Ruhani: İranda 11 apreldən fəaliyyətlər başlanacaq

12:27 - 5 Aprel 2020 - DÜNYA

Tehran istisna olmaqla, İranın digər vilayətlərində 11 fevraldan az riskli iqtisadi xidmətlər və əmək fəaliyyətlərinə başlanacaq.

Bu barədə Trend IRINN-ə istinadən məlumat verib. Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Onun sözlərinə görə, 18 aprelədək çox riskli fəaliyyətlərə icazə verilməyəcək. Tehran vilayətində isə əmək fəaliyyətlərinə 18 apreldən başlanacaq. Bundan əlavə, dövlət idarələrində işçilərin üçdə ikisi işləyəcək və fəaliyyətlər mərhələli şəkildə bərpa olunacaq.

İran prezidenti bildirib ki, bütün fəaliyyətlər səhiyyə protokolları əsasında olmalıdır və protokollar İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi tərəfindən elan olunub.
“İranda vilayətlər arasında avtomobillərin hərəkəti 18 apreldən başlanacaq və həmin müddətədək məhdudiyyət öz qüvvəsindədir” , - deyə o qeyd edib.

Ruhaninin sözlərinə görə, təhsil sahəsində İranda orta məktəb və universitetlərin fəaliyyəti 18 aprelədək dayandırılıb, yüksək dərəcəli təhsildə (magistratura, doktorantura) isə 18 apreldən fəaliyyət başlayacaq.

İran prezidenti koronavirusun çox yayılmadığı bəzi vilayətlərdə təhsil sektorunun fəaliyyətə başlamasına icazənin verildiyini deyib.
Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma halı ilk olaraq 19 fevralda elan olunub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (4 aprel) 55 743 nəfərin koronavirusa yoluxduğunu, 3 452 nəfərin öldüyünü və 19 736 nəfərin sağaldığını təsdiqləyib.

Xəbər xətti