Təranə Səmədova: “Kimisə götürüb sıfırdan başlamaq niyyətində deyiləm”

21:51 - 27 Yanvar 2020 - Xəbər

“Əvvəlki kimi şou-biznesdə pul yoxdur. Müəyyən müğənnilər var ki, onlar qaz vurub, qazan doldurur”.

Bu sözləri məşhur prodüser Təranə Səmədova ATV-də yayımlanan “Aldanmış hisslər” serialının təqdimat mərasimi zamanı Ucnoqta.az-a açıqlamasında deyib:
“Mənə hamı söyləyir ki, Təranə nə üçün heç bir müğənni ilə əvvəlki kimi çalışmırsan ? Mənsə deyirəm ki, pul qazanan müğənnilərin öz ətrafı var, onlar artıq komandalarını formalaşdırıblar. Bu komanda isə yalnız yaxın adamlardan ibarətdir. Digər müğənnilər isə pul qazana bilmir. Onlarla necə işləyim ? Mən artıq kimisə götürüb sıfırdan başlamaq niyyətində deyiləm”.

Müğənnilərin bir qismini fəaliyyətsizlikdə günahlandıran Səmədova onların artıq şou-biznesdə gündəmdə olmadıqlarını vurğuladı:
“Almaz Ələsgərova, Rəşad İlyasov kimi əməkdar artistlərimiz haradadır ? Onların şəxsiyyətinə və sənətinə hörmət edirəm, amma faktdır ki, bu gün onlar şou-biznesdə aktual deyillər”.

İş təkliflərinə açıq olduğunu dilə gətirən Təranə Səmədova Oxu.az saytının müxbiri Rəşad Əliyevin “Aysun İsmayılzadə sizə desə ki, mənimlə işləyin, çalışarsınızmı ?” sualını da cavabsız qoymayıb:
“Aysun İsmayılzadə ilə işləməklə bağlı nə “hə” deyə bilərəm, nə də “yox”. Deyir, “heç vaxt, heç vaxt” demə. Ona görə də Aysunun prodüsseri olmaqla bağlı konkret bir şey deyə bilmərəm”.

Sonda onu da əlavə edək ki, Təranə xanım yeni yayımlanan serialın baş prodüsseridir.

Rövşən Tahir

Xəbər xətti