İlk təhsil pilləsinin uşaqların inkişafında böyük rolu var

16:08 - 8 İyun 2020 - Cəmiyyət

Uşaqlar cəmiyyətin var olmasının başlıca amilidir. Və cəmiyyətin də düzgün təməllər üzərində qurulması, sağlam olması da məhz uşaqların təlim-tərbiyəsi, təhsillərindən birbaşa asılıdır. Bağça isə təhsilin ilk pilləsi kimi qəbul edilir və buna görə də çox vacibdir. Uşaqlar bağça müddətində həm fiziki, elmi, sosial, həm də dil baxımından böyük inkişaf keçirlər. Buna görə də seçilən bağçanın uşaq üçün təhsili fərdi formada planlaşdırıb verməsi çox əhəmiyyətlidir. Bəzi uşaqlar toxunaraq, bəziləri eşidərək, bəziləri isə görərək daha yaxşı  öyrənirlər. Bu səbəbdən də bağçanın təhsil sistemi bunları, yəni öyrənmə formasını dəstəkləyəcək təcrübəyə sahib olmalıdır.

Uşağın bağçaya başlaması üçün ən uyğun yaş

Uşaqların inkişafı üzrə mütəxəssislər bildirir ki, uşağın bağçaya başlaması üçün ən uyğun yaş 3 yaşdır. Bəzi valideynlər işlədikləri üçün, ya da uşaqlarının yaşıdları ilə daha çox sosiallaşması üçün daha erkən vaxtlarda uşağını bağçaya qoyurlar. Amma mütəxəssislərə görə bu vəziyyətin bəzi çatışmazlıqları var. Çünki uşaq bağçaya yalnız 3 yaşında tamam hazır ola bilir. 3 yaşdan kiçik uşağı bağçaya göndərmək əvəzinə oyun qruplarına qoymaq, yaxud yarım gün bağçaya qoymaq daha məsləhətlidir. Mütəxəssilər onu da vurğulayırlar ki, 3 yaşında bağçaya göndərilən uşaq da birbaşa ilk vaxtdan etibarən bütün gün bağçada saxlanmamalı, yavaş-yavaş artırılması lazımdır. Məsələn, ilk gün 1 saat, 2-ci gün 2 saat, 3-cü gün yarım və daha sonra da bir saat artırılmaqla tam günə çıxarılması faydalıdır. Həmçinin uşağın ilk gün bağçaya başlaması valideynlərin uşağa yaxın ola biləcəkləri bir yerdə olmaları məsləhət görülür ki, uşaq ağlama krizinə girərsə dərhal valideynlər çağırıla bilinsin.

Bağçaya gedən uşaqların akademik olaraq daha bacarıqlı olduğu elmi araşdırmalarla təsdiqini tapıb

Bağçaya gedən uşaqların akademik olaraq bağçaya getməyən, ya da məktəb öncəsi təhsil almayan uşaqlardan daha bacarıqlı olduğu elmi araşdırmalarla təsdiqini tapıb. Buna görə də məktəbdən əvvəl təhsilin əhəmiyyəti böyükdür. Bu təhsil uşağa fiziki, elmi, psixoloji və sosial olaraq müsbət təsir edir. Bununla yanaşı uşağın dil inkişafı da sürətlənir. Həmçinin uşaq valideynindən uzaqda, fərqli bir şəraitdə olacağı üçün öz qərarlarını ala bilmə, qrup içində var ola bilmə, başqalarına “xeyr” deyə bilmə kimi bacarıqlarını inkişaf etdirə bilir. Bağçanın uşağın özünü daha da inkişaf etdirməsi üçün bir çox faydası var. Uşağın göndərildiyi bağçanın fiziki şərtləri ilə yanaşı orada uşaqlarla məşğul olan müəllim və tərbiyəçilərin də işinə hakim olması lazımdır. Yaxşı bir bağça müəlliminin bəzi xüsusiyyətlərə sahib olması vacibdir.  Əvvəlcə bağça müəllimi uşaqlarla birbaşa təmasda olduğu üçün sakit və səbrli olmalıdır. Həmçinin uşaq inkişafını, uşaq psixologiyasını bilməli və bunlar istiqamətində uşağı izləyə bilməlidir. Bağça müəllimi eyni zamanda çox yaxşı bir müşahidəçi olmalıdır. Beləcə, müşahidə apararaq uşağın valideynlərinə və bağçadakı digər mütəxəssislərə bu barədə məlumat verə bilməlidir.

Uşağın məktəbə getmə istəyi güclənir

Yaxşı bir bağça müəllimi, yaxud məktəbəhazırlıq müəllimi uşaqların yaradıcılığını dəstəkləyən və artıran, lazımsız cəzalardan qaçınan, uşağı hər mənada irəliyə daşıya biləcək, öz sahəsində bacarıqlı, bilikli və aktiv olmalıdır. Uşaqlar arasında bağçaya öyrəşməmək halları az da olsa var. Bu halda ananın, atanın və müəllimin birlikdə çalışması əhəmiyyətlidir. Öyrəşmə problem yaşayan uşağa fərdi diqqət göstərilməli, müəllim uşağı qrupdakı aktivliklərlə birlikdə olmasına şərait yaratmalıdır. Həmyaşıdları ilə anlaşmasını, onların birlikdə yaxşı vaxt keçirməsini təmin etməlidir. Çünki uşaq xoşbəxt olarsa məktəbə getmə istəyi güclənir. Bu baxımdan valideynlərin də üzərinə böyük iş düşür. Onlar bu mövzuda mütləq qərarlı olmalı, uşağın bağçayla bağlı narahatlıq, ya da məmnuniyyətsizliyini aradan qaldırma istiqamətində çalışmalıdır. Bağçaya yeni başlayan uşaq yeni bir şəraitə girdiyi üçün müxtəlif adaptasiya problemləri yaşaya bilər. Uşaq bağçaya ilk getdiyi günlərdə ağlama krizizlərinə girər, ana yaxud da atasının yanında olmasını istəyə bilər, ya da bağçada olarkən qəmgin ola bilər, bütün gün ağlayar. Bu müddət adətən keçicidir və ailənin qərarlılığı bu nöqtədə çox önəmlidir. Uşaq narahatlığını və məmnuniyyətsizliyini evə daşıyıb evdə aqresiv, kədərli və nadinc davrana bilər. Bunlar uşağın öyrəşmə müddətində qısa zaman ərzində müşahidə edilə bilər. Ancaq uzun müddət çəkərsə ailə vəziyyəti nəzərdən keçirib bir mütəxəssisdən dəstək ala bilər.

Uşağın bağçaya başladığı ilk zamanlarda onlarla həssas davranmaq lazımdır

Uşağın bağçaya başlaması valideynlərindən uzaqlaşıb fərqli və tanımadığı, qaydalarını bilmədiyi bir şəraitə girməsi anlamına gəlir. Bu müddətdə uşaq müəyyən zaman ərzində bir uyğunlaşma yaşayır. Valideynlərin bu zaman uşağa qarşı daha həssas olmaları lazımdır. Yəni bağçaya başlayan uşağın ana və atası narahat görünməməlidirlər. Çünki bu narahatlıq uşaqda da bağçaya qarşı bir güvənsizlik yarada bilər. Buna görə də valideynlər uşağa bağçada qarşılaşacaqları yeni şeylərlə bağlı olduğu kimi məlumat verməlidirlər. Qətiyyən olduğundan daha yaxşı və ya daha pis anladılmamalıdır. Uşağa yaşayacaqlarını doğru bir şəkildə anlatmazlarsa, bağçaya başladıqda qarşılaşdıqları onun güvənini zədələyə bilər.  Bağçaların uşaq təlim-tərbiyəsində rolu və kiçik yaşlı uşaqlarla davranma məsələləri ilə bağlı “Üç nöqtə” qəzetinə münasibət bildirən psixoloq Gülnar Orucova söyləyir ki,  bu yaş qrupunda uşaqlarla xüsusilə diqqətli davranmaq lazımdır: “Bəzən istədiyimiz uşaq modeli ilə tərbiyə etdiyimiz model eyni olmur. Çünki düşünürük ki, uşağı qarşımıza qoyub onu “olmazlar”la bağlı tənbehləməliyik. Deməliyik ki, bu olmaz, o olmaz və düşünürük ki, ancaq “olmazlar”ı başa salmaqla uşaqları tərbiyə edirik. Bəs bununla uşaq düzgün tərbiyə olunurmu, tərbiyəsi düzgün qurulurmu? Bu gün bir çox valideynlər uşaqlarını bağçaya qoymaq istəmir. Bunun üçün ən böyük arqument isə qadının evdar olmasını və bu səbəbdən də uşağın bağçaya qoyulmasına lüzum olmadığını söyləyirlər. Sadəcə işləyən anaların uşaqları bağçaya getməlidir kimi yanlış fikirlər səsləndirirlər”.

İnsanın binası artıq 6 yaşında tamamlanır

Bu gün uşağı olduğu mühit daha çox tərbiyə edir, nəinki onun ailəsi, deyə vurğulayan psixoloqun fikrincə, uşağımızın hər zaman mühitini düzgün qurmalıyıq və hər zaman onunla düzgün rəftar etməliyik: “Uşağa bu gün aqressivlik göstəririksə, onun sözünü dinləmiriksə, fikirlərini geri çeviririksə gələcəkdə ondan xoş xasiyyət, mülayim davranış, mərhəmət gözləyə bilmərik. Çünki valideynlərin uşağa sırf bu cür rəftarı onun şüuraltısında formalaşır. Uşağın şüuraltısında necə formalaşırsa, o cür də həyata keçirilir. Belə bir deyim var: İnsan 7 yaşında nədirsə, 70 yaşında da odur. Freyd də deyir ki, insanın binası artıq 6  yaşında tamamlanır.  Biz sonradan ona sadəcə divar kağızları və pərdələrlə bəzək vururuq.  Yəni uşağın xarakteri 6 yaşında tam formalaşır. Heç bir uşağın xasiyyətini 6 yaşından sonra dəyişmək mümkün deyil. Sadəcə pozulmuş davranışlarını korreksiya etmək mümkündür. Hansı ki, bu pozulmuş davranışlar onun həyatına mənfi təsir edir. Əgər uşağımızı düzgün tərbiyə etmək istəyiriksə, ona vaxt, zaman ayırmalıyıq”.

Bağçada uşaqlar bir çox təməl prinsipləri erkən yaşda qavraya bilirlər 

Mütəxəssis rəylərində də məlum olur ki, bağça uşaqların inkişafında əhəmiyyətli rol oynayır. İlk növbədə onların sosiallaşmasını təmin edir. Uşağın öz ailəsi xaricində güvənli bir dairə içində sosiallaşması olduqca vacibdir. Uşaqlar beləliklə özgüvən qazanaraq utancaqlıq hisslərini bir kənara rahatlıqla qoya bilirlər. Bir digər tərəfdən xüsusilə tək uşaq olanlar üçün paylaşmağı öyrənmək önəmlidir. Yaşıdları ilə eyni şəraitdə paylaşmağı və işbirliyini öyrənmələri asanlaşır. Beləcə, uşaqlar fərqli düşüncələri dinləməyi, fərqliliklərə hörmət göstərməyi və kollektiv çalışma kimi təməl prinsipləri erkən yaşda qavraya bilirlər.

Bağçada kəsmə, boyama, yapışdırma kimi məşğuliyyətlərə olduqca sıx yer verildiyi üçün uşaqların inkişafına da əhəmiyyətli kömək edir. Həmçinin fikir mübadiləsi, müşahidə qabiliyyəti kimi çalışmalarla riyazi bacarıqlar inkişaf etməyə başlayır. Şəkilli kitablara diqqət etmək və rəsm çəkmək kimi bacarıqlar sayəsində də yazma və oxumağa olan maraq və bacarıqları artır. Diqqət əksikliyi və ya öyrənmə çətinliyi kimi bir çox problemlər erkən yaşda müəyyən edilərək, məktəbə başlamadan bəzi önləmlər alına bilir.

Könül

Xəbər xətti