Əmək hüququ hüququn aparıcı sahələrindən biridir

18:04 - 6 Fevral 2020 - KİVDF

 O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır

 Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi ilə Əmək hüququ tənzimlənir.  Bu maddəyə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var və heç kəs zorla işlədilə bilməz. Maddənin 4-cü bəndində bildirilir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. İşçi ilə yazılı formada əmək müqaviləsi bağlandıqdan sonra və bu müqavilə elektron informasiya sistemində ("Elektron hökumət" portalı - https://www.e-gov.az) qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Bundan başqa, işçi ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, əmək müqaviləsinin kimlərlə bağlanmalı olması Əmək Məcəlləsinin 4-cü və 5-ci maddələrində geniş bəhs olunub. 4-cü maddəyə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.

5-ci maddədə isə qeyd olunub ki, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Göründüyü kimi əmək müqaviləsi bütün iş yerlərində tətbiq olunur.

Əmək Məcəlləsinin 6-cı maddəsində isə Məcəllənin şamil edilmədiyi şəxslər göstərilib. Bura hərbi qulluqçular, məhkəmə hakimləri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və bələdiyyələrə seçilmiş şəxslə,  xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilər, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslər aiddir.

Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir.

Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Əmək münasibətlərində 2 tərəf iştirak edir: işçi və işəgötürən. Onlar arasında olan münasibətlər əvəzlidir. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir. Bu cür münasibətlərə əmək münasibətləri ilə sıxsürətdə bağlı olan digər münasibətlər deyilir.

Qeyd edək ki, əmək münasibətlərində ayrı-seçkiliyin yolverilmir və bu Əmək Məcəlləsinin 16-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə göstərilir ki, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.

Bildirilir ki, qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Əgər əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verərsə. işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyırlar.. Ayrı-seçkiliyə məruz qalan işçi isə pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ var.

Əmək münasibətləri ilə bilavasitə bağlı olan digər münasibətlər əmək münsibətindən asılı olub, onlardan törəyir.

Xəbər xətti