Türkiyəyə xaricdən qayıdan vətəndaşlar karantini evlərində keçirəcəklər

16:52 - 20 May 2020 - DÜNYA

Türkiyəyə xarici ölkələrdən qayıdan türk vətəndaşları karantini artıq yataqxanalarda deyil, evlərində keçirə biləcəklər.

Bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, ölkəyə qayıdan vətəndaşlar hava limanında müayinə olunduqdan sonra karantin və tibbi müşahidə üçün təyin olunan 14 günlük müddəti evlərində keçirə biləcəklər.

Hava limanında koronavirusa yoluxmasına dair simptomatik əlamətlər daşıyan vətəndaşlar izolyasiyaya alınaraq xəstəxanalara aparılacaq. Yoxlanışdan keçən vətəndaşların ünvan və əlaqə məlumatları qeydə alınaraq, ailə həkimləri tərəfindən vəziyyətləri mütəmadi izlənəcək.

Həmçinin karantin müddəti tamamlanmayan vətəndaşlar da koronavirus üçün PZR (Polimeraz zəncir reaksiyası) testlərindən keçdikdən sonra yataqxanadan evlərinə buraxılacaqlar. Bununla yanaşı evlərində karantin və özünütəcrid qaydalarına riayət etmədiyi aşkarlanan vətəndaşlar isə cərimələnəcək.///qafqazinfo

 

Xəbər xətti