Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılacaq

18:23 - 11 Mart 2020 - KİVDF

Mərkəzi Seçki Komissiyası  isə 18 üzvdən ibarətdir

Milli Məclisin yeni tərkibinin seçilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası da yenidən formalaşdırılacaq. Bu tələb Seçki Məcəlləsinin maddəsində əksini tapıb.  Seçki      Məcəlləsinin 24-cü maddəsi ilə Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası tənzimlənir.  Bu maddəyə əsasən, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli olmalıdırlar.

Beləliklə, yeni seçilən Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasındadır (YAP). MSK-nın 6 üzvünün namizədliyi parlamentdə 70 deputatla təmsil olunan hakim partiya tərəfindən irəli sürüləcək. 6 üzvün namizədliyi yeni parlamentə düşmüş 45 bitərəf deputat tərəfindən veriləcək. Milli Məclisdə azlığı isə 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) təmsil edir. Eyni zamanda Vətəndaş Birliyi Partiyası da bu sırada yer alacaq. Partiyanın sədri Sabir Hacıyev bildirib ki, parlament seçkiləri majoritar qaydada keçirilir və seçkilərə partiyanın namizədlər siyahısından qatılmasa da, öz təşəbbüsü ilə namizədliyini irəli sürərkən partiya mənsubiyyətini göstərib. Bundan öncəki iki çağırışda da partiyanın MSK-nın formalaşmasında iştirak etdiyini söyləyən S. Hacıyevin sədri olduğu partiya MSK-nın yeni tərkibinin formalaşmasında da iştirak edəcək.

Beləliklə, Milli Məclisdə azlığı 8 partiya təmsil edəcək və MSK-nın 6 üzvünün namizədliyini də məhz bu 8 partiya öz aralarında razılaşdıraraq irəli sürəcəklər.
Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları Seçki Məcəlləsinin 27-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının üzvünün, sabiq üzvünün və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.. Mərkəzi Seçki Komissiyasının üzvü Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər (referendum) dövründə ölkə ərazisində gediş-gəliş üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.


Dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasına gəlincə, Seçki Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, dairə seçki komissiyası 9 üzvdən ibarət olmalıdır. dairə seçki komissiyasının üzvləri MSK tərəfindən təyin edilirlər. 30.3-cü maddəyə görə, dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə. Seçki Məcəlləsinin 30.4 maddəsində isə qeyd olunub ki, dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar.

Seçki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir. məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.

36.3 maddədə isə qeyd olunur ki, məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz.

Qeyd edək ki, məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 40 gün qalmış təşkil edilməlidir.

 Məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır. Səsvermə gününə 30 gün qalmış müddətdə məntəqə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Məntəqə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, məntəqə seçki komissiyasının üzvünü tutan orqan dərhal müvafiq rayon prokuroruna və dairə seçki komissiyasına xəbər verir.

Xəbər xətti