“Onların üzərindən xətt çəkmişəm”- Cövdət Şükürov

18:17 - 1 Fevral 2020 - Mədəniyyət

Cövdət Şükürov: “Hədəflərim çoxdur”

“Mən ittiham etməyi sevmirəm. Kiməsə qarşı məhkəmə qurum, onu ittiham kürsüsünə əyləşdirim, bunlar mənə yaddır. Kimdənsə nəsə zərbə görəndə onunla sakitcə sağollaşıram. Bu sakitlik üzdə olur, amma daxilimdə çılğın bir hisslər özünü göstərir həmin insana qarşı. İçimdə ittiham edirəm o kimsəni, amma bunu həyatda heç vaxt etmirəm”. “Üç nöqtə” qəzetinin qonağı aktyor Cövdət Şükürovdur.

-Nə zamansa özünüzü unudulan insan kimi hiss etmisiniz?
-Unudulan deməyək. Çünki, mən öndə olmağa can atmıram ki, deyəm, nə zamansa unuduldum. Mənim populyar olmaq kimi bir iddiam da yoxdur. Mən sadəcə sevdiyim işi görürəm. Bu işdə, təbii ki, unudulmaq da var, sevilmək də. Mən heç bir zaman fikir verməmişəm ki, unudulmuşam ya yox. Ona görə də deyə bilmərəm.

-Bəs şəxsi həyatda necə?
-Düşünürəm ki, onda da unudulmaram. Niyə? Çünki, kiminsə həyatının dərin qatında yer almış nəyisə və kimisə unutmaq olmur. Heç kim belə bir halda nəyisə və kimisə unuda bilmir. Mən də bu zamana qədər həyatlarında yer aldığım insanlar tərəfindən unudulmadığımı düşünürəm.

-Üzərindən xətt çəkdiyiniz insanlar çoxmu olub?
-O qədər olub ki. Müəyyən səbəblərə görə onları həyatımdan çıxarmışam. Ya yaxşı dost olmağına, ya da başqa bir kriteriyalar olub ki, mən onların üzərindən xətt çəkmişəm. Heç indi onları xatırlamıram. Unutmaq dediniz bax mən unuda bilirəm.

-Xəyalınızda olmayan şeylər çoxmu gerçəkləşib?
-Xeyr. Belə bir şey olmayıb ki, xatırlayım. Mən xəyalları sevən insanam. Hər şeyi xəyal edirəm. Onlar da zamanla yavaş-yavaş reallaşır. Xəyallarımın sayı həddindən artıqdır. Gecə yatanda belə nələrisə xəyal edirəm.

-Cövdət Şükürova həyatda nə toxunur?
-Çox qəliz suallar verirsiniz. Mənə nə toxunur? Mən düzgünlüyü və ədalati sevən insanam. Kimliyindən asılı olmayaraq hər kəsə qarşı ədalətli olmağı sevirəm. Ədalətsizlik və yalan, bunların ikisi də mənə həyatda toxunan məqamlardır.

-İttiham etdiyiniz kimsə olub?
-Mən ittiham etməyi sevmirəm. Kiməsə qarşı məhkəmə qurum, onu ittiham kürsüsünə əyləşdirim, bunlar mənə yaddır. Kimdənsə nəsə zərbə görəndə onunla sakitcə sağollaşıram. Bu sakitlik üzdə olur, amma daxilimdə çılğın bir hisslər özünü göstərir həmin insana qarşı. İçimdə ittiham edirəm o kimsəni, amma bunu həyatda heç vaxt etmirəm.

-Kənardan özündənrazı bir təsir bağışlayırsınız...
-Bilmirəm, nədən irəli gəlir, amma belə görsənirəm. Lovğalıq mənim bir qoruyucum rolunu oynayır. Sevmədiyim insanlardan, sanki, bu yolla qorunuram. Amma məni tanıyanlar, dostlarım necə səmimi bir insan olduğumu bilirlər.

-Ağladığınız anlar olubmu?
-Olub. Ən çox ağladığım anlar atamı itirdiyim zaman olub. O itkidən sonra mən bir tərəfdən gücləndim, digər tərəfdən isə daha da zəiflədim. Güclü oldum, ona görə ki, həyatın məsuliyyətini tam şəkildə çiyinlərimə aldım.

-Dediniz ki, zəif oldum. Varmı zəif cəhətləriniz?
-Duyğusallığım mənim zəif cəhətimdir. Kimsə mənim qarşımda azacıq kövrəlsin, mən pis olaram. Küsülü olduğum insan belə gəlib yanımda kövrəlib üzr istəsə bağışlayaram. Düzdür, hər şey əvvəlki kimi olmayacaq, amma bağışlayaram.

-Özünü qaranlıq dalanda hiss etdiyiniz anlar olurmu?
-Çox olur. Qaranlıq dalanlar o qədər olur ki. Bu qaranlıq dalanlarla son zamanlar tez-tez rastlaşıram. Həyatın çətinlikləri məni bu dalanlara doğru aparır. Bu çətinliklərin səbəbləri çoxdur. Övladlarıma görə narahatam. Onların layiqli övlad kimi böyüməsini istəyirəm.

-Övladlardan söz düşmüşkən belə bir sual verim. Necə atasınız?
-Düşünürəm ki, yaxşı atayam. Övladlarım mənim zəif yerimdir. Onlara görə heç vaxt etmədiyim şeyləri edə bilərəm. Həyatda qalma səbəblərimdən biridir.

-Deyirlər ki, sevgi insanı hansısa səhvlərdən saxlayır. Bu fikirlə razısınız?
-Mən bu fikrin əksini düşünürəm. Sevgi insanı səhvlərə sürükləyir. Ümumiyyətlə, sevgini burada bölmək istəyərdim. Əgər övlad, valideyn sevgisindən söhbət gedirsə, bəli, o, insanı müəyyən səhvlərdən qoruyur. Amma əks cinsə qarşı olan hisslərdən və sevgidən gedirsə, bu fikirlə razı deyiləm.

-Yaraşıqlı bəysiniz. Sosial şəbəkələrdə sevgi yazanlar olurmu?
-Yazanlar olur. Amma mən “yox” cavabını verirəm. Mənə fanat kimi yazanlara sevərək cavab da verirəm. Deyim ki, hər zaman hər kəsi cavablandırıram, bu düz olmaz. Vaxtım olanda qarşıma çıxan mesaja cavab yazıram.

-İncəsənət aləmində ayağınızdan çəkənlər olubmu?
-İstəyiblər, amma alınmayıb. Əlləri çatmayıb. Adlarını söyləmirəm, özləri biləcəklər. Ümumən bir şeyi bilirəm, Allahın qaldırdığını kimsə endirə, Allahın endirdiyini isə kimsə qaldıra bilməz.

-Cəzasız günahlarınız çoxdur, ya hamısının cəzasını çəkmisiniz?
-Çəkmişəm. Günahlarım, onların cəzaları haqqında danışmayacam. Bunlar mənə qalsın. Bəlkə, bir gün deyərəm, amma bugün istəmirəm. Söz verirəm, nə zaman demək istəsəm, sizə zəng vuracam ki, söyləməyə hazıram.

-Nə zaman darıxırsınız?
-Bəzən qayğıya ehtiyacım olur, bəzənsə tək qalmaq istəyirəm. Bax o tək qaldığım zaman darıxıram. Həmin qayğı üçün. Bu qayğını əzizlərimdən görmək istəyirəm. Mən tək qalmağı sevən insanam.

-Hansısa bir rolu canlandıranda özünüzdən nələrisə o rola yansıdırsınız?
-Çox olur. Demək olar ki, oynadığım rollara özümdən nələrisə qatıram. Bu mütləqdir. Bəzən isə senari o qədər uğursuz olur ki, məcburən ondan çıxmalı oluruq.

-Sənətlə bağlı inkişaf nə yerdədir?
-Bir ara sənətdən bezmişdim. Çünki, qeyri-peşəkar adamların sayı o qədər idi ki. Amma sənətə olan sevgi məni saxladı. Yerində olmayan insanlar bu sahədən uzaq olsa, o qədər yaxşı olar ki.

-Hədəfləriniz nədir?
-Sənətdə elə bir hədəflərim yoxdur. Həyatda isə hədəflərim çoxdur. Onların reallaşmasını arzulayıram. Həyat hədəflərimi də açıqlaya bilmərəm. Reallaşdıqca görəcəksiniz.

-Teatr aktyoru ya kino?
-Əlbəttə ki, kino. Mənim ruhuma kino yaxındır. Teatrda özümü tam tapa bilmirəm. Teatrda bir aydan, iki aydan bir oynayaram, amma hər gün oynayıb o tozu uda bilmərəm. Teatrı o qədər sevmirəm. Cümlələrimi teatr aktyorları yalnış anlamasınlar. Onu demək istəyirəm ki, kino mənə daha doğmadır.

Rövşən Tahir

Xəbər xətti