Spiker: “Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur”

15:57 - 31 May 2020 - Xəbər

“Karantin rejiminin yumşaldılması cəmiyyətdə müsbət qarşılansa, da məsuliyyətsiz vətəndaşlara görə yoluxma sayı artmaqdadır”.

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat Fazil Mustafa isə qeyd edib ki, cərimənin tətbiqini məhkəmənin üzərinə qoymaq doğru deyil: “Bu, keçici prosesdir. Keçici prosesdə insanları intizama cəlb etmək üçün bu layihə hazırlanıb. Burada vəzifəli şəxslərin məsuliyyəti layihədən çıxarılmalıdır, yalnız fiziki şəxslər məsuliyyət daşımalıdır. Vəzifəli və hüquqi şəxslərin məsuliyyətə cəlb edillməsi vəziyyəti mürəkkəbləşdirəcək. Digər tərəfdən, mərhələli şəkildə cərimə tətbiqini də doğru hesab etmirəm. Maska taxmayan şəxslər 50 manat cərimələnsin. Bu heç də az məbləğ deyil. Təkcə maska məsələsi ilə vəziyyət normallaşmayacaq. Biz maarifçilik məsələsində geri qalırıq. Digər tərəfdən, toyların keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Konkret vaxt, tarix qoyulmalıdır. Çıxış yolunu müəyyən etmək lazımdır. Konkret vaxt ərzində, məhdud sayda insanların iştirakı ilə bu tədbirlər keçirilməlidir. Naxçıvana gediş-gəlişlə bağlı məsələni də tezləşdirmək lazımdır. Problemi nə qədər görməzdən gəliriksə, daha çox şişir. Ona görə də problemləri həllinə çalışmaq lazımdır. Yəni, müvafiq icra orqanları bu halı müəyyən edəndə elə oradaca cəriməni tətbiq etməlidir”.

Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibəti birmənalı deyil: “Bu gün vətəndaşlar koronavirusun qlobal oyun olduğunu düşünürlər. Xəstələr bütün dünyada sanki gizlədilir. Buna görə də vətəndaşlar daha çox şayiələrə inanır, rəsmi məlumatlara etibar etmir. İnsanların qəlbinə şübhə toxumu səpilir. Bu gün xəstəxanaya gedənləri çox incidirlər. Məgər insanın başqa xəstəlikdən qızdırması ola bilməz? İnsanlar bu gün qorxudan təcili yardıma belə zəng etmirlər. Bu gün bu xəstələri, onların çəkdiui əziyyəti göstərmək lazımdır. Bu gün təbliğat düzgün getmir. İndi deyirlər ikinci dalğa payızda olacaq. Hər şey sirr pərdəsi ilə örtülüb. Sirr pərdəsi götürülməsə, inam da olmayacaq. İkincisi, bu pandemiya dövrü bizim üçün bir fürsətdir ki, israfçılığın qarşısı alınsın. İnsanların toy və yas məclisləri ilə bağlı başqa yöndə rəftara cəlb edilməsi üçün işlər görülə bilər”.

Spiker Sahibə Qafarova isə bildirib ki, koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur, bütün proses şəffaf aparılır. ///Apa

Xəbər xətti