Uşaqların tərbiyəsində nələrə diqqət yetirməliyik?- Ekspert MƏSLƏHƏTİ

18:27 - 9 İyun 2020 - Cəmiyyət

Tərbiyə nədir? Tərbiyə uşaq fəaliyyətinin yetkinləşməsini, şəxsiyyətin formalaşmasını təmin edən bir prosesdir. Məhz bu proses elə həyata keçirilməldir ki, gələcəkdə ölkə üçün faydalı bir vətəndaş yetişsin. Uşaqların düzgün tərbiyəsi necə olmalıdır? Üç nöqtə qəzeti məsələ ilə bağlı ekspertlərin fikrini öyrənib.

BDU-nun Pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elza Mollayeva: “Birinci növbədə valideyn uşaqlara düzgün yanaşmalıdır, uşaqların yaş xüsusiyyətlərini nəzərə almalıdır. Hər bir yaş dövrünün özünəməxsus spesifik yaş xüsusiyyətləri var. Körpəlik dövrünün öz xüsusiyyətləri, məktəb dövrünün tamam başqa, yeniyetməlik dövrünün və ilkin gənclik dövrünün isə ayrıca xüsusiyyətləri var.

Valideynlər uşaqlara psixoloji cəhətdən yanaşma məsələsini gözəl bilməlidirlər, onların fərdi, psixoloji, cinsi əlamətlərinə dərindən bələd olmalıdırlar. Bir sözlə, valideynlər pedaqoji cəhətdən uşaqlarla tərbiyə məsələlərini öyrənməlidirlər. Ailədaxili tərbiyədə “Hansı üslublardan istifadə olunur?” bu məsələ olduqca xüsusi önəm daşıyır. Həmin üslublara bunlar aiddir: avtoritar, liberal, demokratik. Fikrimcə, valideynlər ailədaxili tərbiyədə demokratik üslubla avtoritar üslubun sintezinden istifadə etməlidirlər.

Uşaqlara müstəqillik vermək lazımdır, amma bu müstəqilliklə yanaşı ona nəzarət də vacibdir. Uşağı həddən artıq nəzarətdə saxlamaq da, onu azad buraxmaq da düzgün deyil. Bu məsələlər uşağın inkişafında ciddi maneələr yaradır. Ailədaxili tərbiyədə balanslaşdırılmış nəzarət ən düzgün yoldur. Tərbiyə zamanı ailədaxili münasibətə də diqqət yetirilməlidir. Valideynlər uşaqların tərbiyəsində nümunə rolunda çıxış edirlər.

Əbəs yerə demirlər ki, uşağın tərbiyəsindən əvvəl valideyn öz tərbiyəsinə fikir verməlidir. Uşaqları tərbiyə edərkən valideyn onları cəzalandırır da. Lakin bəzən biz uşağı cəzalandırarkən onları elə tənbeh edirik ki, bu ağır nəticələrə yol açır. Söhbət təkcə fiziki deyil, psixoloji cəhətdən cəzalandırmadan da gedir. Cəzalandırma zamanı bu suala cavab tapılmalıdır; biz onu nəyə görə cəzalandırırıq? Kor-koranə şəkildə tətbiq edilən cəza öz nəticəsini vermir.

Uşaqların tərbiyəsində ağır cəza üsulları yolverilməz haldır, məhz ağır cəzalar uşağın psixologiyasında dərin izlər buraxır. Uşağı məzəmmət etmək, sevdiyi oyundan məhrum etmək kimi üsullarla cəzalandırmaq lazımdır. Cəzalandırma zamanı da yaş xüsusiyyətləri, temperament tipləri nəzərə alınmalıdır. Ümumiyyətlə, tərbiyə prosesində yaş xüsusiyyətlərinə diqqət yetirmək vacib əhəmiyyətli məsələdir. Valideyn bu xüsusiyyətləri bilməlidir, bunları bilməyən valideynlə uşaq arasında çox böyük sədd əmələ gəlir. Yaş dövrlərinin xüsusiyyətlərini bilmək üçün valideynlər oxumalı, maariflənməlidirlər.

Yaş dövrləri içərisində yeniyetməlik xüsusilə fərqlənir. Yeniyetmə yaş dövrü 10-11 yaşdan başlayıb 14-15 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrə “keçid dövrü” deyilir. Yeniyetməlik dövrünün belə adlandırılması təsadüfi deyil, bu dövr uşaqlıqdan gəcliyə keçidlə xarakterizə olunur. Valideynlərin müəyyən bir qismi bilmir ki, yeniyetməlik dövründə onların övladında baş verən dəyişikliklər nə ilə əlaqədardır? Yeniyetməlik dövründə  hormonlar inkişaf edir, “yaşlılıq” sindromu deyilən bir məqam özünü göstərir, ilk məhəbbət yaranır. Bunları valideynlər bilmir. Bilmədiyi üçün də onlarla övladları arasında konfliklər yaranır və bu da ünsiyyətin pozulması ilə nəticələnir”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə: "Bunu deyim ki, valideynlər birinci olaraq öz tərbiyələrinə diqqət yetirməlidirlər. Uşağın tərbiyəsi valideynin tərbiyəsindən doğur. Ailədaxili tərbiyə necə olmalıdır? Bir çox hallarda biz hüquq pozuntularını natamam tərbiyəli ailələrdə böyüyən uşaqlarda görürük. Bu səbəbdən də ailədə tərbiyə elə olmalıdır ki, uşaq sağlam yetişsin. Bu işdə ana ilə yanaşı, ata da məsuliyyət daşıyır.

Azərbaycanda ailə nisbətən mürəkkəb xarakter daşıyır. Belə ki, bu ailələrdə nənələr, babalar, əmilər, dayılar, xalalar var. Belə mürəkkəb ailələrdə ailədaxili tərbiyə də fərqli olur. Ailədə tərbiyə ilk növbədə uşağı anlamaq, onun fikrinə hörmət etmək, yanlışlıqlara yol verdiyi zaman onları uşağa izah etməkdir. Tərbiyə zamanı cəza olmalıdır, amma söhbət hansı cəzadan gedir. Cəza şiddət, yüksək tonda qışqırmaqdırsa, bu cəza deyil. Uşağı onun anlaya biləcəyi dildə başa salmaq lazımdır ki, səhvlərindən nəticə çıxarsın.

Məsələn, onu nədənsə təcrid etmək olar. Tutalım ki, uşaq hansısa bir səhv edib, onu gəzintiyə aparmamaqla ona yüngül cəza tətbiq etmək olar ki, uşaq tərbiyələnsin. Ailədə uşağa vəzifələrini izah etmək lazımdır. Ümumiyyətlə, valideynlə uşaq arasında bir maneə körpüsü deyil, dostluq münasibətləri hökm sürməlidir ki, onlar arasında inam, etibar da yaransın. Bu amillər əsasında uşaq tərbiyə olunur, şəxsiyyət kimi formalaşır. Valideynlər uşağın asudə vaxtlarının düzgün təşkilinə də diqqət yetirməlidirlər. Asudə vaxt toylara getmək, gəzintilərdə olmaq demək deyil, bu vaxt zamanı uşağın intelektual inkişafına nail olunmalıdır.

Belə ki, onları dərnəklərə aparmaq və digər faydalı işlərlə məşğul olmaq lazımdır. Uşağın asudə vaxtını düzgün təşkil etmək vacib məsələdir. Bu gün sığınacağımızda müxtəlif ailələrdən olan uşaqlarla bunu edə biliriksə, deməli, asudə vaxtı düzgün təşkil etmək mümkündür. Uşağın asudə vaxtı yaşına uyğun şəkildə təşkil olunmalıdır. Uşaqların tərbiyəsində yaş xüsusiyyətləri də önəmli məsələlərdəndir. Uşaq doğulandan artıq onda formalaşma prosesi də başlayır. Yüksək səs tonu uşaqda aqresiyya formalaşdırır.

Psixoloji xüsusiyyətlər nəzərə alınmalı, tərbiyədə hər yaş dövrünün xarakteristikasına diqqət yetirilməlidir. İnsanın inkişafında önəmli mərhələlərdən birini keçid dövrü təşkil edir. Bu zaman ən çox diqqət yetirəcəyimiz amil həmin uşağın çevrəsi olmalıdır. Onun ünsiyyət qurduğu insanlarla maraqlanmaq lazımdır. Bir də bildiyimiz kimi, müasir dövr texnologiya əsridir, daha çox diqqət yetirmək lazımdır ki, onlar internetdən düzgün istifadə etsinlər. Bunu da əlavə edim, keçid dövründə insan müəyyən dəyişikliklərə məruz qalır, istər fiziki, istərsə də psixoloji. Ona görə də dövrdə uşaqlarla anlayışlı davranmaq lazımdır".

Psixoloq Aidə Nəbiyeva: "Valideynlər ilk növbədə uşağın düzgün tərbiyəsi üçün ümumi qarşılıqlı münasibətlərinə diqqət yetirməlidirlər. Əgər qarşılıqlı münasibətlər yerində deyilsə, uşağın tərbiyəsində də fəsadlar özünü göstərəcək. Ailədə valideynlərin fikirlərində müəyyən dərəcədə ayrılıq olarsa, tərbiyədə müəyyən mənfi cəhətlərlə qarşılaşarıq. Ailədaxili tərbiyə standart qaydalarla, ailənin təmin elədiyi qaydalarla, cəmiyyətə uyğun şəkildə aparılmalıdır.

Uşağın tərbiyəsində valideynlərin hər ikisinin üzərinə ciddi iş düşür. Tərbiyə zamanı kənar təsirlər qətiyyən qəbul edilməməlidir. Uşaqları yalnız valideynlərin özləri tərbiyə etməlidir. Uşaqların tərbiyəsi zamanı yüngül cəza qaydaları olmalıdır ki, bunlar sırasında daha çox emosional cəzaya daha çox üstünlük verirəm. Valideyn uşağın yaratdığı problemi görüb, ondan üzünü çevirməli, göz kontaktını uzaqlaşdırmalı, hətta "Mən sənin etdiyindən narahat oluram, bunlar məni incidir" kimi cümlələrdən istifadə etməlidir.

Emosional cəza ən təsirli vasitələrdən biridir. Valideynlər uşaqların asudə vaxtlarını da düzgün təşkil etməlidirlər. Asudə vaxtın təşkili ailənin əsas vəzifələrindən biridir. Burada əsas yeri oyun tutmalıdır. Adətən Azərbaycanda ailələr oyunu axırıncı sıraya yerləşdirirlər, çox zaman nəzərə almırlar. Bu da uşağın tərbiyəsində çox ciddi fəsadlar yaradır. Bəzi hallarda valideynlər düşünürlər ki, 10 yaşından sonra uşaqlar ümumiyyətlə oyun oynaya bilməzlər.
Bu yanlış fikirdir. 18-19 yaşına qədər oyunlar aktuallıq təşkil etməlidir. Bu amilə çox fikir vermək lazımdır. Uşaqların hər bir tərbiyə modeli yaş dövrünə uyğun qurulmalıdır. Məsələn, yeniyetməlik yaş dövrünün tərbiyə modelini uşaqlıq dövrünə tətbiq etmək olmaz. Bəlli yaş dövrləri var ki, uşağın üzərinə daha çox getmək, bəllli yaş dövrləri isə var ki, əksinə getmək lazım deyil. Bu baxımdan hər bir valideyn çox oxumalı, məlumatlı olmalıdır ki, uşaqları düzgün tərbiyə edə bilsin.

Uşaqların keçid dövründə tərbiyə artıq bitmiş sayılır. Bu dövrdə uşağa nə qədər təsir edilsə də, ciddi iz buraxıla bilmir. Bu dövrdə daha çox kompromisə gedilməli, valideyn uşaqların yanlışlıqları ilə yanaşı öz səhvlərinə də diqqət yetirməlidir. Bir çox valideynlər uşaqların tərbiyəsində buraxdıqları səhvləri yeniyetməlik dövrlərində düzəltməyə çalışırlar. Lakin bu dövr həmin səhvlərin düzəldilməsi üçün əlverişli vaxt deyil. Çünki bu dövrdə yeniyetmənin eqosu müşahidə olunur və o, həmin eqosunun təmin olunması üçün çarpışır".

Rövşən Tahir

Xəbər xətti