“Ən böyük çətinliklər belə təbəssümlə dəf edilir”

Aynur Naz: “Məğlubiyyətdən depressiyaya düşmürəm”

“Dünən mənə hər can deyəndən can yandıran olmaz, bunu öyrədib. Bəzən ağlayanla ağlayıb, gülənlə gülməyi öyrədib. Ən əsası da vicdanımın təmiz olmağını öyrədib. Mən başımı balışa rahat qoyub yata bilirəmsə, deməli, vicdanım qarşısında məsuliyyət hissi dərk edirəm. Dünən mənə bunları öyrədib. Bir də öyrəndiklərimlə öyrətdiklərim arasındakı fərqi gözdən qaçırmamağı, hər nə olursa, olsun, hər nə yaşanırsa, yaşansın, insanları sevməyi öyrədib”. “Üç nöqtə” qəzetinin qonağı Bakı Bələdiyyə Teatrının istedadlı aktrisası Aynur Nazdır.

-Dəyişiklikləri sevirsiniz?
-Düzünü deyim ki, əvvəllər dəyişiklikləri daha çox sevirdim. Lakin hazırda ara-sıra dəyişiklik edirəm. Əvvəllər saçımdan tutmuş geyim tərzimə qədər tez-tez dəyişirdim, lakin yaş artdıqca insanın bunlara o qədər də həvəsi olmur. Bilmirəm, bəlkə də, insan dəyişikliklərdən yorulur, ona görə mən də dəyişiklikləri tez-tez etmirəm.

-Deyirlər ki, buraxdığımız səhvlər bizə təcrübə qazandırır. Elə məğlubiyyətin özü həyat dərsidir. O zaman məğlubiyyətin nəyi pisdir? Niyə qəbul etmirik?
-Çox düzgün fikirdir. Bəli, səhvlər insana təcrübə qazandırır və sən deyirsən ki, bir daha bu səhvləri etməyəcəm. Etiraf edim ki, həyatımda barmaqla sayılacaq qədər çox az səhvim olub. Heç məğlubiyyətə də bir o qədər düçar olmamışam. Uğursuzluqlarım olub, mənə görə uğursuzluq hesab olunan uğursuzluqlarım. Lakin onları da qəbul etmişəm və bunları həyat dərsindən daha çox nəticə adlandırmışam.

-Son dəfə əlləriniz haçan yanınıza düşüb və demisiniz ki, artıq məğlub olmuşam?
-Mənim o dərəcədə məğlubiyyətim olmayıb həyatda ki, hər şeydən əlimi üzüm və düşünüm, artıq sondur. Olmayıb belə bir hal. Bir məsəl var türklərdə, küllərimdən yenidən doğaram. Məndə də belə olub. Hansısa bir məğlubiyyət mənə yalnız güc verib. Daha da irəli addımlamağım üçün stimul olub. Məğlubiyyətdən heç bir zaman depressiyaya düşmürəm. Özünəqapanma hissi mənə yaddır. Mən o kəsləri sevirəm ki, səhvləri və düzlərini qəbul edir. Təbii ki, çox insan səhvlərini qəbul etmir. Səhv olduğu təqdirdə belə özünü haqlı sayır. Bax mənə görə məğlub insanlar elə onlardır.

-Etdiyiniz yaxşılıqlara görə çox peşman olmusunuz?
-Həyatımda heç bir zaman elə bir hal olmayıb ki, etdiyim yaxşılığın peşmanlığını yaşayım. Etdiyim elə yaxşılıqlar var ki, həmin insanların onlardan xəbəri yoxdur. Hətta elə insanlar da var ki, bugün onlarla ünsiyyətim də yoxdur. Nəyinsə peşmanlığını yaşayan insan deyiləm. Ümumiyyətlə, nəsə edəndə qarşılıq gözləmədən edirəm. Eləcə də yaxşılıqları. Onları Allaha görə edirəm. O biri dünyada insanlar əməllərinə görə ya cəzalanır, ya da mükafatlanır. Odur ki, mən də yaxşı əməllərdən geri qalmıram.

-Sizin ən xarakterik xüsusiyyətiniz hansıdır?
-Məncə, ən xarakterik xüsusiyyətim güclü olmağımdır. Ən çətin anlarda belə güclü ola bilirəm. İçimdə belə bir hiss var, kimsə məni heç bir zaman əzə bilməz. Bax bu hissdir məni hər zaman ayaq üstə saxlayan. Lakin nəticə etibarilə mən də insanam, özümü zəif hiss etdiyim anlar da olur. Bu isə müəyyən qısa bir zamanı əhatə edir. Tez özümü toparlayıb deyirəm ki, Aynur, yox, sən zəif olmalı deyilsən. Digər yaxşı xüsusiyyətim isə, mənə görə, kin-küdurətimin olmamasıdır. Heç vaxt heç kimin pisliyini istəməmişəm. Heç kiməsə zərər verəcək davranışım da olmayıb. Ətrafımdakı insanlar tez-tez mənə deyir ki, hər şeyə sığal çəkən insansan, nəyinsə pis tərəfini düşünmürsən.

-Həyatınızın devizi nədir?
-İnsanları xoşbəxt etmək. Kiçik bir şeydən də olsa, onları xoşbəxt etmək. Olubdur ki, tanımadığım insanların da xoşbəxtliyi üçün nələrəsə can atmışam. İnsanları sevindirmək mənə zövq verir. Əgər hansısa bir davranışımla kiminsə üzündə təbəssüm yaradıramsa, nə xoş mənə. Çalışıram, simamda təbəssüm olsun ki, insanlar müsbət enerji alsın. Ən böyük çətinliklər belə təbəssümlə dəf edilir.

-Çox maraqlıdır, insanlar yaşadıqlarını illərlə xatırlayır. Niyə xatirələrlə xatırlamırlar?
-Mənim xatırlanacaq o qədər gözəl xatirələrim var ki. Hərdən rəfiqələrimlə onlardan danışıram. O zaman rəfiqələrim söyləyir ki, xatirələrin heç tükənmir. Allaha şükürlər olsun ki, gözəl və ürəyimcə olan bir həyat yaşamışam, ona görə də hər şeyi gözəl xatırlayıram. Təbii ki, mənə bu gözəl həyatı yaşadan insanlara da minnətdaram.

-Kimə və nəyə görə minnətdarsınız?
-Ən çox anama minnətdaram, məni dünyaya gətirib və mənə gözəl tərbiyə verib. Bu tərbiyə ilə mən insanlar arasında öz yerimi müəyyən edirəm. Çalışıram, o tərbiyəni elə nümayiş etdirim ki, insanlar mənə hörmət etsinlər və buna nail oluram. Daha sonra dostlarıma və işlədiyim kollektivə minnətdaram. Ətrafımda olan hər kəsə minnətdaram, arada kaprizlərimə dözürlər. Minnətdar olduğum çox insan var.

-Həyatın vurduğu zərbələr...
-Deməzdim, həyat zərbə vurur, çünki insana yalnız insan zərbə vurur. Tanıyıram sanıb əslində tanıya bilmədiklərimiz zərbə vurur. Belə zərbələr mənim də həyatımda olub. Hətta günlərlə oturub ağladığım anlar da olub ki, özlüyümdə demişəm, axı niyə bu insan bu haqsızlığı elədi? Həyatdır, yaşayırıq və bu şeylərlə də qarşılaşmalıyıq. Zərbələrlə qarşılaşa-qarşılaşa və onları dəf edərək davam edirik həyatımıza. Zaman keçdikcə o zərbələr də unudulur. Zaman hər şeyi sağaldır.

-İnsanlar sizi başa düşür?
-İnsanlar məni başa düşür. Başa düşülməyəndə isə hər şeyi zamana buraxıram. Zaman hər şeyin əlacıdır. O qədər bu hallarla qarşılaşmışam, kimsə məni başa düşməyib, lakin sonradan hər şey öz yerinə oturub. Bir də mən elə bir xarakterə malik insanam ki, çətin adamlarla belə yola gedə, dil tapa bilirəm. Tərif kimi çıxsa da, deyəcəm, mən sevilə biləcək bir insanam. Çünki mərhəmətli biriyəm. Mərhəmətli və vicdanlı olmaq mənim ən böyük zənginliyimdir.

-İnsan hisslərinə xəyanət etmir. Bəs hissləriniz sizə necə?
-Hisslərimə xəyanət etdiyim zaman olub, həmçinin onların da mənə etdiyi. Hiss mövzusu çətin bir mövzudur. Bəzən hissləri sevgi ilə bağlayırlar, xeyr, yalnız sevgi ilə əlaqələndirmək olmaz. Bir insanı sevgili kimi deyil, dost kimi, doğma kimi də sevmək olar. Məsələn, bir insanı sevib qarşılıq görməyəndə onun yerinə başqasını qoyursan. Bu zaman sən hissinə xəyanət edirsən. Hisslərimin mənə xəyanətinin açıqlamasını verə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, onlar məni yanıldaraq mənə xəyanət edib.

-Allaha daha çox şükür edirsiniz, ya daha çox istəyirsiniz?
-Allaha hər gün şükür edirəm, hər gün. Əvvəla şükür edirəm ki, sağlamam, sevdiklərim yanımdadır. Buna görə hər gün şükür edirəm. Allaha təşəkkür edirəm ki, mənə uğurlar bəxş edib. Xırda bir şey nümunə çəkim, əgər bugün nəyisə istəyib, ala bilirəmsə, deməli, Allaha şükür etməliyəm. Aldığım nəfəsə görə Allaha təşəkkürüm sonsuzdur.

-Ümid insanı yaşadır, öldürür və sonra özü ölür. Ümidlərlə yaşayırsınız?
-Ümid məni yaşadır, öldürmür və heç vaxt da öldürməyəcək. Mən arzulamadan və ümid etmədən yaşaya bilmərəm. Elə bir gün yoxdur ki, ümidim olmasın. Hər zaman ümidlə yaşayıram, ən gözəl arzuları diləyirəm və çox şükür Allaha ki, nəyi arzulayıb ümid etmişəmsə, bəxş edibdir. Gec və ya tez, əsas odur ki, olub.

-Təsəvvür eləyin, dünyanın son günüdür, bugün özünüzə hansı sualları verərsiniz?
-Əgər dünyanın son günü olsaydı və bilsəydim ki, bir neçə saatdan sonra nəfəs ala bilməyəcəm, düşünərdim ki, nə itirdim, nə qazandım? Təbii ki, bugün üçün qazandıqlarım daha çoxdur. İtirdiklərim də var, lakin fikirləşirəm, onlar itirilməli imiş ki, belə olub. Dünyanın son günündə çalışardım, sevdiklərimin yanında olum. Həmin günümü onlara sərf edim. Düzü, həmin günü düşünmək istəmirəm. Çünki nə qədər çətinliklərlə qarşılaşsanda bu həyat yenə də şirindir. İnsan qəlbi yaşamaq arzusu ilə doludur.

-Həyatınızda elə bir gün varmı, o günü hər gün yaşamaq istəyəsiniz?
-Həyatımda elə gün yox, günlər var ki, onlara yenidən qayıtmaq istəyərdim. O günlər təkrar olunmasa da, onları xatırlayıb özümü xoşbəxt hiss edirəm. O günlərin sayəsində mən bugünkü çətinliklərə qalib gələ bilirəm. Yaxşı ki, o günləri yaşamışam. Düzdür, bugün də xoşbəxtəm, amma o günlər olmasaydı, bugünün xoşbəxtliyi də olmazdı.

-Səs-küyü sevirsiniz, ya səssizliyi?
-Hər ikisini sevirəm. Hərəsinin öz yeri var. Səs-küy dedikdə mən toy, nişan, hansısa yığıncaq başa düşürəm. Deyim ki, çox böyük dost çevrəm yoxdur. Mövcud dostlarımla da bir araya gələndə xoş olur, yəni o səs-küydən yorulmuram. Səssizliyə gəldikdə isə onu da sevirəm. Nəyisə düşünəndə səssizliyə qapıla bilərəm. Məsələn, obrazım üzərində çalışanda səssizliyə daha çox üstünlük verirəm.

-Dünən sizə nə öyrədib?
-Dünən mənə hər can deyəndən can yandıran olmaz, bunu öyrədib. Bəzən ağlayanla ağlayıb, gülənlə gülməyi öyrədib. Ən əsası da vicdanımın təmiz olmağını öyrədib. Mən başımı balışa rahat qoyub yata bilirəmsə, deməli, vicdanım qarşısında məsuliyyət hissi dərk edirəm. Dünən mənə bunları öyrədib. Bir də öyrəndiklərimlə öyrətdiklərim arasındakı fərqi gözdən qaçırmamağı, hər nə olursa, olsun, hər nə yaşanırsa, yaşansın, insanları sevməyi öyrədib.

Rövşən Tahir

Tarix
23 Mart 2020 [11:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-23 11:56:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin