“Vətəndaş cəmiyyətləri o zaman güclənə biləcək ki...”

14:50 - 15 Aprel 2020 - KİVDF

Gülnarə Səlimova: “Bu gün sağlamlıq imkanı məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biridir”

Hər bir insan sevgiyə, diqqətə, qayğıya, dəstəyə ehtiyac duyur. Kimliyindən asılı olmayaraq, elə bir insan tapılmaz ki, bundan imtina etsin. Lakin bir qrup insanlar da var ki, onlara daha çox diqqət, daha çox sevgi lazımdır. Bu insanlar fiziki məhdudiyyəti olan AİLƏ üzvlərimizdir. Təəssüflə qeyd etməliyik ki, bir çox hallarda sevgi və qayğı yerinə, onlara “zəif” varlıq kimi yanaşılır, cəmiyyətdən təcrid olunmaları üçün “münbit şərait”  formalaşdırılır.

Lakin güclü Vətəndaş Cəmiyyəti quruculuğu bu stereotipləri dağıdaraq, fiziki məhdud insanların da ictimaiyyətin sıralarında aktiv  görünməsini  tələb edir.
“Üç Nöqtə” “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin sədri Gülnarə Səlimova ilə hazırladığı müsahibəsində fiziki məhdudiyyətli şəxslərin vətəndaş cəmiyyəti quruculuğundakı rolu və qarşıda dayanan problemlər ətrafında maraqlı nüanslara toxunub.

“İnsanlar anlamalıdırlar ki, yalnız bir-birilərinə dəstək durmaqla, sevgi, diqqət göstərməklə cəmiyyətdə irəliləyişə nail olmaq olar”

Əlbəttə ki, əvvəlki illərə nəzər salsaq, 2010 - ci ildən bu yana fiziki məhdud şəxslər xeyli inteqrasiya olunublar. Bununla yanaşı, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasında problemlər var və mən deyərdim ki, buna əsas səbəb düşüncə zəifliyi, bilgisizlik, maariflənmənin az olmasıdır.  Təbii ki, hər şey ailədən başlayır. Sirr deyil ki, çox zaman ailənin dəstək olduğu sağlamlığı  məhdud şəxslər xüsusi fəallığı ilə seçilir, hətta böyük uğurlara nail olurlar. Ona görə də hesab edirəm ki, fiziki məhdudiyyətli insanlara qarşı yan baxışları aradan qaldırmaq üçün birinci növbədə ailə institutları möhkəm qurulmalı və qorunmalıdır. Bu gün dövlət başçısının, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, vitse - prezident Leyla xanımın təşəbbüsü və həyata keçirdiyi işlər sayəsində bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Lakin bütövlükdə cəmiyyətin müxtəlif istiqamətlərində bu sahəyə daha çox diqqətə ehtiyac var. Təbii ki, cəmiyyətin öz vətəndaşına, fiziki məhdudiyyətli, yaxud əlil olmasına baxmayaraq sevgi ilə yanaşıb, ona dəstək durması bütövlükdə həm insanlığa, həm güclü dövlət quruculuğuna yönələn ciddi bir faktordur. Bunu Gülnarə Səlimova deyib. Onun sözlərinə görə, insanlar anlamalıdırlar ki, yalnız bir-birilərinə dəstək durmaqla, sevgi, diqqət göstərməklə cəmiyyətdə irəliləyişə nail olmaq olar. Bir sözlə, sevgi sevgini, nifrət nifrəti doğurur. “Eləcə də, əlilliyi olan insanların özləri real şəkildə, fəaliyyət imkanları daxilində aktiv həyata cəlb olunmalıdırlar. Hətta mən deyərdim ki, hər bir təşkilat və müəssisədə bir neçə nəfər fiziki məhdudiyyətli şəxsin işlə təmin olunması məsələsi qanun şəklidə həmin təşkilatlar qarşısına vəzifə kimi qoyulmalıdır. Bildiyim qədər, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Belə ki, fiziki məhdudiyyətli, əlil işçisi olmayan təşkilatın işləməsinə icazə verilmir.

“Biz bir olaraq, beyin və ürəyimizlə hərəkət edərək istədiyimiz güclü dövləti qura bilərik”

Gülnarə Səlimova bildirib ki, vətəndaşların bütün fəaliyyət istiqamətlərində özünü  sınayaraq sivil cəmiyyətin inkişafı prosesində öz töhfələrini verə bilməsi üçün həm də ictimai nəzarətin gücləndirilməsi də tələb olunur. “Əlilliyi olan insanlara qarşı ictimai mədəni davranış, hörmət, qeyd etdiyim kimi birinci növbədə ailədən başlamalıdır. Ailələr öz əlil uşaqlarına yazıq, gücsüz, daha çox rəhmə ehtiyacı olan bir insan kimi yanaşmamalı, övladlarını evdə qapalı saxlamaqdansa, onları sevgi ilə cəmiyyət arasına çıxarmalıdırlar. Digər tərəfdən cəmiyyətdə olan natamam yanaşmalara qarşı ictimai qınaq olmalıdır və həmin əlillər psixoloji olaraq dəstəklənməlidirlər. Əlillər üçün qanunla nizamlanan fəaliyyət növlərinin daha işlək olması üçün bürokratik əngəllərin olmaması üçün bu sahəyə xüsusi nəzarət göstərilməli, kimlərinsə məhdudiyyətli insanların fiziki gücsüzlüyündən sui-istifadə etməsi halları aradan qaldırılmalıdır. Bu gün bu missiyanı müəyyən qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və orada formalaşan ictimai şuralar həyata keçirir. Qeyd etdiyim problemlər, bu gün əlillərin özünün vətəndaş cəmiyyətlərinin inkişafında yaxından yer alması və onların fəal şəkildə dövlətin dəstəyi ilə həyata keçirilən layihələrə cəlb olunması ilə həyata keçirilir. Lakin problemlər hələ də qalır.

Bütövlükdə Vətəndaşlar topluma baxarkən, orada insanlara fiziki məhdudiyyətinə görə qiymət vermədən, intellekt və bacarığına uyğun əlilləri də öz sırasına dəvət edib, onların da dövləti üçün layiqli bir vətəndaş kimi faydalı ola biləcəyini düşünərək hərəkət etməlidir. Bax bu zaman biz bir olaraq, beyin və ürəyimizlə hərəkət edərək istədiyimiz güclü dövləti qura bilərik. Məhz bu istiqamətdə yaratdığımız Vətəndaş Cəmiyyəti quruculuğu daha güclü, daha etibarlı ola bilər.

Təbii ki, “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyi Vətəndaş Cəmiyyəti olaraq - Milli QHT təşkilatları sırasında yer alırıqsa, deməli bu sahədə müəyyən mənada irəliləyişə nail olunub.  Dövlətimiz QHT-lərə Dövlət Dəstəyi Şurasını yaratmaqla Vətəndaş Cəmiyyətlərinin inkişafına təkan verib. Bu gün vətəndaş cəmiyyəti institutu olaraq çoxlu sayda əlilliyi olan insanları birləşdirən təşkilatlar var və dövlət, millət üçün öz bilik və bacarıqlarını əsirgəmirlər. Bu sağlam vətəndaş cəmiyyəti quruculuğunda müsbət hadisələrdəndir.

“Elə sağlamlığı məhdud olan şəxslər var ki, onların bacardığını, “sağlamam” deyib, gəzən insan bacarmır”

Gülnarə Səlimova bildirib ki, bu gün fiziki məhdudiyyətli insanların əmək fəaliyyətini, sosial, ictimai, siyasi sferaya adaptasiyası və cəmiyyətin, dövlətin  inkişafında öz yerini tutması vacibdir. “ Bəzən ailələr və çevrə səninlə “sən bu bacarmazsan” –dili ilə davranırlar. Buna çox təəssüf edirəm. Əslində isə elə sağlamlığı məhdud olan şəxslər var ki, onların bacardığını, “sağlamam” deyib, gəzən insan bacarmır.  Bəzi fəaliyyət növlərində insanın əl - ayağının olmasına o dərəcədə önəm verilmir, yetər ki, düşüncələrdə, zəkada, ziyada məhdudiyyət olmasın. Bu gün də qarşılaşdığım bəzi problemləri gördüyüm zaman tam əmin oluram ki, maariflənmə çox zəifdir.

Qeyd etdiyim kimi, əmək və məşğulluq mövzusundan danışılanda, fiziki məhdudiyyətli insanlar ikinci planda götürülür və yaxud heç yada düşmürlər.  Sanki onların yaşamaq, işləmək, sevmək, mübarizə aparmaq kimi maddi-mənəvi tələblərinin olduğunu unudurlar.  Lakin əlil kateqoriyasına aid olsa da ağıllı, intellektli insanların öz bacarıq və səyləri nəticəsində cəmiyyət üçün lazımlı olduğunu isbat edən çoxlu sayda faktlar var ki, əksər hallarda onlar məhdudiyyətsiz insanlara da mübarizə aparmaq üçün bir nümunə fenomeninə çevriliblər. Əlillərin öz intellekti, bacarığı, istedadı ilə özlərini layiqincə ifadə edə bilməsi vətəndaş cəmiyyətinin hərtərəfli inkişafı, bütün insanların bərabərliyi nəticəsində daha uğurlu nəticələrin qazanılmasını mənəvi tələb kimi qarşıya qoyur.  Vətəndaş cəmiyyətləri o zaman güclənə biləcək ki, orada insanların bir-birinə olan  münasibətləri, onun fiziki durumuna görə deyil, intellekt gücünə görə hesablanacaq və kimliyindən, sosial statusundan asılı olmayaraq , hər kəs öz yerində, öz mövqeyində dövlətinə xeyir verməyə borclu olduğunu və bunu etmək imkanın olduğunu dərk edəcəkdir. Təbii ki, mən birlikdəlik deyəndə, bütün insanların öz statusundan asılı olmayaraq bir-birinə dəstək durmasını nəzərdə tuturam. Bu məsələdə mən  deyərdim ki, maddiyyatdan da çox mənəvi, ruhi dəstəyə ehtiyac var. Bir şeyi anlamaq lazımdır ki, kim olursan ol, əgər sənin ruhi, mənəvi zənginliyin, rahatlığın yoxdursa, səni anlamırlarsa heç bir zaman rahatlıq tapman mümkün deyil. Elə fiziki məhdudiyyəti olmayan, zəngin insanlar var ki, təklikdə öz xoşbəxtliklərini tapa bilməyiblər. Çünki onun ruhi, mənəvi tələbi ödənilməyib.

Əvvəldə də qeyd etdiyim kimi, insanları olduğu kimi qəbul etmək və intellektual, fiziki durumuna görə işlə təmin etmək, onunla davranmaq və yaşaması üçün maddi –mənəvi tələbləri düzgün qiymətləndirməklə sivil cəmiyyətin azad insanı, azad dövlətin yüksək mədəniyyətə sahiblənən insanını, cəmiyyət modulunu yaratmış olarıq. Bu mənada aparılan  maarifləndirmə işini zəif hesab etdim.

Tahirə

Xəbər xətti