“Tamaşaçı olmasa, biz, aktyorlar “biz” olmarıq”

Əmrah Dadaşov: “Əsas sənətdir”

“Düşünürəm ki, teatra bir-iki dəfə gələn tamaşaçıda artıq teatr sevgisi başlayır. Biz, aktyorlar səhnədə olduğumuz zaman tamaşaçıdan böyük enerji alırıq. Sənətə dəyər verən cəmiyyət onsuz da sənətçilərə də dəstək olacaq. Bunu deyim ki, tamaşaçı olmasa, biz, aktyorlar “biz” olmarıq. Suala belə cavab verim, biz birlikdə hər şeyin öhdəsindən gəlməliyik. Güc birlikdədir”. “Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Dövlət Akademik Musiqili teatrının istedadlı aktyoru Əmrah Dadaşovdur.

-Elə bir sahə ilə həyat yollarınızı bağlamısınız ki, həm çətin, həm məsuliyyətlidir. Seçim özünüzün olub, ya ailədən gəlib?
-İlk olaraq deyim ki, bütün peşələr, bütün sahələr məsuliyyət tələb edir. İnsan hansı işin, hansı peşənin sahibi olmasından asılı olmayaraq məsuliyyətli olmalıdır. İncəsənət mənim qanımda, canımdadır. Buna görə də seçimi özüm etmişəm. Lakin ailəm də hər zaman dəstək olub.

-Sənətə gələndə onun maddi tərəfini fikirləşirdinizmi?
-Bu sənəti seçəndə bütün çətinliklərini gözə almışdım, amma özümə güvənirdim. İnsanlar əziyyətinin qarşılığını, bəhrəsini gec-tez görürlər. Bu günə şükürlər olsun. Əsas sənətdir. Əgər sənətin varsa, hər şey əldə edəcəksən.

-Nə zamansa düşünürdüz, bir gün Əmrah bəy tanınmış aktyor olacaq?
-Düşünmürdüm, çalışırdım. Mənim üçün xəyal qurmaqdan öndə məqsəd dayanır. İnsan qarşısına məqsəd qoyub, o məqsədə doğru irəliləməlidir. Bir də o məqsədə çatmaq üçün üzərində çalışmalısan. Bunlar olandan sonra seviləcəksən. Mənə görə tanınmaq deyil, sevilmək önəmlidir. Məni hər kəsin tanıması xoşbəxt etməz. Məni hamı tanımasın, amma tanıyanlar peşman olmasın.

-Aktyorlar arasında belə bir fikir ayrılığı da var. Teatr aktyorları qeyd edir ki, səhnəyə çıxmaq və sənə həvalə olunan obrazı təqdim etmək kamera qarşısına çıxmaqdan qat-qat çətindir...
-Teatr böyük sevgidir. Mən teatrda işləməyən heç bir aktyoru ciddi qəbul etmirəm. Teatr sənətin özüdür. Aktyor kamera qarşısında bir neçə dubla çəkilirsə, teatr səhnəsində belə məqamlar olmur. Teatr canlı sənətdir. Tamaşaçı ilə canlı ünsiyyətdə olursan ki, bu ünsiyyət də tamam başqadır.

-Teatrdan danışmışkən, müasir Azərbaycan teatrını necə qiymətləndirisiniz?
-Müasir Azərbaycan teatrı daim inkişafdadır. Cənab Prezident İlham Əliyev teatr sahəsinə çox böyük diqqət və qayğı göstərir. Buna görə Cənab Prezidentə minnətdaram. Bu gün teatrlarımızda çox gözəl əsərlər tamaşaya qoyulur, bir-birindən maraqlı tamaşalar hazırlanır. Azərbaycan Dövlət Akademik Musiqili teatrının aktyoru kimi deyə bilərəm ki, bizim teatra gələn tamaşaçılar çox vaxt heyrət içərisində olurlar. Janr dəyişikliyi var, rəngarənglik var. Tamaşaçı bir tamaşaya gəlib gülürsə, o biri tamaşadan kədərlənib gedir. Yəni tamaşaların sayı çoxdur.

-Sizcə, cəmiyyət sənətə tabe olmalıdır, ya sənət cəmiyyəti öz arxasınca  aparmalıdır. Aparmalıdırsa, biz bunu bacarırıqmı? 
-Düşünürəm ki, teatra bir-iki dəfə gələn tamaşaçıda artıq teatr sevgisi başlayır. Biz, aktyorlar səhnədə olduğumuz zaman tamaşaçıdan böyük enerji alırıq. Sənətə dəyər verən cəmiyyət onsuz da sənətçilərə də dəstək olacaq. Bunu deyim ki, tamaşaçı olmasa, biz, aktyorlar “biz” olmarıq. Suala belə cavab verim, biz birlikdə hər şeyin öhdəsindən gəlməliyik. Güc birlikdədir.

-Məcburiyyət qarşısında qalıb tamaşaya özünüzdən əlavələr etmisiniz?
-Bu əslində məcburiyyət deyil. Termin olaraq bu “improvizasiya” adlanır. Bu çox yaxşı bir şeydir. Amma çərçivədən çıxmamaq şərti ilə. Aktyorun hazırcavab olması mütləqdir. Aktyor hər bir halda çıxış yolu tapmalıdır. Özümdən deyim, səhnədə çox rahatam, düşdüyüm vəziyyətdən çıxış yolu tapa bilirəm.

-Bəzən deyirlər ki, istedad sonradan qazanılan bir şey deyil. Gərəkdir ki, istedadlı doğulasan…
-İstedadsız insan yoxdur. Allah hər bir bəndəsinə istedad verir. Təbii ki, başqa-başqa peşələr üzrə. İnsan özündə olan istedadı kəşf etməli və istedadını inkişaf etdirməlidir.

-Teatrın əsas meyarlarından biri də tamaşaçılardır. Teatra tamaşaçıların gəlişi nə vəziyyətdədir?
-Teatrı sevənlər günü-gündən artır. Biz, aktyorlar da əlimizdən gələni edirik ki, tamaşaçılar bizdən razı qalsın. Yəni, gələn tamaşaçılar teatrdan küsməsinlər, əksinə onu daha da çox sevsinlər.

-Bir az da “Arpa çayı, ayrılıq nəğməsi”ndən danışaq...
-İran istehsalı olan bir filmlə bağlı təklif gələndə ciddi qəbul etməmişdim. Sonra öyrəndim ki, çox gözəl bir filmdir və mənim üçün çox böyük bir uğurdur. İranın tanınmış rejissoru Ali Abdalın təklifini qəbul etdim. Nə yaxşı ki, belə bir filmdə baş rol ifaçısı olmaq mənim qismətimə düşdü. Hər şey çox gözəl oldu. Özümü heç qürbətdə belə hiss etmədim. Filmin komandası olduqca gözəl idi.

-Aktyor hansı mərhələdən sonra belə desək, səhnə üçün hazır hesab oluna bilər?
-İlk olaraq istedad, daha sonra təhsil və bununla yanaşı çalışqanlıq önəmlidir. İstedaddan bir az öncə danışarkən vurğuladım ki, Allah hərəyə bir istedad verir. İstedadı kəşf etdikdən sonra təhsilini alıb insan öz üzərində çalışmalıdır. Daim çalışmaq lazımdır. Səhnəyə ilk dəfə çıxan aktyor o demək deyil ki, səhnə üçün hazırdır. Səhnənin sirlərinə yiyələnmək lazımdır. Aktyor səhnədə püxtələşir.

-Deyirlər aktyor rezin kimi olmalıdır. Bu fikirlə razısınızmı?
-Aktyor daim özünü formada saxlamalıdır. Rezin ona görə ki, oynadığı rol quru olmasın. Bir də görərsən ki, 120 kiloluq bir aktyor səhnədə elə bir şey edər ki, onu heç digər aktyorlar ondan gözləməzdilər.

-Maraqlıdır, tamaşaya necə hazırlaşırsınız?
-Mənə görə, birinci növbədə aktyor obrazı sevməlidir. Obrazı sevmək önəmlidir. Sevdinsə, o obrazı özündə hiss edib zamanla hazır vəziyyətdə olacaqsan.

-Aktyor kimi özünüzü necə inkişaf etdirirsiniz?
-İnkişaf sevgidən irəli gəlir. Sənətimi sevirəm, odur ki, özümü inkişaf etdirirəm. Əslində çoxsu deyir ki, kimdənsə nəsə götürməyim, amma lazımdır ki, digər aktyorlardan da faydalanasan. Hər kəsdən bir şey götürəndə və bunu cəm şəklində ortaya qoyanda olursan, gözəl aktyor. Köhnə aktyorlardan öyrənmək lazımdır. Öyrənmək pis bir şey deyil. Uşaqlıqdan Nurəddin müəllim Mehdixanlıya baxıb öyrənmişəm. Onu çox sevirəm. Hətta məni ona çox bənzədirlər. Bu gün belə Nurəddin müəllimin hər tamaşasını izləyirəm. Nurəddin müəllimlə yanaşı Xalq artistləri Fəxrəddin Manafov, Rasim Balayev kimi aktyorlardan da bəhrələnmişəm. Zənnimcə, aktyor güzgünün qarşısında məşq etməlidir. Ki, özünü görsün, inkişaf etdirsin.

-Digər teatrlara tez-tez gedirsiniz?
-Həmişə ağlımda bir şey olub ki, mən dram aktyoruyam. Həmişə özümü dramda görmüşəm. Universitetdə oxuduğum zaman tez-tez Milli Dram Teatrına gedirdim. Düzdür, digər teatrların tamaşalarına, eləcə də Musiqili Teatrın tamaşalarına da baxırdım, amma tez-tez Milli Dram Teatrına gedirdim. Çünki özümü daramatik obrazlarda tapırdım. Milli Dram Teatrında izləmədiyim bir tamaşa yoxdur. Tələbəlik illərimdə nə zaman Milli Dram Teatrında tamaşa olurdusa, gedib baxırdım. Mən Musiqili Teatra dəvət alanda Əliqismət müəllim Lalayev mənim əlimdən tutub çox kömək elədi. Bayaq dedim ki, istedad, çalışqanlıq lazımdır, amma bunlarla yanaşı sənin əlindən tutan birisi də mütləq olmalıdır. Mənə də bu dəstək Əliqismət müəllim tərəfindən olub. Əliqismət müəllim sağolsun, məni Teatra dəvət elədi, mən də dəyərləndirib getdim. Musiqili Teatra gedəndə düşünürdüm ki, orada sırf komedik tamaşalar olar. Amma bu gün Musiqili Teatrın repertuarı çox zəngindir. Elə tamaşalar var ki, həddən çox dramatikdir. Yəni repertuar rəngarəngdir. Bu gün deyirəm ki, yaxşı ki, bu Teatrın aktyoruyam. Vaxtım olduqca digər teatrların tamaşalarını yenə də izləyirəm. Doğrdudan da, Azərbaycan teatrları inkişaf edir, çox gözəl tamaşalarla insanların qarşısına çıxır.

-Bir neçə ay öncə Asya xanımla nişanlandınız. Xoşbəxt olasınız. İki incəsənət nümayəndəsi arasında müzakirələr olurmu?
-Təbrik üçün çox sağolun, sizə qismət. Fikrim bir az qəribə səslənəcək, mən heç vaxt incəsənətdən biri ilə ailə quracağımı düşünməmişəm. Heç vaxt ağlıma gəlməzdi. Asya ilə tanış olanda düşündüm ki, illərdir, axtardığım insan elə Asyadır. Birini sevirsənsə, ailə qurmaq istəyirsənsə, peşənin önəmi yoxdur. Bunu da əlavə edim, həddən artıq qısqanc olduğum üçün Asyanın tamaşalarını gedib izləyə bilmirəm, nə də onun çəkildiyi filmlərə baxa bilmirəm. O da bunu normal qəbul edir. Düzdür, Asya bütün tamaşa və uğurlarımda yanımdadır, mən də onun yanındayam, lakin belə gedib baxa bilmirəm. Asya bilir ki, mən nəyə qarşıyam. Hansı obrazı hansı çərçivədə oynamaq olar, ya yox, bunları bilir, amma yenə də gedib onun tamaşalarını izləyə bilmirəm. Belə incəsənət ətrafında müzakirələrimiz olur. Əsərləri, tamaşaları müzakirə edirik. Sənətdən çox ailəyə önəm veririk.

-Gələcəkdə ikiniz birlikdə baş rolda çəkilmək kimi bir iddia varmı?
-Nişan mərasimindən sonra bizə, bəlkə də, onlarla təklif olub. Həm film, həm serial, həm də reklam sahəsindən. Zamanla dəyərləndirəcəyik. Düşünürük ki, elə başqası ilə oynayınca özümüz oynayarıq. Düzdür, qadağa yoxdur ki, başqa tərəf müqabili olmasın, lakin təkliflər ikimizə gəldiyi üçün dəyərləndirməyə çalışacağıq.

-Əmrah bəy, bir daha deyirəm, xoşbəxt olasınız.  Çox sağolun ki, dəvətimi qəbul edib müsahibə verdiniz.
-Siz sağolun.

Rövşən Tahir

Tarix
10 İyun 2020 [16:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-10 16:46:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin