Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

10:10 - 26 May 2020 - Xəbər

2020-ci ildə baş verəcək ilk Günəş tutulmasının vaxtı açıqlanıb.

İlin ilk Günəş tutulması iyunun 21-də baş verəcək. Bu da yay günəşduruşu gününə təsadüf edəcək.

Sözügedən təbiət hadisəsi həlqəvari Günəş tutulmasıdır. Tutulma saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Təbiət hadisəsi beş saat 48 dəqiqə davam edəcək.
Günəş tutulması Afrika, Cənub-şərqi Avropa və Asiyada müşahidə ediləcək. Həlqəvari fazanı isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsindən, Cənubi Pakistan, Şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.

Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında Günəş ətrafında xarakterik yanar həlqə görəcəklər.
Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-də sona çatacaq və proses 2 saat 18 dəqiqə davam edəcək.

İlin ikinci analoji hadisəsi isə 14 dekabrda baş verəcək. Bu, tam Günəş tutulması olacaq.///oxu.az

Xəbər xətti