Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

15:53 - 21 Yanvar 2020 - Xəbər

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq, Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.


Xəbər xətti