UEFA Bakı Olimpiya Stadionu üçün təzminatı açıqlamaq istəmir

13:34 - 21 Aprel 2020 - İDMAN

UEFA AVRO-2020-nin təxirə salınması ilə əlaqədar stadionlara ödəniləcək təzminatı açıqlamayacaq.


Bu barədə “RİA Novosti”yə qurumun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, müqavilələrə dair informasiya məxfiliyinə görə açıqlanmır.

AVRO-2020-nin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin UEFA-nın oyunları qəbul edən hər bir stadiona kompensasiya verdiyini söyləyib: "Stadionlar bir çox öhdəliklər götürüb, UEFA bu öhdəliklərin müəyyən şəkildə yerinə yetirilməsini kompensasiya edir".

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev "Report"a bu barədə məlumatının olmadığını və məsələnin hazırda müzakirə olunmadığını söyləyib. 

Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub. 

Xəbər xətti