Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda verilə bilər

17:21 - 10 İyun 2020 - KİVDF

İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti vətəndaşların pozulmuş hüquqlarının və mənafelərinin bərpasında təcəssüm edir

Hüquqi dövlətin sistemi və fəaliyyəti lazımi şəkildə təşkil olunmuş məhkəmə hakimiyyəti ilə təmin olunur. Qorunması müasir hüquqi dövlətlərin başlıca vəzifəsinə çevrilən şəxsiyyətin hüquq və azadlıqları ədalət məhkəməsi çərçivəsində məhz dəyər kimi qəbul olunur. Bunu hüquq üzrə fəlsəfə doktoru Nərmin Baxşıyev deyib. Onun sözlərinə görə,  hüquqi dövlətin sistemi və fəaliyyəti lazımi şəkildə təşkil olunmuş məhkəmə hakimiyyəti ilə təmin olunur. “Qorunması müasir hüquqi dövlətlərin başlıca vəzifəsinə çevrilən şəxsiyyətin hüquq və azadlıqları ədalət məhkəməsi çərçivəsində məhz dəyər kimi qəbul olunur. Demokratik ölkələrdə insan hüquqlarının mexanizmində məhkəmə müdafiəsi xüsusi rol oynayır. İnzibati orqanlar tərəfindən pozulmuş hüquq və azadlıqların mühüm müdafiə mexanizmi inzibati məhkəmə icraatıdır”,- o deyib.

 Qeyd edək ki, ölkədə demokratik institutların inkişafı, məhkəmənin vətəndaş hüquqlarının müdafiəsindəki rolunun dərk edilməsi ilə bağlı olaraq vətəndaşlarda hüquq düşüncəsinin artması da inzibati məhkəmə icraatının yaradılmasının əsas səbəblərindən biri olub. Nərmin Baxşıyev qeyd edib ki, qanunvericilikdə idarəçilik funksiyalarının dəqiq bölüşdürülməsi hüquq və azadlıqların real təminat mexanizminin, həmçinin, dövlət orqanlarının səlahiyyət hüdudlarının dəqiq müəyyənləşdirilməsi özlüyündə fərdlərə inzibati aktları sərbəst hüquqi düşüncəyə əsasən qiymətləndirmək imkanı yaradır. Onun sözlərinə görə, məhkəmələrin inzibati orqanların fəaliyyəti üzərindəki nəzarət səlahiyyəti heç də qeyri - məhdud deyildir. İnzibati məhkəmə icraatında təcəssüm edən məhkəmə nəzarətini məhdudlaşdıran aşağıdakı müddəaları müəyyənləşdirmək olar: 1) bu nəzarət mexanizminin fəaliyyətə başlaya bilməsi üçün mütləq şəkildə hüquqlarına və ya qanunla qorunan mənafeyinə toxunulmuş şəxs iddia ilə məhkəməyə müraciət etməlidir və iddianın mümkünlüyü prinsipinə riayət olunmalıdır. Bəs bu necə tənzimlənir?

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə (İddianın mümkünlüyü) əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (35.1). Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir.

İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Bu məcəllənin 40-cı maddəsinə (Müvəqqəti xarakterli müdafiə) əsasən,  maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər (40.1). Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər (40.2.).

Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoyur. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

AR İPM-in 43.1- ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması;. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi əsas sayılır. Ərizəçi məhkəməyə nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.

Bu məcəllənin 41-ci maddəsinə (İnzibati aktın icrasının dayandırılması) əsasən, İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Beləliklə, İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti vətəndaşların pozulmuş hüquqlarının və mənafelərinin bərpasında təcəssüm edir. İnzibati orqanların üstün səlahiyyətlərə, ictimai gücə malik olması, bəzən isə xüsusi hüququn subyektlərindən daha məhdud hərəkət edə bilmələri kimi xüsusiyyətlər inzibati məhkəmə icraatının məhkəmə icraatının müstəqil növlərindən biri kimi fəqləndirilməsinin mühüm əsaslarından biridir. Dövlət mühakimə icraatının bu forması vasitəsilə vətəndaşın hüquqlarının və maraqlarının hakimiyyətin əsassız müdaxilələrindən qorunmasına zəmanət verir. Haqlı olaraq qeyd olunur ki, vətəndaşların və hüquqi şəxslərin hüquq və azadlıqlarını təmin edən, yüksək səviyyədə təşkil olunmuş inzibati məhkəmə icraatının mövcudluğu hüquqi dövlətin mühüm əlamətlərindən biridir.

İnzibati orqanların hüquqauyğun fəaliyyətini təminedəcək ən təsirli yol olan məhkəmə nəzarəti vətəndaşları onların özbaşınalığından qorumaqla bərabər, müvafiq olaraq onları da ictimai marağa zidd davranışdan çəkinməyə sövq edir.

(davamı var)

Xəbər xətti