eyni zamanda konfrans iştirakçıları adından Ümumdünya Səhiyyə Təşkilatına bəyanat qəbul olundu. Həmin bəyanatda Azərbaycanın pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi işlər təqdir olundu və Azərbaycan dövlətinə böyük bir təşəkkür ifadə olundu.

Təbii ki, pandemiyada cəmiyyəti daha yaxşı səfərbər etmək, virusla mübarizədə vətəndaş həmrəyliyinin nümayiş olunması üçün  QHT-lərin media ilə əmkdaşlığı olduqca vacibdir. Konfranslarımızdan biri də pandemiya ilə mübarizədə QHT-media əməkdaşlığına həsr olundu. Burada  Şuranın rəhbəri Azay Quliyev, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov və digər tanınmış media nümayəndələri iştirak etdilər. Bu tədbirdə bizim qarşılıqlı əməkdaşlıq məsələlərimiz müzakirə olundu. Həmçinin, pandemiya ilə mübarizə sahəsində cənab Prezidentin həyata keçirdiyi fəaliyyətə dəstək olaraq konfrans iştirakçıları adından cənab prezidentə müraciət qəbul olundu.  Həmin müraciətdə cənab Prezidentin bu sahədə gördüyü işlər təqdir edilərək,  ona cəmiyyətimiz adından təşəkkür ifadə olundu.

Əlbəttə ölkədə xüsusi xəstələrimiz var ki, Pandemiya dövründə  də onlara daim ciddi yardımlar edildi.  Ölkəmizin birinci vitse-prezidenti hörmətli Mehriban xanımın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkədə “qanvermə” aksiyasına başlanıldı. QHT-lər də bu aksiyadan kənarda qalmadılar. Çoxsaylı QHT-lərlə yanaşı may ayının 20-də Azay müəllimin rəhbərliyi ilə Şura üzvləri, katibliyi və QHT-ləri Mərkəzi Qan Bankında olaraq qanvermə kampaniyasında iştirak etdilər. Cənab Prezidentin fərmanı ilə Koronavirusa Dəstək Fondu da yaradıldı. Şura bu təşəbbüsdən də kənarda qalmadı. Çoxsaylı QHT-lər Dəstək Fonduna ianələr etdilər. Eyni zamanda Prezident Yanında QHT-lərə Dəstək Şurasının üzvləri və katibliyi də bu dəstək kampaniyasında fəal iştirak etdilər. Fondun yaradılması Vətəndaş Həmrəyliyinin nümayişi məqsədini daşıyırdı ki, bizim vətəndaşlarımız,  soydaşlarımız, QHT-lər bu kampaniyada  fəal iştirak etdilər.

“İnsanları da inandırmalıyıq ki, bu, onlara da təsir edə bilər və  cəmiyyət, dövlət maraqlarına məsuliyyətsiz yanaşmaq olmaz”

- Maraqlıdır ki, pandemiyaya cəmiyyətdə müəyyən inamsız yanaşmalar var. Səbəb nə idi: vətəndaşın vətəndaş cəmiyyəti institutlarına inamsızlığı, vətəndaşla daha əhatəli əməkdaşlıq qura bilməməyiniz, maarifləndirmə, təbliğat işinin yetərli olmaması, yaxud insanlarda psixoloji hazırlıq işinin həddən artıq zəiflıyi.

- Bu “inamsızlıq sindromu” ilk növbədə insan psixologiyasndan irəli gələn bir məsələdir. İnsan o vaxt inanır ki, bu kütləvi hal alır və yaxud da özünə, ailəsinə yaxından təsir edir. Dövlətin məsuliyyəti var və bunun qarşısını almalıdır.  Tutaq ki, 10 milyon əhalinin içində 5-6 min nəfər xəstəliyə yoluxursa, bu ola bilər ki, bütün ailələrə təsir etməsin, amma bu o demək deyil ki, pandemiya mövcud deyil. Lakin bu virus mövcuddur. Bunu bütün mütəxəssislərimiz, həkimlərimiz, pandemiyanın təsirlərinə məruz qalan insanlarımız, bütün dünya təsdiq edir. Bizim medianın xəstəxanalardan apardığı canlı reportajlar da buna əyani sübutdur. Təbii ki, dövlət və cəmiyyət inamı olmayan bu insanların təxəyyülü ilə hərəkət edə bilməz. Təbii ki, həm dövlətin, həm vətəndaş cəmiyyətlərinin üzərinə bir ictimai məsuliyyət yükü düşür. Dezinformasiya yayan, ölkəmizin bu sahədə atdığı addımlara kölgə salmağa çalışan insanların təxribat xarakterli əməllərinə uya bilmərik.  Biz dövlətimizi, cəmiyyətimizi qorumalıyıq, daha da möhkəm olmalıyıq. Ona görə də bu gün karantin rejiminin sərt tətbiq olunduğu bir günü yaşayırıq. Dövlətlə yanaşı bizim qeyri-hökumət təşkilatları da vətəndaşlara çoxsaylı müraciətlər edirlər. Şura özü iki gün öncə “evdəyəm” kampaniyasını başlatdı. Həftə sonu, istirahət günlərində pandemiyanın təsirini azaltmaq, qarşısını almaq, yoluxma halını minimuma endirmək üçün  evdə qalmağımız olduqca vacibdir. Amma çox təəssüf ki, bütün dövrlərdə cəmiyyətin içində elə insanlar tapılıb ki, onlar hansısa başqa arqumentlər axtarıblar və  bu, bütün dövrlərdə, bütün zamanlarda baş verib. Həmin insanları da inandırmalıyıq ki, bu, onlara da təsir edə bilər və  cəmiyyət, dövlət maraqlarına məsuliyyətsiz yanaşmaq olmaz.  Ona görə də hər bir vətəndaş məsuliyyətli olmalıdır, dünyanı bürüyən bu qorxulu xəstəliklə mübarizədə hamımız həmrəy olmalıyıq, bütün qaydalara əməl etməliyik.

“Sabaha inamla baxmaq üçün yeni ideyalar üzərində düşünmək lazımdır”

- Psixoloq-ekspertlər hesab edirlər ki, Azərbaycan cəmiyyətində vətəndaşın psixoloji hazırlığı aşağıdır və bu istiqamətdə vəziyyət ürəkaçan deyil. Sizcə, vətəndaş institutlarının bu sahə üzrə əhatəli şəkildə fəaliyyət göstərmək imkanı nə qədərdir? Vətəndaş Cəmiyyətlərinin insanlarda bir çox neqativ stereotiplərin aradan qaldırılmasına istiqamətlənmiş psixoloji hazırlıq işinin səviyyəsi necədir?

- Bəli, bu gün bizi düşündürən əsas məsələ normal psixoloji mühitin yaradılmasıdır. Təkcə bizim ölkənin təcrübəsini yox, media vasitəsi ilə digər ölkələrdə baş verən hadisələri izləyirik. Məsələn, baxaq görək, özünə həddən artıq güvənən Avropa pandemiyaya nə qədər tab gətirə bildi? Yaxud, dünyaya “demokratiya dərsi keçən” ABŞ-da baş verən hadisələr də onu göstərdi ki, özünü demokrat sayanlar da, belə situasiyalarda cəmiyyət maraqlarına uyğun hərəkət edə bilmirlər. Biz xalqımızın, dövlətimizin maraqlarını düşünərək, bu prizmadan çıxış etməliyik. Bax Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il 26 dövlət qurumu ilə müsabiqələr keçirib və 429 layihənin maliyyələşməsi haqqında qərar verdi. Mart ayının əvvəlində verilən bu qərar pandemiya başladığı üçün  layihənin  icrasına başlaya bilmədik. Sonradan həmin layihələri bir daha araşdırdıq və gördük ki, 300 –dən çox layihə çoxsaylı insanların toplaşmasını özündə  ehtiva edən təlim və tədbirlərə yönəlib. Şura katibliyi həmin QHT-lərə müraciət edərək post-pandemiya dövrünə uyğun olaraq layihələrin mövzusunu dəyişdirməyi təklif edib. Bizim QHT-lər də mümkün olan tədbirləri onlayn qaydada təşkil edirlər, bəzi tədbirlərin mövzusu isə dəyişdirilərərk psixoloji yardımların təşkilinə yönəldilib. Bu, təkcə paytaxtda deyil, bütün ölkə ərazisini təşkil edir. Şura bizim İctimai Qərargahın üzvləri olan 5 vətəndaş cəmiyyətini, 5 resurs və təlim mərkəzinin layihələrini dəstəkləyir. Burada insanların hazırki durumunun öyrənilməsi, özü ilə bağlı hüquqi məsələləri düzgün qurmayan və dövlətin verdiyi yardım paketlərindən kənarda qalan  insanların araşdırılması, onlara müəyyən vətəndaş cəmiyyətlərinin dəstəyini təmin etmək, məlumatları dövlət qurumlarına çatdırmaqla bağlı müəyyən tədbirlər keçirdilir. Əlbəttə belə vəziyyətlərdə psixoloji durumun pozulması hər an mümkündür. Biz rahat yaşamağa, sərbəst hərəkət etməyə vərdiş etmiş insanlarıq.  Bizim içimizdə hər sahədə çalışan adamlar var. Fəaliyyətin məhdudlaşması, insanın özünün daxili dünyasını, hisslərini biruzə verə bilməməsi, onu realizə edə bilməməsi avtomatik psixoloji problemlər yaradır. Təbii ki, psixoloji problemlərin yarandığı bu dövrdə ruhdan düşmək olmaz, vəziyyəti ciddi təhlil etmək lazımdır.

Tahirə Qafarlı

Xəbər xətti