“Çətinliklə əldə olunan uğurlar möhtəşəm olur”

14:35 - 15 Mart 2020 - Müsahibə

Kamil Nazim: “Həyatda oynamağı sevmirəm”

“Hədəflər, təbii ki, var. Çünki hədəf olmasa, onluğa vurmaq olmaz. Bu mənada hədəflərin olmalıdır. Fikrimcə, aktyor sənətində elə bir zirvə yoxdur ki, mən artıq bura çatdım, bəsdir, deyim. Daim axtarışda olmalı, daim çalışmalısan. Aktyor işinin haqqını verməlidir. Demirəm, işimin haqqını verirəm, bunu tamaşaçılar yaxşı bilər, amma ən azından onun üçün çalışıram”. Qəzetimizin qonağı gənc və istedadlı aktyor Kamil Nazimdir.

-Heç qaranlığın içində olmaq istəmisiniz?
-Belə bir fikir var: “Kim deyib ki, gecələr yatmaq üçündür?” Düzdür, gecələri sevirəm, amma qaranlığın içində olmağı heç vaxt sevməmişəm. Qaranlıq tənhalıqdır, tənha qalmaq isə məndən uzaq olan bir şeydir. Tənha qaldığım anlar da olur, bu isə ən vacib qərarları qəbul etdiyim anlarda baş verir.

-Missiyanız nədən ibarətdir?
-Həyat missiyam odur ki, hansısa bir işi yüksək səviyyədə yerinə yetirim. Az ilə kifayətlənməyi sevən insan deyiləm. Üzərimdə çalışıram, daim yeni nələrsə öyrənir, yeni-yeni və fərqli işlərə can atıram. Təkrarları sevmirəm, ona görə də sənətimdə təkrarlardan qaçıram. Fərqli bir şeylərlə tamaşaçı qarşısına çıxmağı sevirəm.

-İnsanlarda bəyənmədiyiniz xüsusiyyət hansıdır?
-Bəyənmədiyim çox xüsusiyyətlər var. Ən sevmədiyim isə ikiüzlülük, riyakarlıqdır. Əgər sən bir insanı sevmirsənsə, məcbur deyil ki, özünü yalandan onu sevirsənmiş kimi göstərəsən. Bunu yalandan etmək nəyə lazımdır axı? Sənin kimdənsə xoşun gəlmirsə, ondan uzaqlaş da. Niyə üzünə gülüb arxasınca iş görürsən?

-Arxadan çox zərbələr dəyib?
-Olub. İnsanlar tanımışam ki, bir az öncə dediyim kimi üzümə gülüb arxamca iş görüblər. Belə məqamlarda onlarla qarşı-qarşıya gəlib danışmağa üstünlük vermişəm. Düzdür, bu məndə heç bir şeyi dəyişməyib, amma qarşı tərəf ən azından öz səhvini başa düşüb.

-Gizli kartlarla oynamağı sevirsiniz?
-Qətiyyən. Özüm oynamıram, mənə qarşı da oynanılmağını sevmirəm. Arxadan iş görməyi xoşlamıram, əgər bir insana sözüm varsa, birbaşa özünə deyirəm. Açıq dueli hər şeydən üstün sayıram. Buna görə də hər zaman hər kəslə açıq dueldə oluram.

-Ağrılarınızı gizlədirsiniz?
-İlk olaraq deyim ki, insana görə dəyişir. Elə insanlar var ki, əleyhimə iş görürlər, mənə zərrə qədər də olsun, təsir eləmir. Amma elə insanlar da var ki, bəli, mənə təsir edir. Çalışıram, ağrılarımı gizlədim.

-Pislər olmasa, yaxşıların dəyəri bilinməz. Razısınız?
-Razıyam bu fikirlə. Həqiqətən, belədir. Elə insan var ki, ona yetəri qədər yaxşılıq edirsən, amma bunu qiymətləndirə bilmir ki, bilmir. Mən onun tərəfdarı deyiləm ki, mən sənə bu yaxşılığı etmişəm, sən də əvəzində mənə başqa yaxşılıq elə. Xeyr, bunun tərəfdarı deyiləm. Mənim üçün insan yaxşılıq və pisliyi unutmamalıdır.

-Ən vacib hədəfləriniz arasında nə dayanır?
-Hədəflər, təbii ki, var. Çünki hədəf olmasa, onluğa vurmaq olmaz. Bu mənada hədəflərin olmalıdır. Fikrimcə, aktyor sənətində elə bir zirvə yoxdur ki, mən artıq bura çatdım, bəsdir, deyim. Daim axtarışda olmalı, daim çalışmalısan. Aktyor işinin haqqını verməlidir. Demirəm, işimin haqqını verirəm, bunu tamaşaçılar yaxşı bilər, amma ən azından onun üçün çalışıram.

-Həyat bir səhnədir, biz də onun aktyorları. Səhnədə rol alan Kamil bəy həyatda oynaya bilir?
-Həyatda oynamağı sevmirəm. Səhnə ilə həyatı qarışdıra bilmərəm. Əgər mən səhnədəyəmsə, o obrazam. Səhnə bitən kimi isə mən artıq Kamiləm. Mən necəyəmsə, eləyəm. Nəyə görə oynayım? İnsanın həyatda oynamağını qəbul edə bilmirəm.

-Dramatik obrazları canlandıran Kamil komedik rolu da ifa edə bilər nə zamansa?
-Sizə deyim ki, mən teatrda da, universitetdə təhsil aldığım dövrdə də komedik obrazları canlandırmışam. Nümunə üçün deyim ki, Gəncə Dövlət Dram Teatrında çalışanda “Dan yeri söküləndə” tamaşasında Xıdır obrazını canlandırmışam. O qədər komedik obrazdır ki, baxan bilir. Yəni oynaya bilərəm. Sizə deyim ki, diplom işim Nicat Kazımovun quruluşunda olan “Beremen musiqiçiləri” adlı komik tamaşa olub. Orada Əlahəzrət  kral obrazını canlandırmışam. Hazırda kinoda və ya serialda komedik rol oynamaq istəmirəm, amma gələcəkdə istəyərəm.

-Ruhunuza hansı daha yaxındır?
-Zamanla məndə dəyişiklik oldu. Əvvəllər komediya oynamağı daha çox sevirdim. Hətta teatrda işləyəndə komedik obrazlara can atırdım. Müəyyən bir dönəmdən sonra ilk dəfə “Bəyaz ölüm” tamaşasında dramatik rolu canlandırdım. Baxanlar bəyəndi. Haqqımda sənətkarların fikri çox müsbət oldu. Beləcə, həm dramatik, həm də komedik rolları oynadım. Ruhuma hər ikisi də yaxındır.

-Həyat sizin üçün nədir?
-Həyat gözəllikdir. Məncə, hər kəs xoşbəxt olmağa layiqdir, xoşbəxt olmalıdır. Bunun üçün insan öz yolunu sadəcə düzgün seçməlidir. İnsan işini sevməli, ailəsinə, ətrafındakı insanlara qayğı ilə yanaşmalı, kin küdurəti özünə yaxın buraxmamalıdır.

-Təcrübəniz sizə nəyi öyrədib?
-Həyatımla bağlı deyim ilk olaraq. Həyatımda ən böyük təcrübə atamdan, ümumən ailəmdən öyrəndiklərim, qazandıqlarımdır. Mənim üçün ən böyük uğur Nazim bəyin oğlu olmaqdır. Sənətdə təcrübələrdən danışdıqda isə ən böyüyü Gəncə Dövlət Dram Teatrında çalışmağım olub. O illər ərzində 14 tamaşada rol almışam. 22 yaşım olanda Elşad Əhmədovun quruluş verdiyi “Şəhrizadın oyunu” adlı tamaşada Şah Şəhriyar obrazını canlandırmışam. Oynadığım rolların hər biri mənim üçün nailiyyət olub. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinə daxil olub dəyərli müəllimlərdən dərs almışam. Bunlardan böyük təcrübə ola bilər?

-Daxili dünyanız...
-Daxili dünyam çox güclüdür. Heç vaxt asan bir işə qaçmamışam, həmişə çətin işin qulpundan tutmuşam. Mənim düşüncəmə görə, çətinliklə əldə olunan uğurlar daha keyfiyyətli və daha yaddaqalan, daha möhtəşəm olur.

-Nə zaman anladınız ki, mən artıq mənəm?
-Elə bir xarakterə malikəm ki, nə zamansa “mən” söyləyəcəyimi ağlıma belə gətirmirəm.  Fikrimcə, nə Əməkdar artist, nə də Xalq artisti adlarını alsam da, yenə “mənəm” demərəm. “Mənəm” demək düzgün deyil. Bu ifadəni heç sevmirəm.

-Zahirən sərt görünürsünüz. Belə sərt olan insan necə sevir?
-Bu cümləni çox eşitmişəm ki, heç də göründüyün kimi deyilsən. Yəni məni tanıdıqdan sonra insanlar fikirlərini bölüşüblər. Bəlkə də, düşünürəm, mənfi rolları canlandırmışam, ona görə insanlar məni başqa cür tanıyıblar, tanıdıqdan sonra yanıldıqlarının fərqində olublar. Bir dəfə metroda bir xanım salam verib mənə dedi ki, qızı niyə bıçaqladın? Özlüyümdə düşündüm ki, yəqin, səhv salıb. Sonra dedi ki, niyə serialda qızı bıçaqladın? Mülayimcəsinə dedim, bu ssenaridir. Sərt baxışla məni sezib söylədi ki, sən mülayim insansan, bir də mənfi rol oynama. Yəni obrazımla daxili dünyam fərqli ola bilər. Mən daxilən başqa bir insanam.

-Sizi sevən çoxdur, ya sevməyən?
-Bu barədə nəsə deməyim düzgün çıxmaz. Müşahidələrim nəticəsində belə qənaətə gələ bilərəm ki, sevənlərim də var, sevməyənlərim də. Hətta sevirmiş kimi özünü göstərənlər də var. Sevdiyini dilə gətirməyənlər də var. Mənə elə gəlir ki, sevənlərim çoxdur, çünki mən insanlara pislik etmirəm.

-Sevgi əbədidir?
-Əgər, həqiqətən də, mövcuddursa, bəli, əbədi ola bilər. Bəzən kimsə kimisə sevir, amma sonradan görür ki, bu sadəcə bağlılıq imiş. Belə olan halda sevginin əbədi olmağından danışmaq olmaz. Mənə görə, Allaha olan sevgi və valideyn sevgisi əbədidir. Bunları heç nə ilə əvəz etmək olmaz.

-Bu günə kimi eşitdiyiniz ən müdrik fikir hansı olub?
-“Danışmaq gümüşdürsə, susmaq qızıldır”. Bu fikri çox sevirəm. Bu deyim dəfələrlə mənim köməyimə çatıb. Bəzən elə anlar olub ki, susmağa üstünlük vermişəm. Sonradan fikirləşəndə isə özlüyümdə söyləmişəm ki, yaxşı ki, susmuşam, çünki danışsaydım, çox şeylər baş verə bilərdi.

-Hazırkı işlərinizdən danışmağınızı istərdim...
-Hazırda gənc və istedadlı rejissor Elvin Rüstəmzadənin quruluş verdiyi, ARB TV-də yayımlanan “Atılmışlar” serialında çəkilirəm. Gələcək işlərimlə bağlı isə dəqiq bir şey fikirləşmirəm. Hələ ki, serialımız davam edir. Uğurlarımız davamlı olsun.

- Çox sağolun ki, dəvətimi qəbul edib gəldiniz.
-Siz sağolun.

Rövşən Tahir


Xəbər xətti