Sumqayıtda binada uçqun olub, xəsarət alan var

12:30 - 10 İyun 2020 - HADİSƏ

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı uçqun baş verən binaya baxış keçirib.

“Report”un xəbərinə görə, qəzalı vəziyyətdə olan binada 26 məcburi köçkün ailəsinin yaşadığı bildirilib.

Qeyd olunub ki, hazırda həmin ailələrdən 5-i köçürüləcək və kirayə mənzillərdə yerləşdiriləcək.

Həmin ailələrin sentyabra qədər Sumqayıtda tikintisi yekunlaşdırılacaq şəhərcikdəki mənzillərə köçürüləcəyi gözlənilir.

Xatırladaq ki, ötən gecə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olub.

Belə ki, binanın girişində pilləkənin uçması nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlı) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.

Xəbər xətti