“Tara gəlişim çətinliklərlə olub”

14:41 - 19 Aprel 2020 - Müsahibə

Humay xanım Qədimova: “Bağışlayan insan deyiləm”

“O insanlardan oldum ki, Azərbaycan xalqına Azərbaycanın milli sərvəti olan tar alətini tanıda bildim. Qadınlardan ilk olaraq tarı “Lalə” qızlar ansamblının rəhbəri Ceyran xanım Haşımova ifa edib. Ondan sonra uzun illər qadınlar arasında fasilə oldu. Düzdür, bu alət üzrə xanımlar yetişdirilirdi və indi də yetişdirilir, amma meydanda olan yoxdur”. “Üç nöqtə” qəzetinin qonağı tanınmış və istedadlı tarzən Humay xanım Qədimovadır.

-Sənətlə bağlı həyatınızın dönüş nöqtəsi nə zaman olub?
-2009-cu ildə Heydər Əliyev adına Sarayda meqastar Tarkanla birgə konsertimiz baş tutdu. Məhz o konsert mənim insanlara tanınmağımda böyük rol oynadı. Düzdür, o konsertə qədər də az-çox tanınırdım, amma Tarkanla birgə konsertimiz məni geniş auditoriyaya tanıtdı. Dönüş elə ordan başladı.

-Zamanla irəlilədim və o kəslərdən oldum ki,...
-O insanlardan oldum ki, Azərbaycan xalqına Azərbaycanın milli sərvəti olan tar alətini tanıda bildim. Qadınlardan ilk olaraq tarı “Lalə” qızlar ansamblının rəhbəri Ceyran xanım Haşımova ifa edib. Ondan sonra uzun illər qadınlar arasında fasilə oldu. Düzdür, bu alət üzrə xanımlar yetişdirilirdi və indi də yetişdirilir, amma meydanda olan yoxdur. Tar aləti fiziki güc tələb etdiyinə görə o, hər adamın ifa edə biləcəyi alət deyil. Fikir versəniz, görərsiniz ki, digər alətlər üzrə ifa edən çoxdur, amma tarda ifa edən xanımlar azlıq təşkil edir.

-Humay xanım Qədimova niyə tar alətini seçdi?
-Ailədə iki uşaq olmuşuq. Qardaşımı tara qoyublar, məni isə fortepianoya. Piano dərslərinə gedərkən 3-cü, 4-cü siniflərdə dərk elədim ki, milli musiqilərə istəyim daha çoxdur. O vaxtlar pianoda Avropa əsərlərini daha çox öyrədirdilər, qardaşım yan otaqda tarda milli musiqiləri ifa edərkən görürdüm ki, ruhuma milli musiqilər çox yaxındır. Qardaşım evdə olmayanda tarda məşq edirdim, lakin evdəkilər qoymurdu. Mənim tara gəlişim çətinliklərlə olub, ailəm etiraz edib. Tarı mənim özüm gizlin öyrənmişəm. Sonradan müəllimlərim mənə dəstək oldular və ailəmə dedilər ki, tar sənəti üzrə xanım ifaçının yetişməsi 50 ildə, 60 ildə bir olur, icazə verin, tar alətində ifa etsin. Sənədlərimi Asəf Zeynallı adına Musiqi Kollecinə verdim, daxil oldum, tar alətini seçdim. Oranı bitirdikdən sonra isə təhsilimi Milli Konservatoriyada davam etdirdim. Buranı da bitirdikdən sonra məni müəllim kimi Asəf Zeynallı adına Musiqi Kollecinə dəvət etdilər. 10 ildir ki, orada pedaqoji fəaliyyətlə məşğul oluram.

-“Oxu tar, oxu tar! Səni kim unudar?” Tarın özəllikləri nədir?
-Tarın çox maraqlı və ecazkar bir səs tembri var ki, o səs dünyanın heç bir alətində yoxdur. Baxın, İran tarı da var, Özbək tarı da, lakin onların tarlarının səsləri bizim tardan çıxan səs kimi deyil. Bizim tarlar xüsusi bir səsə malikdir. Təsadüfi deyil ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasında onların vəhdətini yaradarkən müşayiət aləti kimi tarı seçib, kamançanı deyil. Çünki tarın maraqlı səslənməsi var. Digər alətlərə hörmətsizlik olmasın, mənə görə, tar bir şahdır. Fikir versəniz, ansambl qurulanda onun konsertmeystri kimi tar alətinin ifaçısını əyləşdirillər. Yaxud trioda aparıcı alət yenə tar olur.

-Tarın sarı siminə toxunanda nə hiss edirsiniz?
-Sarı sim tarın özəlliyini göstərir. Hətta bir şeyi etiraf edim, tardan başı çıxmayan bir insanın yanında sarı simə toxunanda belə o kövrəlir. Deyir, bu hansı simdə səslənir? Mən söyləyəndə ki, sarı simdə, deyir, o sarı simə toxunma. Allah rəhmət eləsin, Mirzə Sadığa tarı ilk dəfə dizdən sinəyə qaldırıb. Tarın sarı siminə toxunanda insanı maraqlı bir yerə aparır, maraqlı bir ruha kökləyir. Bu dillə ifadə olunacaq bir hiss deyil. Onu ifaçı öz daxilində duyur.

-“Dünyanı görürəm mən iki rəngdə, Musiqi dinlərəm eyni ahəngdə”. Humay xanım tarda hansı musiqini daha doğma hesab edir və tez-tez o musiqini səsləndirir?
-“Sarı gəlin”. Bu musiqini tez-tez ifa edirəm. Hər bir mahnı hansısa bir muğamın üzərində köklənir. Muğamlarımızdan “Bayatı-Şiraz” ruhuma, qəlbimə daha çox yaxındır. Eyni zamanda bu muğamın üzərində səslənən mahnılar mənə doğmadır.

-Mövzunu dəyişib belə bir sual vermək istəyirəm, Humay xanım bağışlayan insandır?
-Xeyr, bağışlayan insan deyiləm. Düzdür, Allah bağışlayandır, amma özümdən asılı deyil, kimsə qəlbimi qırdısa, bağışlaya bilmərəm. Əgər insana toxundunsa, hər şey əvvəlki kimi ola bilmir. Münasibətlərdə sünilik ortaya çıxır. Mən isə bunu bacara bilmirəm ki, kiməsə qarşı saxta münasibət göstərim. Ona görə də deyirəm ki, bağışlayan insan deyiləm.

-Humay xanımın qəlbinə necə toxunmaq olar?
-Yalan, xəyanət, riyakarlıq, bunlar olan yerdə mənim qəlbim qırılır. Yalanı sevmirəm, eləcə də mənə xəyanət edən insanları. Niyə axı kimsə söz aparıb, söz gətirsin? Belə bir hallarla qarşılaşanda qəlbim qırılır və mən həmin insanlardan uzaqlaşıram.

-Məqsədə çatmısınız, ya hələ yol davam edir?
-Yol davam edir. O məqsədə çatmaq üçün zamana ehtiyac var. Biz-insanlar hərdən fikirləşirik ki, mən hər şeyi bilirəm, hər şey qaydasındadır, lakin belə deyil. İnsan zamanla daha da kamilləşir. Mənim də sənətdə kamilləşməyim üçün zamana ehtiyacım var.

-Özünüzə daha çox dəyər verirsiniz, ya ətrafınızdakılara?
-Əvvəllər ətrafa, indi isə özümə. Zamanla insanların hərəkətlərindən sarsıldım, buna görə də özümə dəyər verməyə başladım. Zamanla kamilləşib özümə dəyər verdim. Yaş, zaman, kamillik, hər biri ayrı-ayrılıqda öz sözünü deyir. Bir də dediyim kimi, insanlar da böyük rol oyanır. Onlardan aldığım zərbələr nəticəsində özümə dəyərim artdı.

-Humay xanımın dostu var?
-Ailəm. Düzdür, ailəmi dostum kimi görürəm, amma heç problemli vaxtlarımda ürəyimi onlara da açmıram. Yalnız Allahdan kömək istəyirəm. Fikrimcə, biz hər bir şeyi Allahdan istəməliyik. Bizi yaradan Allahdır. Ona görə də Allahla danışıram.

-Kin insanı içdən yeyir. Razısınızmı?
-Razıyam. Kinli insan irəli gedə bilmir. Deyim, kinli insanam, düz olmaz, deyim, deyiləm, bu da düz olmaz. Dəyişən mövzular var ki, siz də o vəziyyətdə, bəlkə də, kinli olarsınız. Bunu da deyim, insanlar tanıyıram ki, nə qədər pislik olursa, olsun, zərrə qədər kin saxlamır. Bu mənə çatmır. Bir insana o qədər pislik olunsun, amma zərrə qədər kini olmasın.

-Hər gün bizə nəsə öyrədir. Dünən sizə nə öyrədib?
-Çox şey öyrətdi. Dünən mənə onu öyrətdi ki, insanlar edilən yaxşılığa etibarlı deyillər, sözlərində dəqiq deyillər. Onları hər hansı bir şirin dil anında dəyişə bilər. Bax dünən bunu öyrəndim. Peşiman olmadım ki, niyə kiməsə bu yaxşılıqları etmişəm. Mən ümumiyyətlə nəyinsə peşimanlığını yaşayan adam deyiləm. Peşimanlıq hissi mənə yaddır. Belə lazım idi ki, deməli, belə də oldu. Sizə bir şey deyim, hər gün, hər an mənə nəsə öyrədir. Anamı itirəndən sonra başa düşdüm ki, mən həyatda daha böyüdüm. Onun ölümündən sonra ayaqlarım üstündə durmağı bacardım.

-Ananıza qədər olan illər və ondan sonrakı dövr...
-Qısaca deyəcəm, anamın həyatda olan illəri arxayın illərim idi, sevildiyim günlərim idi. Onun vəfatından sonra həyatda müdafiəsiz qaldım. Nə mənada müdafiəsiz qaldım? Valideyn hər an övladın yanında olur, onu səhvi ilə, düzü ilə qəbul edir. Amma indi anam yoxdur və mən tək həyatla mübarizə aparıram. Həyatda tükəndiyim vaxtlar çox olur. O zamanlarımda Allaha sığınıram.

-Sonuncu dəfə nə zaman məğlub olduğunuzu hiss etmisiniz və demisiniz ki, mən artıq məğlubam?
-Xeyr, mən məğlub deyiləm. Düzdür, 5 dəqiqə, 3 dəqiqə içində pis ola bilərəm, kövrələ bilərəm, amma özümü məğlub olmuş saymaram. Mən çox güclü insanam. Hər hansı bir problemim olanda onu özümdən uzaqlaşdırmağı bacaran insanam. Yanımda pessimist ruhda olan insan görəndə ondan dərhal uzaqlaşıram. Bunları özümə yaxın buraxmıram. İnsan bu şeyləri özünə yaxın buraxanda batdıqca batır.

-Nail olduqlarınıza əziyyətlə nail olmusunuz, ya şans da mühüm rol oynayıb?
-İnsanın nail olduqlarının başında əziyyət dayanır, lakin şans da önəmlidir. Bir də baxırsan ki, gənc musiqiçilərdən hansısa kifayət qədər əziyyət çəkir, amma şansı gətirmədiyi üçün istənilən yerdə deyil. Taleyimdən çox razıyam. Uşaq vaxtı valideynimin birini, daha sonra digərini itirməyimə baxmayaraq taleyimdən şikayətçi deyiləm.

-Hər şey gördüyümüzdən ibarət olmalıdır, ya onlardan üstün nələrəsə də diqqət yetirməliyik?
-Diqqət yetirmək lazımdır. Əgər nəsə mənə lazımdırsa, ona hərtərəfli diqqət yetirirəm. Mənim ətrafımda olan insanlar həmişə mənə deyir ki, Humay yüz ölçür, bir biçir. Mənim qərar verməyim çox çətin məsələdir.

-Məşhurluq sizdə nələri dəyişdi?
-Heç bir şeyi. Mən olduqca sadə insanam. Bundan sonra yenə də uğurlar qazansam, bilirəm ki, dəyişməyəcəm. Elə sadə, təvazökar Humay olaraq qalacam. Özüm haqqında bunları deməyim insanlara qəribə gələ bilər, amma, həqiqətən, təbiətcə sadə biriyəm. Düzdür, kaprizlərim də var. Mənim tərbiyəmə və xarakterimə uyğun olmayan məkanlarda heç bir zaman görünə bilmərəm. Belə ortam mənə ziddir. Amma bu o demək deyil ki, mən özümdən razıyam. Sadəcə o insanların ortamı mənim təbiətimcə deyil.

-Elə bir an olub ki, özünüzə inamınızı itirəsiniz?
-Olub. Bu hər bir insanda olur və normal bir şeydir. Detallı deyə bilmərəm, necə olub, nə cür olub, nəyə görə, hansı səbəblərə görə olub, lakin deyirəm ki, olub.

-Humay xanım sağollaşmazdan öncə sonuncu sualımı verim. Həyatdan gözləntiləriniz nədir?
-Çox şey. Həyatdan deyəndə Allahdan istəyirəm bunları. Birincisi, can sağlığı istəyirəm özümə, doğmalarıma və ətrafdakı dostlara. Əgər can sağlığı varsa, qalan hər şey zamanla düzələcək. İkincisi, özümə xoşbəxtlik arzulayıram. Daha sonra isə istəyirəm ki, gözəl ailəm olsun və valideyn olum. Dördüncüsü isə, onu istəyirəm ki, Allah qismət eləsin, sənətimdə böyük uğurlara imza atım.

-“Amin” deyib sizinlə müsahibəmizi yekunlaşdırıram. Çox sağolun ki, dəvətimi qəbul edib gəldiniz.
-Mən də təşəkkür edirəm ki, dəvət etdiniz.

Qeyd: Müsahibə sosial izolyasiya tədbirlərindən öncə alınıb!

Rövşən Tahir

Xəbər xətti