Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapılıb -Foto

00:30 - 22 Fevral 2020 - Xəbər

Sumqayıtda restoran yaxınlığında əl qumbarası tapılıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, fevralın 21-i saat 18:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən “Bakı” restoranın yaxınlığında əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 15 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti