5 qat Azərbaycan çempionu: “Dünya səviyyəli yarışlara qatılmaq istəyirəm”

14:04 - 2 May 2020 - Müsahibə

Elvin Xudaverdiyev: “Özümü qəhrəman hesab etmirəm”

Ucnoqta.az” saytının qonağı “drift” üzrə 5 qat Azərbaycan çempionu Elvin Xudaverdiyevdir.

-Elvin, ilk olaraq özünüzü təqdim edin...
-Xudaverdiyev Elvin. 1990-cı il 16 sentyabrda dünyaya göz açmışam. Uşaqlıqda idmanın müxtəlif sahələri ilə məşğul olmuşam. Kiçik yaşlarımdan maşına həvəsim olub.

-Neçə yaşınızdan maşın sürməyə başladınız?
-Altı yaşımdan öyrənməyə başladım, on yaşımdan isə sərbəst şəkildə maşın idarə edə bilirdim. Maşını sürətlə isə on iki yaşımdan idarə etmişəm.

-On iki yaşında sürətlə maşın sürməyin həyati məsuliyyətini dərk edirdiniz. Heç qorxu hissi yox idi?
-Ölüm belə gözümün qarşısında dayanırdı və indinin özündə də dayanır, lakin zərrə qədər qorxmurdum, qorxmuram. Əksinə uşaqlıqda bundan zövq alırdım ki, yenə də həmin zövqdən daha çox zövq alıram.

-Yarışda hər an həyatın təhlükədədir...
-Mən bunları göz önünə alıb yarışlara qatılıram. Həyəcanlı anlar olur, lakin yenə də qorxmuram. Əgər qorxsam ki, mənə nəsə olar və övladım mənsiz qalar, o maşını sürə bilmərəm.

-Aldığınız zədələr...
-Qolumdan da zədə almışam, başımdan da. Amma bunları yarış zamanı deyil, məşqlərdə almışam.

-Dediniz ki, bərk sürməyi sevirəm. Adi günlərdə də maşını sürətlə idarə edirsiniz?
-Xeyr, qanunlara görə olmaz. Qanunlara riayət edirəm, ona görə də sürətlə sürmürəm.

-Elvin hansı sürət həddini sevir?
-Yüzdən yuxarı təbii ki (gülür). Məşq zonasına daxil oldumsa, yüzdən aşağı sürmürəm. Yüzdən aşağı sürətin mənim üçün marağı yoxdur. Elə bir sürət yoxdur ki, onu sevim, nə qədər yuxarı olsa, bir o qədər zövq alaram. Ən çox sürdüyüm isə üç yüz olub.

-Özünüzü həyatınızın qəhrəmanı sayırsınız?
-Xeyr. Mən sadəcə sevdiyim işlə məşğulam, Allah bu şansı mənə verib və mən sevdiyim işlə məşğulam. Mənim üçün qəhrəman odur ki, övladını böyüdür, onu sağ salamat başa çatdırır. Həmin övlad isə atasının, anasının fəxri olur. Bəlkə də, mən onlar üçün qəhrəmanam, amma özümü qəhrəman hesab etmirəm. Çünki istəklərimə hələ tam nail olmamışam.

-İstəkləriniz nədən ibarətdir?
-Dünya səviyyəli yarışlara qatılmaq istəyirəm. Dünyada bu yarışda təmsil olunum, layiqincə ölkəmi təbliğ edim.

-Bir az da uğurlarınızdan danışaq...
-Gürcüstanda professional yarışda 50 maşın arasından 6-lığa düşmüşəm. Mənim maşınımdan daha da yaxşı maşınlar vardı. Mənim 10-luğa düşməyimin özü uğur idi, qaldı ki, 6-lığa. Azərbaycanda 5 dəfə keçirilən yarışların 5-ni də udmuşam.

-Mənə bir sual da maraqlıdır, niyə idman növləri ilə məşğul olmadınız, həyatınızı bu sahəyə bağladınız?
-Maşın sürməkdə həyəcan var, adrenalin var. Boks, karate ilə özümü müdafiə üçün məşğul olmuşam. Lakin professional şəkildə məşğul olmaq iddiasında olmamışam.

-Elvin, sizə sonda bir sual verim. İnsanlara nəyə hazır olmağı tövsiyyə edirsiniz?
-Həyata hazır olsunlar. Həyat insana çox böyük zərbələr vurur. Həyatın zərbələrinə hazır olmaq lazımdır.

Rövşən Tahir

Xəbər xətti