“Yalançı dostların sayı çoxdur”

Nurlan Rüstəmov: “Həyatımı teatra bağlamışam”

“İnsanlığa daha çox inanıram, insanlara inanmaq bir az çətindir. Çünki gözləmədiyin adamdan gözləmədiyin hərəkətlə qarşılaşa bilərsən. O hərəkətlə ki, sən heç vaxt düşünməzsən, bunu sənə qarşı edər. Amma edirlər. Ona görə də insanlığa inanıram”. “Üç nöqtə” qəzetinin qonağı aktyor Nurlan Rüstəmovdur.

-Bir anlıq təsəvvür edək ki, Nurlan gözəgörünməzdir. Bu anda gedəcəyiniz ilk yer hara olar?
-Gözəgörünməz olmaq xarakter məsələsidir. Mən belə düşünürəm. Həqiqətən də, Nurlanın xarakterində gözəgörünməzlik var. Bu sırf insanlardan ayrı düşmək, kənarda qalmaq kimi yozulmasın. Suala istək aspektindən yanaşsam, mən o halda gözəgörünməz olmaq istəyərəm ki, hansısa bir tamaşanı oynadığım zaman gözəgörünməz olum və özümü tamaşaçıların arasından izləyim.

-Nəyi unutmaq istəyirsiniz?
-Hər bir insanın həyatında unutmaq istədiyi xoşagəlməz məqamlar var. Düzdür, hər bir uğursuzluqdan insan dərs alır, özü üçün nəticələr çıxarır, amma yenə də unutmaq istədiyim bəzi uğursuzluqlarım var. Bax o pərt olduğum anları unutmaq istəyərəm. Demirəm ki, çox olub, amma müəyyən qədər olub. Bir də həyat enişli-yoxuşludur, uğursuzluqlarla da üz-üzə qalmalıyıq.

-Deməli, yaşadıqlarınız sizə təcrübə verir?
-Təcrübəm daha çox xarakterimdən asılıdır. Belə bir deyim var, həyatda olan şeylərin 5 faizi hadisələrdən, 95 faizi isə bizim ona verdiyimiz reaksiyalardan asılıdır. Bir az öncə qeyd etdim, uğursuzluqlardan insan dərs alır. Eləcə də yaşadıqlarımızdan biz nələrsə qazanırıq. Ona görə də verdiyimiz o reaksiyalar nəticəsində bizim təcrübəmiz zənginləşir.

-Həyat, doğrudanmı, “2 vur 2 bərabərdir 4” kimidir?
-Artıq 13 ildir ki, teatrda çalışıram. Sənətimiz sırf insanları, onların psixologiyasını öyrənməklə bağlıdır. Olduqca maraqlı prosesdir. Biz teatrda özümüzü ifadə edirik, bu müddətdə isə “2 vur 2-ni 5” edə bilirik. Hətta 6-da edə bilirik. Müxtəlif janrlarda tamaşalarımız var. Bu tamaşalar nəyin nəticəsidir? O “2 vur 2 bərabərdir 4” aksiomundan kənara çıxmağın.

-Niyə məhz pantomima?
-Uşaqlıqdan belə bir xasiyyətim var, ünsiyyətə meyilli olmamaq. Amma ünsiyyət qurduğum adamlarla çox yaxın dostam. Ümumiyyətlə, mənim bədən dili ilə ifadə etmək imkanlarım daha genişdir. Teatrımızda sözlü tamaşalarımızın olmasına baxmayaraq bədən dili ilə ifadə olunan tamaşalarımız üstünlük təşkil edir. Bədii rəhbərimizin bir cümləsi var: “Söz yarandı, ona görə ki, yalan danışaq, bədən dili isə heç vaxt aldatmır”. Həqiqətən də, bədən üzvləri ilə yalan danışmaq olmur, amma söz vasitəsilə rahat şəkildə olur.

-Yaşam qanunlarınız nədir?
-Həyatımın üçdə iki hissəsini mən teatrda oluram. Teatrda aktyoram, evdə isə bir övladam, atayam. İnsanlıq və həyat haqqında nə düşünürəmsə, teatrda onu göstərirəm. Mənə elə gəlir ki, həyat qanunlarım da elə teatrda formalaşır. Teatr məni insan kimi yetişdirir, insanları tanıyan insan kimi yetişdirir.

-Hər şeyi düzgün edim, ya düzgün şeyləri edim?
-Belə fikirləşirəm ki, çox şey tərbiyədən, dünyagörüşündən, oxuduqlarımızdan asılıdır. Bunlar bizi nəyin düz olub-olmamağına istiqamətləndirir. İndiyə qədər heç kimi incitməmişəm. Kimisə də bilməyərəkdən incitmişəmsə, üzr istəmişəm. Üzr istəməyin özü bir dəyərdir. Çalışıram ki, hər şeyi düzgün edim.

-Səhvlərinizi doğrularınız sanırsınız?
-Əsl aktyor bilir nəyi necə etmək lazımdır. Peşəkar aktyoru həvəskarlardan fərqləndirən cəhətlərdən biri də budur. Səhv edərkən düşünürəm ki, bunları niyə etdim, məni buna nə vadar etdi? Bu suallarla üz-üzə qalıram. İndinin özündə belə səhvlərim olur. Çünki mən hələ öyrənirəm. Səhvlərimi analiz etməyi bacaran insanam. Ona görə təhlil edirəm ki, onları bir daha təkrar etməyim. Səhvlərim olanda onların heç birini heç bir əsasda doğrularım saymıram.

-Varlığı ilə içinizdə yer edən insanlar çoxdurmu?
-İndiki dövrdə yalançı dostların sayı çoxdur. Buna görə də çox az dostum var. Mənə yaxın olan insanlar mənim iş yoldaşlarımdır, ailəmdir ki, fikirlərimi onlarla bölüşürəm. Ən yaxın olanlar onlardır. Onlarla yanaşı digər dostlarım da var. Ürəyimdə olan, sözün əsl mənasında dəyər verdiyim insanlar həddindən artıq azdır. Bu da ondan irəli gəlir ki, mən insanları tanıyıram. Biz-aktyorlar insanı görəndə onun gülərkən necə güləcəyini, ağlayarkən necə ağlayacağını və digər məqamları təyin edirik.

-Fikrinizcə, insanlar daha çox qiymət verməyi bacarır, ya yox?
-Əlimizdə olan dəyərli şeyləri dərk etməliyik. Mənə elə gəlir, ətrafımda olan insanlar da mənim kimi əlində olanların dəyərini bilir və qiymətləndirir.

-Özünüzü anlaya bilirsiniz?
-Özümü anlamaq çox çətindir. Həddindən artıq çox çətindir. Hərdən elə qəribə tamaşalar hazırlanır ki, orada canlandırdığım obrazı özümün oynadığını dərk edə bilmirəm. Yaxud hərdən elə bir tamaşa hazırlayıram ki, düşünürəm, bu mənim beynimin məhsuludur? Özümü teatrda bir aktyor kimi anlayıram, evdə bir insan kimi də anlayıram, amma dünyada kim olduğunu anlamaq çox çətindir.

-İnsanlar sizi tez-tez başa düşürlər?
-Qarşındakı insanla onun səni anlayacağı dildə danışmaq lazımdır. Əgər mən bir insanla məni başa düşməyəcək, anlamayacaq dildə danışacamsa, ondan heç cavab belə gözləməyə dəyməz. Axı o, məni anlamır. Ona görə hansı cavabı gözləyim? Buna görə də çalışıram, hər bir insanla məni anlayacağı dildə ünsiyyət qurum.

-Çoxluğun səhvi ya sizin düzünüz?
-Əslində öz düzündən imtina edib, onu ikinci plana atmaq həddindən artıq çətindir. Çünki təkəbbürü içində sındırmalısan və öyrənməlisən. Mənim üçün çox çətin olsa da, “mən”imi içimdə boğub öz düzümü ikinci plana ata bilirəm. Düzdür, onu itirmirəm, amma ikinci planda saxlayıram.

-Doğrunu deyib insanlar tərəfindən çoxmu cəza almısınız?
Doğrunu bildiyim halda çox zaman özümdə gizlədirəm, ifadə etmirəm. Söhbət teatrdan getmir, həyatdan gedir. Həyatda doğru bildiklərimi ifadə etmirəm.

-Həyatda sizi təəccübləndirəcək bir şey var indiki vaxtda ?
-İnsanlar. Mənim bütün işim insanları öyrənmək olduğundan məni də yalnız onlar təəccübləndirə bilər. Ümumiyyətlə, insanların reaksiyaları o qədər fərqlidir ki, onları öyrənib qurtarmaq olmur. Yəni biz desək ki, filankəs bizi təəccübləndirə bilməz, bu doğru olmaz. Ondan ötrü ki, həmin adam elə reaksiya verər, elə hərəkət edər ki, həqiqətən də, təəccüblə qarşılayarsan.

-Verilənə şükür edirsiniz, ya daha çox şey istəyirsiniz?
-Bayaqda dedim, çalışmaq lazımdır ki, əldə olan şeylərin dəyərini biləsən. Bu baxımdan şükür etməyi bacaran insanam. Heç kimdən heç nə istəmirəm, çalışıram istədiklərimə özüm nail olum. Suala belə cavab verim, şükür etməyi bacarıram, lakin başqa şeylərə doğru da addımlayıram.

-Hazırkı Nurlan olmaq üçün qurbanlar vermisiniz?
-Bir şeyi qazanmaq istəyirsənsə, mütləq digər şeyi itirməlisən. Bu mənə görə belədir. 13 ildir, həyatımı teatra bağlamışam. Orada əldə etdiklərimə havadan nail olmamışam, illərimi vermişəm. Nə yaxşı ki də, vermişəm. Verdiyim illərə görə isə qətiyyən peşman deyiləm.

-Baş verən hansısa bir şey sizi kimdənsə qoparanda nə baş verir?
-Hər şeyi analiz edirəm. Düşünürəm, bu ayrılıq niyə baş verdi, hansı səbəblərə görə oldu? Bu düşüncələr xəyal uydurmağa qədər gedib çıxa bilər. Ki, biz bir də görüşsək, necə, hansı formada görüşəcəyik? Biz harada rastlaşa, harada rastlaşmaya bilərik?

-Xasiyyətinizdə sevdiyiniz və sevmədiyiniz nələr var?
-Qəribə də olsa, xasiyyətimdə həm sevdiyim, həm də sevmədiyim bir şey var. Belə eşitmişəm ki, mən yol gedəndə insanlar mənə yaxınlaşmaqdan çəkinirlər. Elə bilirlər ki, xaraktercə ciddi biriyəm. Amma qətiyyən belə deyil, mülayim insanam.

-İnsanlara inanırsız, yoxsa insanlığa?
-İnsanlığa daha çox inanıram, insanlara inanmaq bir az çətindir. Çünki gözləmədiyin adamdan gözləmədiyin hərəkətlə qarşılaşa bilərsən. O hərəkətlə ki, sən heç vaxt düşünməzsən, bunu sənə qarşı edər. Amma edirlər. Ona görə də insanlığa inanıram.

Rövşən Tahir

Müsahibədə yaratdığı şəraitə görə “Azərkitab” Kitab Mərkəzinə təşəkkür edirik.
Əlaqə nömrələri: +99450 260 90 20, +99412 530 22 33
Ünvan: Akim Abbasov küç., 78 (Lider Tv-nin yanı, Yasamal parkı ilə üzbəüz)

Tarix
22 Fevral 2020 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-22 14:09:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin