Maska taxmamağa görə cərimənin məbləği məlum olub

14:11 - 30 May 2020 - Xəbər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya komitənin üzvü deputat Fəzail Ağamalı məlumat verib. O bildirib ki, iclasda İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirə edilib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. Layihə müzakirə edildikdən sonra sabah keçiriləcək plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, deputat F. Ağamalı təklif edilən dəyişikliyi dəstəkləyib və karantin dövründə insanların sağlamlığını qorumaq məqsədilə tibbi maskadan istifadənin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib.  Maska taxılması tələb edilən məkanların siyahısı ilə bu linkə daxil olmaqla tanış ola bilərsiz. 

Xəbər xətti