“Borçalı” ictimai birliyi fəaliyyətə başladı

16:53 - 21 Fevral 2020 - Xəbər

“Borçalı” ictimai birliyi bu il yanvarın 22-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yenidən rəsmi dövlət reyestrindən keçib.

 Yeni fəaliyyətin icrasına başlaması münasibətlə fevralın 20-də “Borçalı” ictimai birliyinin İdarə Heyətinin ilk iclası keçirilib. İclasda Birliyin ictimai sektorda fəaliyyətinin gücləndirilməsi və perspektiv işlər, Gürcüstandakı soydaşlarımızla mədəni, sosial əlaqələrəin vəziyyəti müzakirə olunub. Bölgədə əhsil sahəsindəki problemlər, habelə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimlərin kütləvi şəkildə işdən getmələrinin səbəbləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, təhsillə bağlı soydaşlarımızın üzləşdikləri bu kimi neqativ hallar Borçalının taleyində milli-mənəvi dəyərlərin aşınması və digər problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də bu məsələ ilı bağlı ictimai müzakirələri davam etdirmək, Azərbaycan və Gürcüstanın müvafiq orqanlarının birgə təşəbbüs göstərmələri yönündə qurum öz təkliflərlərini hazırlamağı qərara alıb.

Qeyd edək ki, “Borçalı” ictimai birliyi (əvvəlki adı - “Borçalı” cəmiyyəti) 1993-cü il martın 31-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 340 saylı qeydiyyat nömrəsi ilə rəsmi dövlət qeydiyyatına alınıb. 2017-ci ildə Ümumi Yığıncağın qərarı ilə Borçalı əsilli tanınmış ziyalılardan - Şərif Kərimli (Birliyin sədri), Dəyanət Osmanlı (sədr müavini), Teymur İlyaslı (Ağsaqqallar Şurasının sədri), Azadə Hüseynova (Qadınlar Şurasının sədri), Pünhan Əfəndiyev, Razim Məmmədli, Rəşid Faxralı, Asif Hacıyev, Cümşüd İbrahimov, Vahid Ömərov və Müsəllim Həkimovdan ibarət İdarə Heyəti seçilib. Ancaq çoxsaylı Birlik üzvlərinin bu qərarı ilə hesablaşmayan həmtəsisçilərdən biri - Ayvaz Ayvazovun (Eyvaz Borçalı) destruktiv əməlləri nəticəsində Birlik iki ildən artıq idi ki, məhkəmə çəkişmələrinə cəlb olunmuşdu və təbii ki, heç bir fəaliyyət göstərə bilmirdi. Artıq bütün maneələr dəf olunub və 2019-cu ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Ümumi Yığıncağın sözügedən qərarı təsdiq edilmişdir. Birliyin əsas fəaliyyət istiqaməti Gürcüstanda yaşayan soydaşlarımızla sosial və mədəni əlaqələrin gücləndirilməsidir.
Bu münasibətlə Azərbaycanda yaşayan bütün Borçalı əsilli həmyerlilərimizi və Gürcüstandakı soydaşlarımızı təbrik edirik!
“Borçalı” ictimai birliyinin mətbuat xidməti

Xəbər xətti