QHT sektoru əhalinin maariflənməsində böyük və əvəzsiz rola malikdir

Cavid Şahverdiyev: “Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür”

 Bu gün pandemiya dövründə media və QHT sektorunun vətəndaş cəmiyyətləri olaraq sərgilədiyi mövqe və meydana çıxardığı problemlər və onların həllinə istiqamətlənmiş ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bəs,  bu istiqamətdə hansı işlər görülməlidir? Bu və ya digər məsələlər ətrafında “Üç Nöqtə”yə müsahibə verən Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin rəhbəri Cavid Şahverdiyev bir çox nüanslara diqqət çəkib və müəyyən təkliflərlə çıxış edib.

-  Cavid bəy, vətəndaşlarla əlaqəli şəkildə işləyən ictimai birlik olaraq, hüquqi, sosial, iqtisadi sahədə hansı boşluqları görürsünüz. Necə hesab edirsiniz, əsas missiyanı daşıyan vətəndaş öz hüquq və vəzifələrini nə dərəcədə bilir və bu gün onun dövlət quruculuğunda fəal iştirak etməsi üçün hansı təminatı var?
- Hüquq və vəzifələr vəhdət təşkil edir. Hər bir vətəndaş öz hüquqlarını yaxşı bilməli və onlara əməl olunmasını tələb etməklə yanaşı, öz vəzifələrini də yaxşı bilməli, onları yerinə yetirməlidir. Vətəndaş öz hüququnu bilirsə və onun qorunması uğrunda mübarizə aparırsa deməli, o məmur özbaşınalığına qarşı mübarizə aparmış olur. Yaxşı bir vətəndaş olmaq üçün ilk növbədə hüququnu bilməlisən. Ölkənin daxili siyasəti Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir. Hər bir vətəndaşımızın hüququ konstitusiya çərçivəsində qorunur. Amma təəssüflər olsun ki, vətəndaşlarımız öz hüquqlarını belə bilmədiklərindən aldanırlar, əzilirlər, bəzi məmurların köləsinə çevrilirlər.

Sadaladığınız sahələrin hamısında maariflənmə işi aparılmalıdır. Əhalimiz öz hüquqlarını bilməlidir, istər sosial, istər iqtisadi, istər vətəndaşlıq hüququnu öyrənməlidir. Öz hüququnu bilməyən vətəndaş hər bir çətinliklərlə üzləşə bilər. Hüququ bilmədiyimizdən daha çox məmur özbaşınalığı, süründürməçiliklərlə üzləşirik. Bir çox rayonlarda müxtəlif mövzularda layihələr həyata keçirmişik və əhalinin öz hüquqlarını bilmədiyini görmüşük.  Hər bir sahədə əhalimiz maariflənməlidir.

- Maarifləndirməyə bu qədər ehtiyacın olması nə ilə bağlıdır. Bu sahədə geri qaldığımız və maniyə yaradan məqamlar nədir: düşüncə, ənənələrin doğurduğu stereotiplər, savadsızlıq və yaxud vətəndaş cəmiyyəti və məsuliyyət anlayışının ölkə üzrə yetərincə əhatə olunmamağı, yaxud xarici təsirlər...
- Bu sahədə daha çox regionlarımız geri qalırlar. Maariflənmə işi regionlarda sürətlənməlidir. Düzdür, QHT-lər bu məsələdə üzərilərinə düşən vəzifələri yerinə yetirirlər, amma istədiyimiz effekti vermir. Ona görə ki, maariflənmə prosesini təkcə QHT-lər həyata keçirməməlidir. Öz təcrübəmdən misal çəkim. Milli mənəvi dəyərlərimiz, uşaq hüquqlarının qorunması, vətənpərvərlik və s. mövzularla bağlı şimal bölgəsində layihələr həyata keçirmişik. Minlərlə buklet, kitabça paylamışıq. Çatmayıb, öz hesabımıza yenidən çap etdirib regionlara dağıtmışıq.  Tələbatın artmasına təsir edən səbəblərdən biri, əhalinin maariflənməsi, hüquqi bilikləri əldə etməsi olub. QHT sektoru əhalinin maariflənməsində böyük və əvəzsiz rola malikdir.

- Bu ağır dövrdə necə düşünürsünüz, ölkənin nüfuzlu təşkilatları, eləcə də məmurlar, iş adamları, siyasi xadimlər arasında vətəndaş, dövlət, xalq, birliyi nümayişi necə müşahidə olundu?
- Cənab Prezidentimizin “Biz birlikdə güclüyük” çağırışına qoşulanlar bu ağır dövrlərdə xalqına, millətinə, dövlətinə xidmət etmiş oldular. Koronavirusla mübarizəyə dəstək fonduna 120 milyon manata yaxın vəsaitin toplanması onu deməyə əsas verdi ki, həmrəylik, birlik nümayiş etdirə bildik. Millət vəkilləri, QHT sədrləri, iş adamları, incəsənət xadimləri imkan daxilində minlərlə, on minlərlə aztəminatlı ailəyə yardım etdilər. Amma təəssüflər olsun ki, son günlərdə bəzi icra hakimiyyəti başçıları və onların yerlərdəki nümayəndələrinin dövlətin aztəminatlı ailələr üçün ayırdığı ərzaq yardımlarını mənimsəmələri, korrupsiya və rüşvətxorluğa qurşanmaları faktları ilə də üzləşdik. Şübhəsiz, bu insanların heç biri cəzasız qalmayacaq.

- Diaspora təşkilatlarımızın fəaliyyəti özünü necə göstərə bildi.  İmkanlı diaspor təşkilatları cəmiyyət olaraq bütövləşmək, bir-birinə dəstək durmaq  üçün hansı addımları atdı?
- Xaricdəki bir çox diaspor təşkilatlarının yardımlarını da gördük.  Elələri də vardı ki, öz vəsaiti hesabına Azərbaycandakı ailələrə yardımlar edib. Bu da alqışlanmalıdır. Milyonçu diaspor təşkilat sədrləri də var ki, heç yaxına durmadılar. Fonda bir manat belə vəsait köçürmədilər. Koronavirusun yayılmasının müsbət cəhətlərindən biri də, bu ağır dövrlərdə  bir çox məsələlərə aydınlıq gətirildi. Kimlərin xalqla birlikdə olduğu. əməli ilə sözünün bir olduği  ortaya çıxdı. Prezident İlham Əliyevin bu ağır günlərdə ölkə vətəndaşları ilə birlikdə oldu, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətə önəmli addımlar atdı. Və bir daha göstərdi ki, biz birlikdə güclüyük.

- Bəzi qanunların icrasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müəyyən maneələr var. Bəs siz fəaliyyətinizdə hansı maneələrlə qarşılaşırsınız və onlardan hansının aradan götürülməsini vacib hesab edirsiniz?
- Bir dəfə belə halla üzləşmişəm. Bir neçə il öncə rayonlardan birində məktəblərdə tədbir planlamışdıq. Təbii ki, QHT Şurasının ayırdığı maliyyə vəsaiti əsasında. Mövcud qaydalara uyğun olaraq Prezident Administrasiyasına məlumat verdik, rayon icra hakimiyyətinə məktub ünvanladıq. Heş bir problemin olmadığı bildirildi. Lakin tədbir məktəbdə keçirildiyindən Təhsil Nazirliyindən də icazə alınmasının vacibliyi bildirildi. Bir ay biz nazirlikdən icazə ala bilmədik.  Nazirliyin sözçüsü bizim məktubumuza gec cavab verdiyindən bütün planlarımız pozuldu. Layihəmizin həyata keçməsinə süni əngəllər törədildi. QHT Şuranın müsabiqəsinin qalibi olub, dövlət vəsait ayırıb, icra hakimiyyəti razıdır, nazirlik isə məktəblərə tapşırıb ki, mənim icazəm olmasa heç bir QHT orada tədbir keçirməsin.  QHT gənclərin vətənpərvərlik ruhunda maariflənməsi ilə bağlı tədbir keçirir, Təhsil nazirliyi bunu əngəlləyir. Bu barədə mediada da məlumat vermişdim. 

- Vətəndaş cəmiyyəti olaraq hazırda aparılan kadr islahatlarını necə müşahidə edir və qiymətləndirirsiz. Vətəndaş İctimai nəzarət funksiyasını yerinə yetirə bilirmi?
- Prezident İlham Əliyevin kadr islahatlarını hamı kimi biz də bəyənir və dəstəkləyirik. Bütün sahələrdə islahatların aparılması lazım və vacibdir. Uğurlu kadr islahatları həmişə dövlətimizə xeyir verə bilər.

Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən çıxışında vətəndaşlara müraciət edib: “Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”. Vətəndaş aktivliyi çox şeyi həll edir. Əgər o, gördüyü problemlə bağlı səsini ucaldırsa , onu ictimailəşdirirsə müsbət nəticəsi ola bilər. Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür. Çünki əlinin altında sosial şəbəkələr var. Üzləşdiyi problemi həm çəkib göstərir, həm də məlumat verir. Operativ və çevik, özü də yerində.

T.Qafarlı

Tarix
15 May 2020 [17:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-15 17:29:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin