“Vətəndaş cəmiyyəti bütün dövrlərdə vətəndaşın yanındadır”- Fərasət Qurbanov

18:53 - 10 İyun 2020 - KİVDF

“Dezinformasiya yayan, ölkəmizin bu sahədə atdığı addımlara kölgə salmağa çalışan insanların təxribat xarakterli əməllərinə uya bilmərik”

Cəmiyyət, Dövlət, insan kapitalı, vətəndaşın öz potensial gücü ilə formalaşır. Cəmiyyətin bütün resursları üzrə inkişaf zəncirinin möhkəmliyi, sistemli, ardıcıl şəkildə nizamlanması, sosial-ictimai nəzarətin ədalətli təşkili bu sistemin “onurğa sütunu”nu təşkil edən əsas xətdir. Sivil cəmiyyətin inkişaf mahiyyəti,  öz rolunu düzgün təyin edib, daim hərəkət və axtarışda olması ilə realizə edilir ki, bu da vətəndaş cəmiyyəti institutlarının inkişafı zərurətini ortaya qoyur.

Proseslərə pandemiyanın meydana çıxardığı amillərin rakursdan yanaşsaq, bu dövrdə vətəndaş cəmiyyətinin özünü dərk etməsi və üzərinə düşən missiyanı anlayaraq, dövlətin təminatını qazanması, inkişaf etməsi üçün apardığı təbliğat, maarifləndirmə və ideoloji  mübarizə nə dərəcədə yetərli hesab oluna bilər?

“Üç nöqtə”yə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bu və digər məsələlər ətrafında maraqlı nüanslara diqqət çəkib. O, pandemiya ərəfəsində cəmiyyətdə üzə çıxan boşluqların aradan qaldırılmasına istiqamətlənmiş dövlət və vətəndaş cəmiyyəti institutlarının rəhbər tutduğu  “yol xəritəsi”ni təqdim edib.

“Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bütün qüvvələrini səfərbər etdi”  

- Fərasət müəllim, hazırda cəmiyyətin düşüncəsində  koronavirus pandemiyası ilə bağlı olan narahatlıqlar  əsas yerdə dayanır. Məlumdur ki, vəziyyətin ciddiliyi karantin rejiminin daha da sərtləşməsi ilə müşahidə olundu.  Pandemiya ilə bağlı cərəyan edən prosesləri nəzərdən keçirsək,  vətəndaş cəmiyyətlərinin bu durumla bağlı  gördüyü işləri necə dəyərləndirərdiniz?

- Əlbəttə, vətəndaş cəmiyyəti bütün dövrlərdə cəmiyyətin əsas institutları olaraq  vətəndaşın yanındadır və daim mövcud problemlərin həllinə istiqamətlənmiş fəaliyyət göstərir. Covid-19 koronavirus pandemiyasının ilk dövrlərindən başlayaraq vətəndaş cəmiyyətləri təşəbbüslərlə çıxış etdi. Ölkəmizdə pandemiyanın qarşısının alınması üçün cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl qabaqlayıcı tədbirlərə dəstək olaraq vətəndaş cəmiyyətləri təşkilatları da vətəndaşlara müraciət edib insanları Prezidentin, birinci  vitse-prezidentin xalqa müraciətinə əməl edərək “evdə qal” kampaniyasına qoşulmağa səslədilər. Əlbəttə, təbiətin, yaxud hansısa qüvvələrin qəfil dünyamıza gətirdiyi bu qorxunc təhlükədən qorunmaq üçün azad, sərbəst həyata öyrəşmiş cəmiyyətin müəyyən dəstəyə ehtiyacı var idi.  Qeyd etdiyim kimi, dövlətimiz ilk günlərdən ardıcıl tədbirlər həyata keçirdi. Ölkəyə giriş, çıxış məntəqələrinin, təhsil müəssisələrinin bağlanması, bir sıra ictimai yerlərdə məhdudlaşdırıcı tədbirlərin tətbiqi pandemiyanın geniş yayılmasının qarşısını aldı.  Ölkəmiz ilk dövrdə - mart, aprel, may aylarında çox az fəsadlarla pandemiyadan çıxa bildi. Dövlət hərtərəfli dəstək paketi hazırlamaqla vətəndaşa sosial, iqtisadi sahədə yardımlar etdi ki, bu da insanlarımızın pandemiyadan az zərərlə çıxarmasına gətirib çıxartdı.

Təbii ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da vətəndaş cəmiyyətləri təşkilatlarının, xüsusilə onların ən fəal institutlarından olan QHT-lərin bu prosesdə yaxından iştirakını təmin etmək üçün bütün qüvvələrini səfərbər etdi. Aprel ayının 2-də Şuranın təşəbbüsü ilə QHT-lərin onlayn konfransı keçirildi və 400-ə yaxın QHT birbaşa bu müzakirələrə qoşularaq pandemiya ilə bağlı yaranmış vəziyyəti geniş müzakirə etdi. 

Şura yanında 40 nəfər QHT nümayəndəsindən ibarət İctimai Qərargah yaradıldı və sonradan onun tərkibi 100-ə yaxınlaşdı. Konfransda qeyri - hökumət təşkilatlarının bu məsələyə çox böyük həssaslıqla yanaşdığı, təəssübkeşliklə dövlətin, vətəndaşlarımızın yanında olduğu, vətəndaşımıza dəstəyin təmin olunmasında dövlət qurumlarına dəstəklə bağlı təkliflər səsləndirdilər. Bizim İctimai Qərargah özü bir neçə dəfə onlayn konfranslar keçirdi, QHT-lərdən qərargaha çoxlu sayda müraciət daxil olurdu. Biz həmin müraciətlərin aidiyyəti üzrə təmin olunması üçün müəyyən həssas təbəqədən olan insanlara –ahıllarımıza, tənha insanlara yardımların təşkili üçün müvafiq icra hakimiyyətlərinə müraciətlər etdik. Onlar da bizim qərargahın təkliflərinə dərhal reaksiya verdilər və həmin insanlara müəyyən yardımlar göstərilirdi.

Mart ayının sonunda Şura sədrinin QHT-lərə  çağırışı oldu. Orada bu dövrdə kütləvi tədbirlərin, təlimlərin təşkili, keçirilməsinin təxirə salınaraq  pandemiyadan sonrakı dövrdə həyata keçirilməsi tövsiyə olundu.  QHT-lər bu məsələlərə çox ciddi şəkildə əməl etməklə yanaşı hərtərəfli dəstəyi təmin edirlər. Təbii ki, karantin dövrünün ilk mərhələsi aprel ayının 29-na, sonra mayın 29-na,  indi isə iyunun 15-nə və 31-nə qədər uzadılması ilə bağlı qərar verilib.

Bəzi rayon və şəhərlərdə isə şənbə-bazar günləri xüsusilə ciddi rejim tətbiq olundu. Əlbəttə ki, bu dövrdə vətəndaşların, QHT-lərin “evdəqalma” müddətinin səmərəli təşkili üçün Şura silsilə tədbirlər həyata keçirdi. Və biz 10 tədbirlər proqramını nəzərdə tutan plan hazırladıq və çox maraqlı mövzuları onlayn qaydada müzakirəyə çıxardıq. Birinci mövzumuz pandemiyanın yaratdığı psixoloji gərginliklərlə bağlı oldu. Bu prosesdə QHT sektorunda olan psixoloqlarımız, həkimlərimiz  yaxından iştirak etdilər. Məhz bu dövrdə hansı psixoloji problemlərin yaranmasının mümkünlüyü, onların həlli üçün onlayn xidmətlərin təşkilini QHT və vətəndaşlarımıza bildirdilər. Və bu müddət ərzində həmin psixoloqlara çoxsaylı müraciətlərin edildiyinin şahidi oluruq. 

Biz aprel ayının 7-dən bu istiqamətdə tədbirlər keçirməyə başladıq, aprelin 9-da isə “Pandemiya ilə mübarizədə ciddi maarifləndirmə” mövzusunda konfrans  keçirildi. Və QHT sektorunda təmsil olunan nüfuzlu həkimlərimiz vətəndaşlarımıza gigiyenik vasitələr, onlardan istifadə qaydaları və tibbi maarifləndirmə sahəsində hərtərəfli məlumat verdilər.

- Pandemiya dünyanın yeni düzənlə idarə olunduğu məsələsini ortaya qoyur. Artıq dünya ölkələrinin media və sosial şəbəkələrindəki məlumatların da bu yeni düzəndə nələrin baş verəcəyi, dünyanı nələrin gözlədiyi çözülür. Sizcə bu yeni düzənin vətəndaş cəmiyyətləri qarşısında qoyduğu tələbləri nədir?
- Şuranın təşkil etdiyi növbəti onlayn tədbirində də bu istiqamətdə ortaya çıxan məsələlər ətrafında müzakirələr aparıldı. Burada QHT sektorunda təmsil olunan filosoflarımız, alimlərimizlə birlikdə pandemiyanın dünyanın düzəninə təsiri məsələlərini müzakirə etdik. Çox maraqlı müzakirələr oldu. Bizim hər onlayn konfransda ən azı 200-ə yaxın QHT nümayəndəsi iştirak edirdi və təbii ki, bu, digər sosial şəbəkələr vasitəsi ilə canlı yayımlanırdı. 

Bizim daha bir tədbirimiz QHT  sektorunda təmsil olunan mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə oldu.  Bu tədbirdə vətəndaşlarımızın evdə qalma müddətlərinin daha səmərəli təşkili edilməsi üçün  QHT sektorunda təmsil olunan artistlərimizin onlayn çıxışlarının önəmi irəli çəkildi. Artislərimiz öz musiqi əsərlərini evdə qalan yaşlı insanlar üçün canlı şəkildə səsləndirdilər. Tədbir insanlara bir nostalji hisslər bəxş etməklə yanaşı, həm də onların mənəvi dünyasının zənginləşməsinə də yardım göstərdi. Daha bir tədbirimiz isə vətənpərvərlik mövzusuna  həsr olundu. QHT sektorunda təmsil olunan şairlərimiz, qiraət ustalarımız  vətəndaşlarımıza vətənpərvərlik, sevgi mövzusunda şeirlər oxudular. Bu da insanlarımızda xoş duyğular, sabaha sevgi ilə baxmaq hissini artırdı və “evdəqalma” müddətinin yaxşı təşkilinə öz töhfəsini verdi. 

Təbii ki, burada ciddi müzakirələr aparıldı. Növbəti tədbirimiz “ koronavirusun gətirdiyi rəqabətdə, 4-cü sənaye inqilabı” mövzusuna həsr olundu. Burada da QHT sektorunda təmsil olunan iqtisadçı alimlərimiz, növbəti  dövrdə 4-cü sənaye inqilabının nələrə gətirib çıxaracağına, texnoloji yeniliklərin tətbiqi ilə bağlı bizim vətəndaşlara geniş məlumat verdilər. Əlbəttə, QHT –lər beynəlxalq əlaqələrin müzakirəsindən də kənarda qalmadılar.  Şura  10 ölkənin həyata keçirdiyi “immunitet estafeti”nə qoşuldu. Bu, Polşa, Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ və digər ölkələrin təmsil olunduğu “immunitet estafeti”idi. Biz həmin estafeti “Russkaya velikaya” fondundan  aldıq. 30 QHT həmin estafetə qoşularaq 65 yaşdan yuxarı insanların evində oldular və onlara ərzaq yardımlarının paylanmasını təmin etdilər.  Bu çox möhtəşəm kampaniya idi.

(davamı var)

Xəbər xətti