“Muğam oxuyanda, sanki, Allaha bağlanıram”

11:19 - 19 Yanvar 2020 - Mədəniyyət

Kamilə Nəbiyeva: “Çox həssas insanam”

“Qalmaqalla qətiyyən aram yoxdur.  Kimsə haqqımda nəsə deyəndə belə çalışıram, kar olum. Bax bu vaxta qədər toyumu da əlimdən alan olub, amma mən ona belə heç nə etməmişəm. Heç cavab da verməmişəm. Özü bilsin, Allahı bilsin. Vaxt insan üçün qızıldan qiymətlidir. Boş söhbətlərə vaxtımı sərf etmək istəmirəm”. “Üç nöqtə” qəzetinin qonağı xanənda Kamilə Nəbiyevadır.

-Yaşamaq və yaratmaq həvəsi...
-Məncə hər bir istedadı olan insan yaratmaq üçün yaşayır, yaşamaq üçün də yaradır. Mən də o insanlardanam ki, yaşayıb yaratmaq istəyirəm. Ürəyim də o qədər musiqilər, o qədər nəğmələr var ki. Əgər sən musiqi sənətindəsənsə, mütləq ki, yaradıcılıqla məşğul olmalısan. Çalışmaq lazımdır ki, yalnız sənətlə gündəmdə olasan.

-Kamilə xanım, muğam sizin üçün nə deməkdir?
-Muğam başqa bir aləmdir. Muğamımızı çox sevirəm. Onu sevdiyim üçün də bu sənətə gəlmişəm. Muğamı oxuyub onu ifa etmək heç də asan bir iş deyil. Muğam incəlikləri sevir. Əgər kimsə muğamın içərsinə daxil olmayıb, onu duymayıb oxusa, inanın ki, boğazdan yuxarı oxuyacaq. Muğamı ürəkdən hiss etməlisən, duymalısan. Səmimi deyirəm, muğam oxuyanda, sanki, Allaha bağlanıram. Elə bundan irəli gəlir ki, mən əlimi göyə açıb muğam ifa edirəm. Əlimi açanda elə hiss edirəm ki, Allahdan mənə eşq gəlir. Bu, həqiqətən, belədir.

-“Muğamlarımız bizim xalqın pasportudur”. Bu cümlə sizə kimi xatırladır?
-Düzünü deyim ki, xatırlamadım. Kimə məxsusdur, zəhmət olmasa deyə bilərsiniz, kim söyləyib ? (Atasının dediyini bildirirəm) Əgər atam belə bir cümlə deyibsə, əllərindən öpürəm. Sağ olsun ki, bu cümlə ilə muğama sevgisini hərtərəfli bildirib. Atam həmişə deyir ki, harda olursansa, ol, muğamlarımızı layiqincə təmsil elə, mükəmməl oxu.

-Atanıza çox bağlı insansınız?
-Allah bütün valideynlərə can sağlığı versin. Ata da, ana da həmişə övladının xoş günlərini istəyir. Övlad da, həmçinin. Anamı da çox sevirəm, amma atam mənim üçün başqa bir dünyadır. Mənim üçün bu dünyada hər kəs bir yana, atam isə başqa bir yanadır. Atamla həm dostam, həm də sirdaş. Bu gün sənətdə nələrisə edirəmsə, onları atama görə edirəm.

-İnsan həyatına kənardan baxanda onu dəyişən amilləri görür. Sizi bu sahəyə gətirib həyatınızı dəyişən nələr oldu və var?
-Dəyişən o oldu ki, balaca bir qızın arzuları reallaşdı. Heç vaxt inanmazdım ki, sənətdə nələrəsə nail olaram. Amma demək ki, olarmış. 2011-ci il muğam müsabiqəsindən sonra mənim həyatım dəyişdi. Yeni-yeni qapılar açıldı və mən professional səhnədə yer almağa başladım.

-Əminəm ki, yorğun olduğunuz məqamlar da olur. Bəs bu zaman ruhunuzu nə oxşayır? Yenə də muğam?
-Muğamdan yorulmuram. Musiqidən yorulmaq hissi məndən uzaqdır. Düzdür, bəzən elə olur ki, toyda istədiyin musiqini oxumursan, amma bu o demək deyil ki, yoruluram. Onda da gəlirəm evə, ürəyim istəyəni oxuyuram və ruhum dincəlir. Yəni bəli, mənim ruhumu musiqi dincəldir.

-Heç olubmu ki, toyda mahnı sifariş versinlər, sözlərini bilməyəsiniz ?
-Hər kəs hər şeyi bilə bilməz. Mənim də bilmədiyim mahnılar olub. Amma bilməsəm də, tez onu tapıb ifa etmişəm.

-“Baxışınla sevirəm de”. Necə oldu ki, mahnı bəstələməyə qərar verdiniz?
-Həmişə demişəm, özümü bəstəkar hesab etmirəm. Sadəcə içimdən gələn hissləri ortaya qoydum. O mahnının tarixçəsini danışacam, necə oldu, yarandı. Heç zaman belə bir şey edəcəyim ağlıma gəlməzdi. Mahnı gecə saat 4-5 radələrində yaranıb. Sözləri Mahirə xanım Nağıqızına məxsusdur. Onun evinə getmişdim, kitabını mənə hədiyyə elədi. Gəldim evə, kitabı vərəqlədim. Birdən qarşıma bu şeir çıxdı və mənə çox təsir elədi. Şeiri musiqi üzərində oxudum və diktafonu açıb səsimi yazdım. Nə oxudumsa, yazdım, yatdım. Səhər oyandım, bir də dinlədim, gördüm ki, yox, əməllicə mahnıdır. Zəng etdim, aranjimançı Vüsal Ömərova ki, belə bir mahnı var. Dedi, gətir, baxım. Apardım, baxdı və möhtəşəm olduğunu söylədi. Beləcə, mahnı ərsəyə gəldi.

-Maddiyyat arxasınca qaçan sənətçilərdənsiniz?
-Tam səmimi deyim ki, xeyr. Olub ki, toyumdan imtina edib hansısa dövlət tədbirinə getmişəm. Özü də dəfələrlə. Nazirlikdən zəng vurub deyiblər ki, filan gündə tədbirdə olmalısan, demişəm, baş üstə. Düzdür, maddiyyat da lazımdır. Biz müğənnilər toydan qazanırıq. Amma söhbət dövlət tədbirindən gedirsə, qoy mən nəyisə qazanmayım.

-Muğam sferasından dostunuz varmı ?
-Tam olaraq evimin içinə daxil olan, gəlib-gedən Günay İmamverdiyevadır. Onunla muğam müsabiqəsindən bir yerdəyik. Düzdür, ətraf çoxdur, amma dost sandığım, güvəndiyim Günaydır. Oğlanlardan isə Mirələm Mirələmovdur.

-Qalmaqala meyil edən ya ondan qaçan birisiniz ?
-Mənim qalmaqalla qətiyyən aram yoxdur.  Kimsə haqqımda nəsə deyəndə belə çalışıram, kar olum. Bax bu vaxta qədər toyumu da əlimdən alan olub, amma mən ona belə heç nə etməmişəm. Heç cavab da verməmişəm. Özü bilsin, Allahı bilsin. Vaxt insan üçün qızıldan qiymətlidir. Boş söhbətlərə vaxtımı sərf etmək istəmirəm.

-Ev işləri ilə aranız necədir ?
-Bacarıram. Evdə ən çox sevdiyim yer isə mətbəxdir. Digər işləri bacarsam da, sevmirəm. Paltar ütüləyim, qab yuyum, ya evin tozunu alım, bunlarla aram yoxdur. Nə istəyirsiniz, bişirim, qəşəng süfrə hazırlayım, bax bu işlərin vurğunuyam.

-Özünüzü nəyə görə qınamısınız?
-Özümü ən çox səbirsiz olduğum üçün qınayıram. Hansısa bir işdə tez qərar verə, səbirsiz hərəkət edə bilərəm. Amma sonra evə gəlib, güzgünün qarşısında durub özümü danlayıram ki, səbirsiz olma, Kamilə. Ən çox qınağım odur.

-Kamilə xanımı həyatda nə qane etmir?
-Həyatımda hər şey normaldır. Allahımdan razıyam. Allahıma min şükür. Elə bir şey yoxdur ki, məni qane etməsin. Atam yanımda, anam yanımda, əlim, ayağım var, Allah mənə səs verib, niyə axı qane olmayım ? Əgər bugün nələrəsə sahib deyiləmsə, zamanla onlar da olacaq. Sadəcə səbr etmək lazımdır.

-Bəzi qadınlar ona ətir, çiçək, digərləri geyimlər, hətta avtomobil kimi bahalı hədiyyələri sevirlər. Siz necə hədiyyə xoşlayırsınız ?
-Hədiyyə xoşlayıram, amma hədiyyə verməyi ondan da çox xoşlayıram. Hansı qadın hədiyyəni sevməz ki ? Mən də qadın olduğum üçün hədiyyələrə dəyər verirəm. Amma tanımadığım insandan hədiyyə qəbul etmərəm. Nə mənada ? Kimsə zəng etsin ki, sənə hədiyyə verəcəm, deyərəm, çox sağolun, amma qəbul edə bilmərəm. Belə el şənliklərində, toylarda verənlər var, onlardan qəbul edirəm. Tanımadıqlarım deyəndə onları nəzərdə tutmuram.

-Həssas birisiniz?
-Çox həssas insanam. Atamla bağlı isə həddindən artıq həssasam. Onunla bağlı olan istənilən bir mövzu məni kövrəldir. Hərdən düşünürəm ki, görəsən, o, olmasa, mən nə edərəm ? Düzdür, deyillər, ölənlə ölmək olmur. Allah atamın ölümünü gecindən etsin. Doğmalarını itirən kəslərə baxıb fikirləşirəm ki, onlar nə acılar çəkir.

-Bəs bu qədər həssas olmaq çətinlik yaratmır?
-Həssaslıq yaxşı bir şey deyil. Nəyisə beynimə salıram və onu hərtərəfli təhlil edirəm. Yaxşı, pis məqamlaradək hər şeyi incəliyirəm. Bütün bunlar, əlbəttə, çətinlik yaradır.

-Kamilə xanım, sonuncu sualımı verim. Kişi xanəndələrimizdən kiminlə duet oxumaq istəyərsiniz ?
-Ən böyük arzum Alim müəllimlə oxumaqdır. Düzdür, onunla Amerikada gəzintidə olarkən birlikdə oxumuşuq, amma professional səhnədə olmayıb. Çox istəyirəm ki, gələcəkdə hansısa bir proyektimi onunla birlikdə edim. Allah arzuma çatdırsın.

Rövşən Tahir


Xəbər xətti