QHT-lərin ictimai həmrəyliyin qurulmasında rolu

18:53 - 6 Mart 2020 - KİVDF

Nüşabə Məmmədova: “Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin aktiv mövqe tutması olduqca vacibdir”

Bu gün regionda və ölkəmizdə gərginliyi ilə müşahidə olunan hadisələr təhlil olunur, cərəyan edən proseslərin dövlət,  cəmiyyət üçün xeyirli tərəfləri araşdırılır. Torpaqlarımızın işğaldan azad olunması, eləcə də dünyada baş verən kataklizmlərdən daha az zərərlə çıxmaq əsas hədəflərimizdən biridir və bu, həm də dövlət strukturları ilə ictimai həmrəyliyin qurulmasından keçir. Hazırda Vətəndaş Cəmiyyətləri olan QHT-lərin bu istiqamətdəki rolu maraqla izlənir. Bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”-yə danışan Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova bir çox nüanslara aydınlıq gətirib.

“Ermənistana sanksiyaların tətbiq olunması qaçılmazdır”

Hazırda dünyanın qarşıdurma vəziyyətində olduğu, xüsusilə regionda  gərginliyin artdığı, müharibələrin alovlandığı bir zamanda öz sabitliyini qoruyub saxlayan Azərbaycan sabitlik adası, inkişaf məkanıdır. Bunu Nüşabə xanım bildirib/   “Ölkəmizdə sabit və dinamik inkişaf dövlət siyasətinin, eyni zamanda xalqla iqtidar arasında birliyin  nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatlar, ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Son illərdə ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, məhkəmə sisteminin, həmçinin qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi,  və korrupsiyaya qarşı mübarizə üzrə  Milli Strategiyanın, bir sıra mühüm dövlət proqramlarının, o cümlədən  Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının və digər mühüm əhəmiyyətli qərarların qəbul edilməsi cəmiyyətin  inkişafına yönəlmiş mühüm əhəmiyyətli addımlardandır. Ötən ildə bütün sahələrdə - sosial-iqtisadi, mədəni quruculuq, kadr islahatları və digər sahələrdə aparılan islahatlar ölkədə tam yenilənmə texnologiyasını reallaşdırdı. “Doing Business 2019” Hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu. İnkişaf mühitinə görə ölkəmiz dünya miqyasında 25-ci yerdədir. Bu ölkəmizin son dövrdə əldə etdiyi uğurlarından yalnız biridir.

Lakin uğurlarımızla yanaşı, inkişafımıza əngəl törədən, qarşısını alan məqamlar vardır. 30 ildir Ermənistanın ərazi iddialarının nəticəsi olaraq, xalqımız müharibə şəraitində yaşayır. Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşkəs rejimi pozulur və bundan sərhəd bölgələrində yaşayan dinc sakinlər əziyyət çəkirlər. Ermənilərin artilleriya atəşləri nəticəsində sərhədlərdə günahsız insanlar, qadınlar, uşaqlar öz evlərində, həyətlərində öldürülürlər. Bu gün Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 30 ildir Azərbaycanın işğal olunmuş ərazilərində təbii resurslarından-yeraltı və yerüstü təbii sərvərlərimizdən yaralana bilmirik. Bu hər il dövlətimizin  büdcəsinə gələcək olan milyonlarla dollarlıq vəsaitin itkisi deməkdir.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. 25 ildən çoxdur ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı çağırışlarına məhəl qoymur. Bu onu göstərir ki, işğala və terrora qarşı mübarizədə beynəlxalq qanunlar işləmir. Bu, böyük faciədir. Beynəlxalq qanun və qətnamələri qəbul etməyən ölkələrə, o cümlədən Ermənistana sanksiyaların tətbiq olunması qaçılmazdır. Yalnız bu halda dünyada gündən-günə artan münaqişələrin nisbətən qarşısının alınmasına nail olmaq mümkün ola bilər”.

Nüşabə Məmmədova bildirib ki,  Azərbaycanın dinamik inkişafını, əldə olunan uğurları vətəndaş cəmiyyəti olmadan, vətəndaşların ölkə daxilində gedən ictimai-siyasi, sosial-iqtisadi proseslərdə fəal iştirakı olmadan  təsəvvür etmək mümkün deyil. Bütün proseslərin fonunda vətəndaş amili dayanır. “Azərbaycanda çağdaş dövrümüzdə vətəndaş cəmiyyətinin yaradılması Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə vətəndaş cəmiyyətinin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, ölkədə vətəndaş cəmiyyəti institutlarının yaranması və formalaşması istiqamətində prioritet addımlar atıldı. 1997-ci ildə BMT və Azərbaycan hökuməti arasında “Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” adlı birgə layihənin həyata keçirilməsi haqqında saziş imzalandı. Vətəndaş cəmiyyəti institutlarının institusional inkişafı və praktiki fəaliyyətinin beynəlxalq standartlara doğru istiqamətləndirilməsi müəyyən ictimai-siyasi gərginliklər dövrünü yaşayan Azərbaycan üçün çox mühüm qətiyyətli addım idi. Bu addım, post sovet məkanında qəbul edilmiş ilk tarixi qərar idi. 1999-cu ildə nəzarətsiz və pərakəndə şəkildə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarını (QHT) bir  araya gətirmək məqsədilə Azərbaycan Milli QHT Forumu 95 təşkilatın təsisçiliyi ilə yaradıldı. Bu Azərbaycanda ilk vətəndaş cəmiyyəti koalisiyası idi və ictimai sektoru formalaşdıraraq vətəndaş cəmiyyətinin aparıcı qüvvəsinə çevrilmişdi. Hazırda Azərbaycan Milli QHT Forumu 700-dən çox təşkilatı özündə birləşdirir və 6 rayonda (Şəmkir, Mingəçevir, Şirvan, Quba və Qəbələdə) Regional Resurs və Təlim Mərkəzi (RQRTM), 66 rayonda koordinasiya mərkəzi fəaliyyət göstərən ölkənin həm keyfiyyətcə, həm də kəmiyyətcə ən böyük koalisiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası”nın qəbul olunması və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və digər milli donor qurumlarının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoydu.

Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən QHT-ləri inkişafı yolunda boşluqlar, problemlər də istisna deyil. Hazırda ölkəmizdə üç mindən çox QHT var. Onlardan yalnız təqribən üçdə bir hissəsi aktiv fəaliyyət göstərən təşkilatlardır. Biz Azərbaycan Milli QHT Forumu olaraq, təcrübəli QHT ekspertlərinin iştirakı ilə bir neçə dəfə ictimai dinləmələr keçirdik. Fəaliyyət göstərən QHT-lərin əksəriyyəti maddi-texniki bazalarının olmaması, daimi ofisinin olmaması  və digər bu kimi problemlərlə üz-üzədir. Ölkəmizdə vətəndaş cəmiyyəti sektorun inkişafı üçün bu sahədə inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edərək islahatların aparılmasına, İctimai Faydalılıq Əmsalının müəyyənləşdirilməsinə və digər bu istiqamətdə yeniliklərin tətbiqinə ehtiyac vardır”.

Tahirə Qafarlı

(davamı var)

 

Xəbər xətti