Ana səhifə Mobil versiya
24 Sentyabr 2020

“Üç yaşımadək şəkər tozu görməmişəm”

Ruhəngiz xanım Qasımova: “Geri boylanıb uşaqlığıma baxmaq istəmirəm”

“Gecələr 3-4 saat yatıram. Məndə yaradıcılıq hissləri gecələr özünü biruzə verir. Köhnə evimizdə hər gecə pianoda musiqilər çalırdım.  Bir dəfə ifa etmədim. Qonşularımdan biri səhər məni görəndə sual verdi  ki, bu gecə niyə musiqi səsləndirmədin? Komputerdə yazmağı sevmirəm. Ya əl makinasında yazıram, ya da əlyazma şəklində qeydlərimi aparıram”. “Üç nöqtə” qəzetinin qonağı sevilən bəstəkar Əməkdar incəsənət xadimi Ruhəngiz xanım Qasımovadır.

-Ruhəngiz xanım, lap keçmişə səyahət edək. Uşaqlıq illəriniz haqqında nə deyə bilərsiniz ?
-Bu sualı sevmirəm. Ümumiyyətlə, geri boylanıb uşaqlığıma baxmaq istəmirəm. Çünki o illər pis hadisələrlə yadımda qalıb. Uşaqlığım 40-cı illərə təsadüf edib. Mənim 1 yaşım olanda müharibə başladı. Atam müharibəyə getdi. Bu səbəbdən də 6 yaşımadək atamın üzünü görmədim. Hətta uzun illər ərzində ondan bir xəbər belə almadıq. Atamın sağ olub-olmamasına dair bir məlumat yox idi. Belə bir əhvalat danışım, üç yaşım vardı, anam çayıma şəkər tozu qatdı ki, mənə versin. Hönkür-hönkür ağlamağa başladım. Elə bildim, çayıma duz qatır. Təsəvvür edin ki, mən üç yaşımadək şəkər tozu görməmişəm. Ona görə də uşaqlığım haqqında danışmaq istəmirəm. Sizə bir şey deyim, həyatı iki dəfə yaşamaq olmaz. Bir suya iki dəfə girmək olmaz. Bəziləri cəhd edir, amma mən ehtiyat edirəm belə sudan.

-Bildiyimə görə, Leyla xanım Bədirbəyli ilə qonşu olmusunuz...
-Nəinki, Leyla xanım, Ağahüseyn Cavadov da bizim qonşumuz idi. Hər ikisinin oğulları var idi. Onlarla qaçırdıq, hətta futbol da oynayırdıq. Onlardan oğlan hərəkətlərini öyrənmişdim. Mən onların qız qardaşı olmuşam. Artıq bəstəkar olanda məni küçədə görəndə həmin uşaqlar deyirdi ki, səni döyə-döyə biz bəstəkar eləmişik. Halbuki, mən onları döyürdüm. Ayrılaq uşaqlıq mövzusundan, məni kövrəldirsiniz. Elə bilirdim, çox şeyi unutmuşam, sən demə belə deyilmiş.

-Musiqiyə gəlməyinizdə ailənizin rolu olubmu?
- Nə anam tərəfdə, nə də atam tərəfdə bir nəfər musiqiçi olmayıb. Atam hüquqşünas idi, anam tarixçi. Valideynlərimin hər ikisi məni öz sənətinə doğru yönəldirdi. Atam deyirdi, hüquqşünas olsun, anam isə deyirdi, tarixçi. Mən isə Asəf Zeynallı adına Musiqi Kollecində təhsilimi davam etdirmək istəyirdim. Anam musiqiçi olmağıma heç razı deyildi. Artıq atam yalnız musiqiyə həvəsimin olduğunu görəndə özü məni Asəf Zeynallı adına Musiqi Kollecinə yolladı. Buranı bitirdikdən sonra Milli Konservatoriyaya daxil oldum. Sənətin dərin qatlarına müəllimim Cövdət Hacıyevin sayəsində baş vurdum və zamanla sənət yollarında irəlilədim.

-Sənətdə uğur qazanmaq üçün dəstək lazımdır?
-Yaradıcı insan üçün vacibdir ki, onun ətrafında onu başa düşən insan olsun. Həyat yoldaşım bioloqdur. Uzun müddət Tibb Universitetində dərs deyib. O, hər zaman məni anlayıb. Bir dəfə film çəkilişində idim, mənə yemək  gətirmişdi. Bax ailə belə olmalıdır.

-Həyat yoldaşınızla necə tanış oldunuz?
-Xalam qızı gəncəli oğlanla nişanlı idi. Həyat yoldaşım həmin oğlanın dostu idi. Biz tez-tez dost kimi bir araya gəlirdik. Yəni, konsertlərə, teatrlara gedirdik. Nə zamansa düşünməzdim ki, onunla ailə quraram. Deməli, qismət belə imiş.

-“Anacan, dostum evlənir” mahnısını sizin vizit kartınız hesab etmək olar?
-Tanışlıq bu mahnı ilə olmadı. “Anacan, dostum evlənir” mahnısından əvvəl “Utancaq oğlan” mahnısını bəstələmişdim. Ondan öncə isə “Gəlmirsən, gəlmə”ni. “Gəlmirsən, gəlmə” mahnısını bəstələyəndə hələ nişanlanmamışdıq.

-Belə başa düşdüm ki, “Gəlmirsən, gəlmə”dən sonra sizə sevgi etirafı edib?
-Onun mənə olan münasibətini anlaya bilmirdim. Ona görə də “Gəlmirsən, gəlmə” mahnısını bəstələdim. Yenə də münasibətini başa düşə bilmədim. Onun ardınca “Utancaq oğlan” mahnısını bəstələdim. Bu mahnıdan sonra mənə olan münasibəti bəlli oldu. Artıq təşvişə düşdü, mənə elçi göndərdi. Elçilər gəldi, nişan oldu. Nişanın ardından isə “Anacan, dostum, evlənir” mahnısını bəstələdim.

-Ruhəngiz xanım, sevginin müddəti olurmu?
-Xeyr, hazırkı məhəbbət əvvəlkindən daha çoxdur, daha güclüdür. İndiyədək o, mənim yol göstərənim idi, amma indi mən onun. Hazırda bu məsuliyyəti mən öz boynuma götürmüşəm. Bu illər ərzində ən çox küsülü qalmağımız 10 dəqiqə çəkib. Nə məndə kin var, nə də onda. Hər zaman yoldaşımla sevimli işimiz krassvord həll etmək olub. Özü də çətin krassvordları həll etməyə çalışırıq. Şahmat oynayan və krassvordların üzərində çalışan insanların beynində kütləşmə getmir.

-Belə çıxır ki, uzun ömürlü ailənin sirrini çözmüsünüz...
-Mən bir az öncə dedim, bizim ailədə indiki məhəbbət gənclik məhəbbətindən də safdır, üstündür. Gərək, insan insanın nigarançılığını çəksin, bir-birinin qayğısına qalsın. Çalışmışam, həyat yoldaşım üçün ömür-gün dostu, övladlarım üçün isə qayğıkeş ana olum.

-Yaradıcılıq və ev işləri, vaxtınızı necə bölürsünüz?
-Gecələr 3-4 saat yatıram. Məndə yaradıcılıq hissləri gecələr özünü biruzə verir. Köhnə evimizdə hər gecə pianoda musiqilər çalırdım.  Bir dəfə ifa etmədim. Qonşularımdan biri səhər məni görəndə sual verdi  ki, bu gecə niyə musiqi səsləndirmədin? Komputerdə yazmağı sevmirəm. Ya əl makinasında yazıram, ya da əlyazma şəklində qeydlərimi aparıram. Ev işlərinə gəldikdə, deyim ki, gözəl əl qabiliyyətim var. Hər zaman böyük sənətkarları ləziz yeməklərlə təəccübləndirmişəm. Yeməkləri sintez edib bişirməyi çox sevirəm. Məsələn, mən yalnız göyərti küküsü bişirmirəm, balıq küküsü də bişirirəm. Gözəl əl qabiliyyətim həmişə sənətkarların diqqətini özünə cəlb edib.

-Daha çox kimləri həmin yeməklərə dəvət edirdiniz?
-Allah rəhmət eləsin, Həsənağa Turabov, Yaşar Nuri tez-tez bizə gələrdi. Həmişə onlara xəngəl hazırlayardım. Bir dəfə Həsənağa müəllim mənə dedi ki, xəngəl ətlə olmaz, soğanla olar. Gülümsədim, söylədim ki, biz belə edirik, gedərsən, evdə soğanla bişirərsən, yeyərsən (gülür).

-Bir də eşitmişəm ki, siz mütaliəni sevirsiniz. Düzdür?
-Bəli, qazandığım hər bir şeyi mütaliəyə borcluyam. Hətta dünyagörüşüm də mütaliə nəticəsində formalaşıb. Mən müşahidə bacarığı olan insanam. Ətrafda baş verən hadisələri, müxtəlif insanların həyatını asanlıqla dramatuji materiala çevirə bilirəm. Ya da onlara dair musiqilər bəstələyirəm.

-Söhbətimiz o qədər maraqlıdır ki, bitirmək belə istəmirəm. Sizin kimi hərtərəfli bir insanla söhbət etdikcə etmək istəyirsən. Lakin müsahibəmizi yekunlaşdırmağa məcburam. Dəvətimi qəbul etdiyiniz üçün sizə minnətdaram.
-Bu sözləri eşitmək mənə xoşdur. İşləriniz gözəldir. Arzu edirəm ki, bu gözəllikdə də qalasınız. Mən də sizə öz təşəkkürümü bildirirəm.

Rövşən Tahir

Tarix
20 May 2020 [20:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-20 20:28:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin